AZ

Nəqliyyatda təmassız ödəmə texnologiyalarının tətbiqini necə inkişaf etdiririk?

d93a506cf0506b959a604e42f58b0a19.jpg
26.11.2020 17:20

Bir çox sahələrdə olduğu kimi nəqliyyat sahəsində də İKT-nin tətbiqi, smart sistemlərdən istifadə bu günümüz üçün vacibdir. Bəzi ölkələrdə ictimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün təmassız ödəniş kartları, NFC texnologiyasını dəstəkləyən cihazlarından (smartfonlar, “ağıllı” saatlar, üzüklər və s.)  geniş  istifadə olunur. Ölkəmizdə də bu istiqamətdə addımlar atılır, pilot layihələr həyata keçirilir.

 

Şamaxı modeli

 

Ölkəmizdə bu sahədə ilk pilot layihəyə Şamaxı şəhərində başlanıldı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə bu şəhərdə sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu layihəyə start verildi. Şəhərdaxili avtobuslarda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırıldı. Geniş imkanlara malik bu sistem NFC texnologiyası, QR kodla ödəmə, sosial kateqoriyalar üzrə xüsusi endirim, ödənişlərə real vaxt rejimində nəzarət kimi funksionallıqları özündə birləşdirir.

 

Sistem istənilən bank kartını dəstəkləyir. Vətəndaşın bank kartı olmadığı halda bu xidmətdən istifadə üçün “Azər-Türk Bank” ASC-nin təqdim etdiyi Prepaid bank kartlarından yararlana bilər. Bu kartları təkcə ictimai nəqliyyatda deyil, həmçinin digər ödənişlər (kommunal xərclər, mağazada alış-veriş və s.) üçün də istifadə etmək mümkündür.

 

Bu layihə üçün Azərbaycan, rus və ingilis dillərində, Artırılmış Reallıq texnologiyasına əsaslanan xüsusi mobil tətbiq də hazırlanıb. Tətbiqin köməyi ilə Şamaxı şəhərinin turizm obyektləri, tarixi məkanları haqqında məlumat almaq, marşrut xəttini müəyyənləşdirmək olacaq.

 

Dəmir yolu nəqliyyatında sınaqlar

 

Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı ölkəmizin dəmir yollarında ilk dəfə olaraq sərnişinlərin gediş haqlarını bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atdı.

 

Təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin testlərinə başlanıldı. Sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq. İlkin mərhələdə ödənişlər yalnız Azərbaycan Beynəlxalq Bankının Visa təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək.

 

 

Sumqayıt modeli

 

Daha bir innovativ təşəbbüs Paşa Bankdan gəldi. Visa  və "Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıq çərçivəsində Sumqayıt şəhərində ictimai nəqliyyatda gediş haqqının təmassız ödəniş kartları və NFC cihazları ilə ödəmə sistemi təqdim edildi.

 

Hazırda Sumqayıt şəhərinin 9 saylı marşrut üzrə hərəkət edən şəhər avtobuslarında xüsusi ödəniş terminalları quraşdırılıb. Sumqayıt sakinləri ictimai nəqliyyatda gediş haqqını istənilən təmassız bank kartı və NFC texnologiyasını dəstəkləyən cihazlar ilə indi daha rahat ödəyə bilər.  Bank kartları olmayan sərnişinlər üçün isə PAŞA Bankın yeni Visa Nəqliyyat kartları buraxılıb. Həmin kartları avtobus dayancaqlarındakı köşklərdən əldə etmək, kart balansını isə E-manat və ya MilliÖn ödəmə terminalları vasitəsilə artırmaq mümkündür. 

 

 

Ekspertlər nə düşünür?

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı TED.az-a bildirdi ki, bu layihələr İnformasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə məqsədini daşıyır: "Qeyd edim ki, bu yeni texnologiyanın quraşdırılması kifayət qədər xərc tələb edir. Bu layihələrin Bakı şəhərində tətbiqini də sürətləndirməliyik. Müasir ödəniş texnologiyaları üzrə dünya təcrübəsini öyrənmək və tətbiq etməkdə fayda var. Beynəlxalq təcrübəni nəzərə alınmaqla ölkə üzrə vahid sistemə keçilməlidir. İndi insanların cibində 5 kart gəzdirməyə maraqları yoxdur. Şəxsən mənim üçün bu, diskomfort yaradır. Hətta milyonlarla insan mənim kimi düşünür. Bundan əlavə, ictimai nəqliyyat dedikdə Nərimanovda avtobusa minib Səbail rayonunda düşmək nəzərdə tutulmur. İctimai nəqliyyat həm də şəhərlərarası avtobuslara, taksilərə deyilir. Gələcəkdə tramvay, trolleybus məsələsi gündəmdədir və təmassız ödəniş sistemləri onlarda da tətbiq edilməlidir."

 

Gələcəyə baxış 

 

İKT üzrə jurnalist-ekspert Rəşad Cəfərov bildirdi ki, nəqliyyatda yeni sistemlərin tətbiqi vətəndaş məmnunluğunu təmin etmək, həmçinin, ölkənin texnoloji infrastrukturunu gücləndirmək baxımından müstəsna əhəmiyyətə malikdir: "Bu cür layihələrin tətbiqi fiziki təması azaltmaq, vətəndaş məmnunluğunu artırmaqla bərabər, həmçinin ağıllı şəhər layihəsinin inkişafına da dəstək verir. Artıq ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələrin şahidi oluruq. Bütün bunlar göstərir ki, smart həllərin nəqliyyat sahəsinə tətbiqi işi ölkəmizdə mərhələli olaraq həyata keçirilir və gələcəkdə bütün ölkə üzrə nəqliyyatda təmassız ödənişə keçid baş verəcək. Ali baş komandanımızın və müzəffər ordumuzun sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu. Cənab Prezident nəqliyyat infrastrukturu ilə bağlı bir neçə sərəncam imzalayıb - Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamlar və digər tapşırıqlar. Bu ərazilərin turizm imkanları da çox genişdir. Fikrimcə, işğaldan azad olunan ərazilərimizdə tətbiq üçün dəyərli nümunələrimiz artıq var. Bu ərazilərdə nəqliyyat infrastrukturunun qurulması işlərində bu sistemlərin tətbiqi əvvəlcədən nəzərə alınsa olduqca yaxşı olar".

 

Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi sərnişinlərin rahatlığına xidmət edəcək, gediş haqlarının çox asan, sürətli və təhlükəsiz şəkildə ödənişinə imkan yaradacaq.

 

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox