AZ

Rektor postpandemiya dövründə distant tədrisdən danışdı: "Mütəxəssislər təhsilin qarışıq formasını uyğun görür"

 

95e3fb143bf6ce74930312f539d8f746.jpg
05.08.2020 15:20

"Koronavirusla bağlı vəziyyət normallaşsa belə, təhsilin qarışıq forması əksər mütəxəssislər tərəfindən daha uyğun görünür".

 

TED.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov şəxsi Feysbuk hesabında deyib. O, distant təhsillə bağlı fikirlərinə hələ iyunun 16-da Prezident İlham Əliyevin Microsoft şirkətinin vitse-prezidenti Filip Roqla  görüşü zamanı distant təhsil barədə sitatları ilə başlayıb:

 

"Prezident İlham Əliyevin sözlərinə görə, "pandemiya ilə əlaqədar vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır”".

 

Rektor qeyd edib ki, distant təhsilin bu və ya digər formada, dərəcədə tətbiqi artıq müzakirə predmeti deyil: "Təhsilin pandemiyadan əvvəlki formada bərpası geriyə atılmış bir addım kimi qiymətləndirilməklə yanaşı, həm də arzuolunan deyil. Covid 19-la bağlı vəziyyət normallaşsa belə, təhsilin qarışıq forması əksər mütəxəssislər tərəfindən daha uyğun görünür. Düşünürük ki, bu ən doğru yanaşmadır. Distant təhsilin qanunvericilik bazası yaradılmalıdır. Bu prosesin uzun vaxt tələb etdiyini nəzərə alaraq müvəqqəti qaydalar qəbul edilə bilər və yeni təhsil forması olan distant təhsillə bağlı qərarların ən yaxşı təcrübələr əsasında qəbul edilməsinin, bu prosesin operativliyinin həlledici olduğunu nəzərə alaraq müvafiq infrastruktura malik olan universitetlərə distant təhsillə bağlı müəyyən dövr üçün sərbəst qərarlar vermək səlahiyyəti verilə bilər. Mövcud vəziyyət nəzərə alınaraq tələbələrə təhsil kreditlərinin verilməsi məsələsinin həlli xüsusilə aktuallaşıb. Bu məsələ mövcud vəsaitlər çərçiəsində həll oluna və təhsil kreditləri üzrə faizin subsidiyalaşdırılması məsələsinə baxıla bilər".

 

Ə.Muradovun fikrincə, distant təhsil Kütləvi Açıq On-line Kursların (MOOC) universitetlərin tədris sisteminə inteqrasiyasını qaçılmaz etməklə, bunu həm də asanlaşdırır: "Bununla bağlı bütün məsələlərə aydınlıq gətirilməlidir. Əks təqdirdə ölkə universitetlərində ciddi problemlər qaçılmaz görünür. Bununla yanaşı, nüfuzlu xarici universitetlə ikili diplom proqramlarının distant formada təşkili asanlaşır. Bununla bağlı müvafiq problemlər həllini tapmalıdır. Növbəti tədris ilindən dərslərin hansı formada  təşkil ediləcəyi məsələsinə ən qısa vaxda aydınlıq gətirilməlidir. Növbəti dərs ilinə hazırlıq baxımından bu çox vacibdir. Məlumdur ki, artıq Harvard universiteti növbəti tədris ilinin bütövlükdə, Cambridge və Massachusetts universitetləri isə növbəti tədris ilinin ilk semestrinin distant olacağına dair qərar verib. Distant təhsil baxımdan çox vacib olan Universitetlərarası Elektron kitabxana şəbəkəsi yaradılmalıdır".

 

O, həmçinin vurğulayıb ki, distant təhsilə rəsmi qəbul həyata keçirmək üçün vaxt itirmək arzuolunan deyil: "Bu, hazırkı vəziyyətdə distant təhsillə bağlı pilot layihəyə ehtiyac qalmadığı üçün keyfiyyətli distant təhsil modeli qurulması baxımından önəmlidir. Distant təhsilin bərabərsizliyi gücləndirə biləcəyi diqqətdə saxlanmalı və zəruri önləyici addımlar atılmalıdır. Bu təhsilə keçid həm də işlərin uzaqdan, on-line təşkil edilməsini tələb edir. Ona görə də, onlayn, elektron formada verilən sənədlərin müvafiq təşkilatlar tərəfindən qəbul edilməsi məsələsinin həlli tələb olunur".

 

Elm bölməsindən digər xəbərlər

Daha çox