AZ

Universitetlərə daxil olanların sənəd qəbulu BU CÜR həyata keçiriləcək

 

ecc8c4d9ba9888432a5a4979e1616b98.jpg
24.09.2020 10:16

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri artıq məlum olub. Ölkədəki sanitar – epidemioloji vəziyyət isə universitetə qəbul olunanların sənədlərini heç yerə getmədən onlayn göndərməsini tələb edir. 

 

Maraqlıdır, Azərbaycan universitetləri onlayn qeydiyyat istiqamətində nə kimi işlər görüblər?

 

Mövzu ilə bağlı Bakı Ali Neft Məktəbindən (BANM) TED.az-a bildirilib ki, universitet abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ilə bağlı rəsmi qərar açıqlandıqdan sonra prosesi uyğun təşkil etməyə hazırdır: “Magistratura pilləsi üzrə də proses onlayn həyata keçirilib. Bunun üçün Bakı Ali Neft Məktəbinin rəsmi internet saytında müvafiq bölmə yaradılıb. Kifayət qədər sadələşdirilmiş sistem üzərindən qeydiyyat üçün tələb olunan sənədlərin skan versiyasını təqdim etmək və onlayn qeydiyyat formasını doldurmaq kifayətdir. Bunu üçün rəsmi internet resurus üzərindən sınaqdan keçirilmiş sistem mövcuddur. Qeydiyyat prosesi fiziki, yaxud onlayn olmasından asılı olmayaraq, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun müvafiq əmri ilə, bu prosesi həyata keçirəcək məsul şəxslər də təyin olunub. Hər iki halda əməkdaşlarımız qeydiyyat zamanı abituriyentlərə bütün metodiki və texniki dəstəyi göstərməyə hazırdırlar”.

 

Azərbaycan Dillər Universitetindən (ADU) isə qeydiyyatın onlayn şəkildə “Google” formalarla aparılacağı bildirilib: “Hər fakültə üzrə qeyd edilən formalar təqdim olunacaq. Universitetə qəbul olunanlar həmin formaları müvafiq qaydada doldurub sənədi göndərəcəklər. Bu prosesdə hər fakültə üçün təyin olunan ayrıca əməkdaşlar olacaq. Həmin əməkdaşlar sənədləri hazırlayacaq, ümumi prosesdə abituriyentlərə kömək göstərəcəklər”.

 

Azərbaycan Dövlət İqtisad Universitetindən qeyd edilib ki, (UNEC) onlayn qeydiyyatla bağlı qərar tələbə və müəllim kentingentinin sağlamlığı naminə verilib: “3398 abituriyentin onlayn qeydiyyatı nəzərdə tutulub. Bundan əlavə, Maliyyə İqtisad Kollecinə 545, Sosial İqtisad Kollecinə isə 345 abituriyentin onlayn qeydiyyatı aparılacaq. Abituriyentlər prosesi şəxsən həyata keçirməli, dəqiq məlumatlar və aktiv elektron poçt daxil etməlidirlər. Abituriyent şəxsi kabinetə “qeydiyyat bitdi” bildirişi göndərilənə qədər prosesi izləməlidir. Universitetə qəbul olunan şəxs hansısa sənədi oxunaqlı şəkildə daxil etmədikdə sistem onu geri göndərir və yenidən yollamasını tələb edir. Sistemdə çətinliklə üzləşənlər universitetin Feysbuk hesabına yazaraq, həmçinin telefon vasitəsilə əlaqə saxlayaraq kömək ala bilərlər”. 

 

Azərbaycan Texniki Universitetindən (AzTU) prosesin AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmə üzərindən keçiriləcəyini vurğulayıblar: “Qeydiyyatdan keçmiş abituriyent üçün şəxsi kabinet açılacaq və sənədlər onlayn təqdim ediləcək.  Bu sistemi, magistraturaya qəbul olan bakalavrların sənədlərinin qəbulu zamanı da təcrübədən keçirmişik. Sistem çox rahat işləyir. Universitetə gəlməkdə çətinlik çəkənlər üçün sənəd qəbulunun onlayn aparılması həm də vaxt itkisinin qarşısını alır”.

 

Bakı Dövlət Universitetindən də artıq magistratura təhsil səviyyəsi üçün onlayn qeydiyyatla bağlı təcrübəsi olduğu xatırladılıb: “2020/2021-ci tədris ili üzrə universitetə qəbul olunanların qeydiyyatının onlayn aparılması üçün BDU-nun bütün imkanları mövcuddur”.

 

Bakı Mühəndislik Universitetini (BMU) seçən abituriyentlərin qeydiyyatı da onlayn aparılacaq: “Bu barədə tarixlər dəqiqləşdikdən sonra universitetin saytında (beu.edu.az) elan yerləşdiriləcək və detallar barədə ictimaiyyətə ətraflı məlumatlar veriləcək. Abituriyentlər qeydiyyat üçün tələb olunan məlumatları universitetə gəlmədən BMU-nun saytında (beu.edu.az) keçid vasitəsi ilə rahat formada “google form” platformasına daxil edəcəklər. Mövcud pandemiya vəziyyəti ilə əlaqədar bu tədris ilində BMU-ya magistraturaya qəbul olunanların qeydiyyatı onlayn həyata keçirilib və artıq proses yekunlaşıb. Yəni bu sahədə ilkin təcrübə var və qeydiyyat zamanı hər hansı ciddi problem yaşanmayıb”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də 2020/2021-ci tədris ili üzrə I kursa daxil olanların sənəd qəbulu onlayn həyata keçiriləcək: “Abituriyentlər AzMİU-nun rəsmi səhifəsinə (azmiu.edu.az) daxil olaraq, aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: azmiuqebul2020 Tələbə adını qazananlar 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək müraciət edə bilərlər. Bu əlaqə vasitələri sənəd qəbulu üçün qeydiyyat başlandığı gündən həftə içi I-V günlər 09:00-18:00-dək (nahar fasiləsi 13:00-14:00) tələbələrin xidmətində olacaq: 012- 538 94 63, ranacabrayilova83@ gmail.com”

Lamiyə SÜLEYMANLI

Elm bölməsindən digər xəbərlər

Daha çox