AZ

İT üzrə ən yüksək kadr hazırlığı hansı universitetdədir? - Ekspert təhlili

 

 

84d0ed3e2d8972fae0ba93e79465f9fe.jpg
23.05.2020 10:59

Ölkədə karantin vəziyyətinin elan olunması İT yönümlü ixtisaslar üzrə keyfiyyətli tədrisə tələbatı daha da artırıb. Dövrün aktual sahələrindən olan İT üzrə kadr hazırlığı Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində aparılır.

 

Maraqlıdır, İT yönümlü ixtisasların tədris keyfiyyəti hansı universitetdə daha yüksəkdir? Bu sahə üzrə biliklərə yiyələnmək istəyən abituriyent ballarına uyğun hansı ali təhsil müəssisəsinə üstünlük verməlidir?

 

Mövzu ilə bağlı TED.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, kompüter elmləri, informasiya texnologiyaları, sistem mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisasları nəinki bu günün, eyni zamanda gələcəyin ixtisaslarıdır: "Yaxşı İT mütəxəssisi üçün sərhəd məvhumu yoxdur. Hazırda beynəlxalq arenada karyera quran azərbaycanlıların yarısından çoxu bu ixtisasın sahibləridir.Azərbaycanda da bu mütəxəssislərə tələb hər il artır. Kompüter ixtisaslarını müxtəlif proqram və kurslarda hər nə qədər öyrənmək mümkün olsa da, sistemli təhsil üçün universitet mühiti vacibdir. Abuturiyentlər bu ixtisasın bakalavr pilləsini Azərbaycanın bir sıra ali təhsil müəssisələrində xarici universitetlərdən geri qalmayacaq səviyyədə oxuya bilirlər. Xüsusilə son illərdə kompüter olimpiyadalarının rəqibsiz birincilərini çıxaran Bakı Mühəndislik Universitetini tövsiyə edərdim. Buranın elektron universitet olması ilə yanaşı, kompüter mühəndislərinin ixtiyarına ona yaxın ixtisas laboratoriyaları verilib. Pedaqoji heyət sahəsinin mütəxəssisləridir və tədris proqramı ən qabaqcıl universitetlərlə oxşardır. Eyni zamanda bu il “2019-2023-cü illər üzrə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Cənubi Koreyanın İnha Universiteti ilə dörd ikili diplom proqramından biri də İnformasiya texnologiyaları ixtisasıdır. Dövlət sifarişi ilə oxuna biləcək bu proqrama qəbul bu il başlayır". 

 

 

Ekspert bildirib ki, eyni zamanda son illərdə ADA universitetinin kompüter ixtisaslarındakı ikili diplom proqramları da abuturiyentlər üçün faydalı olardı: "Bundan əlavə, BANM  ADNSU  və Xəzər Universiteti də bu ixtisaslar üzrə mükəmməl təhsil verirlər. ADA-da big data mərkəzi kimi bir neçə kompüter mühəndislik tələbələrinin təcrübə keçəcəyi yerlər var. Buranın müəllim  heyetinin əksəriyyəti xaricdə təhsil alıb. BANM-ın avantajı isə odur ki, qəbul olunan tələbələr daha yüksək ballıdır. Hər iki universitetin müsbət yönləri var. Sadaladığım universitetlərdə İngilis dilindəki proqramların keçid balı 550-600-dən yuxarıdır. Bakı Mühəndislik Universitetinin 2020/2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu planına daha bir vacib ixtisas əlavə olunub. Qəbul planında təsdiqlənən yeni ixtisaslar sırasında İnformasiya təhlükəsizliyi də var. Dövrün internet əsri olduğunu, kiberterrorçuların fərdlər, dövlət qurumları və böyük şirkətləri hədəfə almaq üçün sonsuz imkanlar qazandığını nəzərə alsaq, bu ixtisasın əhəmiyyəti daha da artar".

 

Təhsil eksperti Adil Vəliyev isə bildirib ki, ölkəmizdə Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Milli Aviasiya Akademiyası və bu kimi bir neçə universitetdə mühəndislik sahəsində bəzi ixtisaslara üstünlük verilir: "Bu ixtisasların da bəzilərinə əmək bazarında daha çox ehtiyac var. İT də belələrindəndir. Əvvəla, abituriyent İT üzrə təhsil almaq istəyirsə, riyaziyyat və informatikaya xüsusi marağı olmalıdır. Bu ixtisasın tədrisində proqram təminatı, informasiya sistemləri təhlükəsizliyi kimi sahələr öyrədilir. Azərbaycanda İT ixtisası üzrə tələbə qəbul edən kifayət qədər universitet olsa da, onlara  ADA və Bakı Mühəndislik Universiteti başçılıq edir. Çünki hazırda İT, kompüter mühəndisliyi və digər bu kimi ixtisaslar üçün gərək olan həm maddi - texniki baza, həm də sahə üzrə xaricdə təhsil almış müəllimlər məhz bu universitetlərdə var". 

 

 

Ekspert bildirib ki, buna baxmayaraq, abituriyentlər seçimlərində ADNSU, Milli Aviasiya Akademiyası kimi ali təhsil müəssisələrini də yaza bilərlər: "Son zamanlar cənab Prezidentin ali təhsil ocaqlarının rəhbərlərində etdiyi dəyişikliklərin müsbət nəticəsini göstərdiyini nəzərə alaraq,  yaxın illərdə mühəndislik təhsili sahəsində rəqabətin artacağına inanıram".

 

Adil müəllim onu da vurğulayıb ki, İT üzrə ödənişli ixtisaslara keçid balı hər ilə görə dəyişir: "Bildiyiniz kimi, ixtisasların keçid balları abituriyentlərin qəbul göstəriciləri məlum olduqdan sonra həmin ixtisasa olan tələb nəzərə alınaraq hesablanır. Ancaq istənilən halda, İT üzrə ödənişli oxumaq istəyən 300, ödənişsiz əsaslarla təhsil almaq istəyən isə minimum 500 bal toplamalıdır".

 

Lamiyə SÜLEYMANLI

 

Elm bölməsindən digər xəbərlər

Daha çox