GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakıda üç günlük GameTech Bootcamp 2026 başa çatıb. İntensiv proqram çərçivəsində developerlər, sahibkarlar, texnologiya mütəxəssisləri və gaming sənayesinin yeni nəsil nümayəndələri bir araya gəlib. Üç gün ərzində iştirakçılar öz məhsulları və texnoloji həlləri üzərində çalışıb, təlim sessiyalarında iştirak edib, ekspertlərdən məsləhətlər alıb və layihələrini münsiflər heyətinə təqdim ediblər.
Layihə Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) və oyun sənayesi üçün kommersiya həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan beynəlxalq Xsolla şirkətinin strateji dəstəyi ilə həyata keçirilib. Layihənin təşkilatçıları Starnest və GDG Baku olub.
Bu il proqrama maraq yüksək olub: GameTech Bootcamp 2026-da iştirak üçün 90-dan çox komanda və 270-dən çox şəxs müraciət edib. Müsabiqə əsasında aparılan seçim nəticəsində 15 komanda proqramda iştirak etmək üçün seçilib. Üç gün ərzində komandalar layihələrinin inkişafı və final təqdimatlarına hazırlıq üzərində çalışıblar.
İdeyadan hazır həllə
GameTech Bootcamp 2026 birbaşa videooyunların yaradılmasına deyil, oyun sənayesi üçün məhsulların, xidmətlərin və texnoloji həllərin hazırlanmasına yönəlib. Bu format iştirakçılara gaming sahəsinə daha geniş texnoloji ekosistem kimi yanaşmağa imkan verib. Bu ekosistemə müxtəlif alətlər, xidmətlər, infrastruktur, biznes həlləri və bazarın aktual ehtiyaclarına cavab verə biləcək digər məhsullar daxildir.
Bootcamp çərçivəsində komandalar problemin təhlili və ideyanın formalaşdırılmasından başlayaraq öz həllərinin hazırlanması və təqdimatına qədər intensiv üç günlük proses keçiblər. İştirakçılar komandalar şəklində çalışıb, rolları bölüşdürüb, hədəf auditoriyanı dəqiqləşdirib, məhsul və biznes modelləri üzərində işləyib, həmçinin öz həlləri üçün MVP və ya prototiplər hazırlayıblar.
Proqramın təlim hissəsi ekspertlərlə praktiki işlə tamamlanıb. İştirakçılar inkişafın müxtəlif mərhələlərində layihələri ilə bağlı rəy alıb, öz hipotezlərini yoxlayıb və əldə etdikləri tövsiyələr əsasında layihələrini təkmilləşdiriblər.
$16,000 mükafat fondu
Final təqdimatlarının nəticələrinə əsasən münsiflər heyəti dörd qalib komandanı müəyyən edib. GameTech Bootcamp 2026-nın ümumi mükafat fondu $16,000 təşkil edib.
$10,000 məbləğində əsas mükafat Best Project nominasiyasının qalibi olan TinyTamers komandasına təqdim edilib.
Daha üç komanda isə hər biri $2,000 olmaqla mükafat qazanıb:
GitHub Star nominasiyasında Cayxana komandası $2,000 mükafat əldə edib.
Best Idea nominasiyasında Obsidian komandası $2,000 mükafat əldə edib.
Best Code nominasiyasında isə UNECom komandası $2,000 mükafatın sahibi olub.
Hər bir komanda layihəsinin müəyyən güclü tərəfinə görə fərqlənib — ideyadan və texniki icradan tutmuş məhsulun ümumi konsepsiyasına qədər.
GameTech ekosisteminin inkişafı üçün platforma
GameTech Bootcamp 2026 regionda gaming və texnologiya ekosisteminin inkişafına yönəlmiş daha geniş fəaliyyətin bir hissəsidir. Proqram həm yeni başlayan, həm də təcrübəli mütəxəssislərə texniki bacarıqlarını inkişaf etdirməklə yanaşı, oyun sənayesinin real ehtiyaclarını daha yaxşı anlamaq, məhsul yanaşması üzərində işləmək və ideyaları potensial olaraq həyat qabiliyyətli layihələrə çevirmək imkanı yaratmaq məqsədi daşıyıb.
Bootcamp iştirakçılar üçün həmçinin sənayenin digər mütəxəssisləri ilə tanış olmaq, təcrübə və bilik mübadiləsi aparmaq və yeni peşəkar əlaqələr qurmaq imkanı yaradıb.
Layihənin tərəfdaşları
Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) — ölkənin rəqəmsal transformasiya strategiyasının, innovasiyaların, texnoloji sahibkarlığın və insan kapitalının inkişafının həyata keçirilməsinə cavabdeh dövlət qurumudur. IDDA-nın GameTech Bootcamp-ə dəstəyi layihənin müasir rəqəmsal iqtisadiyyatın inkişafı və informasiya texnologiyaları və süni intellekt sahəsində yeni nəsil mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətini vurğulayır.
Xsolla — videooyunların hazırlanması, nəşri, monetizasiyası və miqyaslandırılması üçün kompleks həllər təqdim edən beynəlxalq texnologiya şirkətidir. Dünyanın müxtəlif ölkələrində minlərlə oyun studiyası və nəşriyyat şirkəti ilə çalışan Xsolla developerlərə layihələrini qlobal bazara çıxarmağa kömək edir. Şirkət 2024-cü ildən etibarən Azərbaycanda da fəaliyyət göstərir, regionda mövcudluğunu genişləndirir və yerli oyun sənayesinin və texnologiya icmasının inkişafını dəstəkləyir. GameTech Bootcamp çərçivəsində Xsolla layihənin beynəlxalq tərəfdaşı qismində çıxış edərək ekspert dəstəyi, beynəlxalq mentorlar və GameTech sənayesinin qlobal təcrübəsinə çıxış imkanları təqdim edib.
Starnest — developerləri, startapları və texnologiya komandalarını dəstəkləmək məqsədilə yaradılmış innovativ texnologiya mərkəzi və GameTech ekosisteminin inkişaf platformasıdır. Starnest peşəkar icmanın, təhsil təşəbbüslərinin və akselerasiya proqramlarının inkişafına töhfə verir, istedadların ideyalarını tələb olunan məhsullara çevirməsinə və beynəlxalq oyun sənayesinə inteqrasiya olunmasına dəstək göstərir.
Google Developer Groups (GDG) Baku — Azərbaycanda Google-un rəsmi developer icmasıdır və mühəndisləri, tələbələri, tədqiqatçıları və texnologiya həvəskarlarını bir araya gətirir. GDG Baku konfranslar, meetuplar, hackathonlar və təhsil proqramları vasitəsilə yerli IT icmasının inkişafına fəal şəkildə töhfə verir, müasir texnologiyaları, açıq mənbə proqram təminatını və bilik mübadiləsi mədəniyyətini təşviq edir.



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


























