AZ

İP TV nə vaxt qanunsuz sayılır? - "Çanaq və analoq antenalar sıradan çıxacaq"

 

18776dabce2a497fc819f8d59a0d382b.jpg
09.09.2020 12:48

1956-cı ildə Azərbaycan Televiziyası vasitəsilə gerçəkləşdirilən ilk yayımdan sonra bu sahədə xeyli dəyişikliklər baş verib. Texnologiyanın imkanları sayəsində artıq alternativ olaraq İP TV yayımları da mümkündür.

 

Bəs İP TV nədir? Ondan istifadə nə vaxt  qanunsuz hesab edilir?

 

Mövzu ilə bağlı TED.az-a danışan İKT üzrə ekspert Kamil Məmmədov bildirib ki, İP TV internet üzərindən televiziya kanallarının izlənilməsidir: "TV kanallar adətən üç formada yayımlanır: köhnə antenalar vasitəsilə yayımlanan analoq, çanaq antenalarla peykdən birbaşa dalğaların qəbulu yolu ilə gerçəkləşdirilən rəqəmsal yayım və yeni nəsil İP TV. Bir çox internet provayderlərin təqdim etdiyi həm internet, həm də telefon paketləri var. Bunların üzərindən TV kanallarını da izləmək mümkündür".

 

Onun sözlərinə görə, əslində İP TV-nin hansısa qanunsuz tərəfi yoxdur: "Azərbaycanda TV xidməti verən provayderlərin çoxu ümumi kanalların siyahısı, dalğası və kanalların axınını teleqüllədən götürərək ölkə ərazisinə yayımlayırlar. İnternet protokol üzərindən yayımlanan telekanallar da var. Hansısa  TV xidməti verən provayderdən başqa, insanlar özləri də fərdi təşəbbüs və bacarıqları ilə İP TV kanalı yığıb izləyə bilərlər".

 

 

İKT eksperti burada yalnız bir qanunsuz məqamın olduğunu vurğulayıb: "Ödənişli xidmət təqdim edən bəzi telekanallar var. Onların şifrəsinin hakerlər tərəfindən "sındırılaraq" baxılması qanunsuz hal hesab edilir. Bu, kiminsə zəhmətinin oğurlanması deməkdir. Amma digər hallarda TV kanallar çoxlu izləyici qazanmaqda maraqlıdırlar. Çünki bu,  kanalın reytinqini yüksəldir. Əsas gəlir mənbəyi reklamlardır və çox izləyiciyə sahib kanalda qiymətlər daha yüksək olur. İP, analoq və ya rəqəmsal yayım fərq etməz, izənilmə kanal üçün yalnız müsbət haldır. Bu sadəcə TV-nin yayımlanma tipidir".

 

 

"Əslində, İP TV gələcəyin texnologiyasıdır. Düşünürəm ki, bir müddət sonra çanaq və analoq antenalar sıradan çıxacaq. Əlavə avadanlıqların quraşdırılması, dam və eyvanlarda artıq yerin tutulması, həmçinin İP TV-də görüntü keyfiyyətinin daha yüksək olması gələcəkdə şəbəkə üzərindən paylanan bütün sistemlərin köhnə sistemləri əvəzləyəcəyini söyləməyə əsas verir. Bir müddət sonra hər ev, ofis və iaşə obyektlərində artıq bir şəbəkə üzərindən gələn internet, TV və telefon xidmətləri yer alacaq"deyə Kamil Məmmədov bildirib.

 

Günel QURBANOVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox