AZ

Türkiyə HHQ-yə təhvil verilən ilk T-70 helikopteri niyə bənövşəyi rəngdədir? – ARAŞDIRMA

38bef9043f1d7f6f97051f19f030d930.png
23.01.2023 14:57

Xəbər verdiyimiz kimi, keçən həftə Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) ilk T-70 helikopteri təhvil verilib. Təhvil verilən helikopterin bənövşəyi rəngdə olması diqqət çəkib.

 

Helikopterlərdə adətən kamuflyaj və ya boz boyaya üstünlük verən Türkiyə HHQ-nin T-70 üçün hazırkı rəngə üstünlük verməsi sosial mediada müzakirələrə səbəb olub.

 

İlk əvvəl iddia edilirdi ki, Türkiyə HHQ-nin T-70 üçün seçdiyi ilk rəng əslində indiki rəngdən fərqli olub, lakin üstünlük verilən rəng üçün bəzi təchizat problemləri yaranıb. Ancaq Hərbi Hava Qüvvələrinin bu rəngə üstünlük verməsinin başqa bir səbəbi var...

 

İnfraqırmızı izlərin azaldılması hədəflənir

 

“SavunmaSanayiST” nəşrinin əldə etdiyi məlumata görə, bənövşəyi rəngdə olan T-70 Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının 135-ci eskadriliyası tərəfindən “Combat SAR” missiyalarında istifadə ediləcək. Yəni, döyüş meydanına enmək məcburiyyətində qalan uçuş heyətinin xilas edilməsi ilə bağlı missiyalar yerinə yetiriləcək.

 

Bu cür missiyalardakı helikopterlər düşmən təmas xəttinin yaxınlığında və ya hətta daxilində uçduqları üçün onların müxtəlif RF və İQ ilə idarə olunan hava hücumundan müdafiə raketləri, xüsusən də çiyindən buraxılan hava hücumundan müdafiə raketləri (MANPADS) ilə hədəfə alınma riski daha yüksəkdir. Bunun üçün helikopterin infraqırmızı (İQ) və radar (RF) izi mümkün qədər azaldılmalıdır.

 

Türkiyə HHQ-nin T-70-lərində bu məqsədlə bəzi əlavə sistemlərdən istifadə edilir. İlk növbədə helikopterin qeyri-adi rəngi böyük marağa səbəb olub. Bu, tünd göy və bənövşəyi arasında yerləşən rəng helikopterin infraqırmızı (İQ) izini əhəmiyyətli dərəcədə azaldır. Bəli, “qara” və ya “yaşıl” helikopter daha yaxşı görünə bilər, lakin onların infraqırmızı izləri daha yüksəkdir.

 

İkinci bir fərq, ilk təhvil verilən T-70-lərdə görünməyən və Hərbi Hava Qüvvələrinin T-70-lərində aydın görünən mühərriklərin çıxışlarında yerləşən infraqırmızı izlərin qarşısını alan sistemlərdir. Bu sistemlər İQ izinin əhəmiyyətli dərəcədə azaldılmasını təmin edir. Bundan əlavə, helikopterlər ciddi radioelektron mübarizə və əks-tədbir kompleksi ilə təchiz ediləcək.

 

HH-60W “Whiskey” helikopterlərində də istifadə edilir

 

ABŞ Hərbi Hava Qüvvələri bu yaxınlarda “Combat SAR” missiyalarında istifadə ediləcək HH-60W “Whiskey” helikopterini alıb. Bu helikopterlərdə də S-70-lərdə müşahidə edilən IR izini azaltmaq üçün bəzi oxşar əlavə avadanlıqlardan istifadə edilib.

 

Bundan əlavə, RF izini azaltmaq üçün 135-ci eskadriliya T-70-də istifadə edilən boyanın RAM (Radar Absorbing Material – radar udan maddə) xüsusiyyətinə sahib olub-olmadığı hələ də məlum deyil. Bundan əlavə, Türkiyə Hərbi Hava Qüvvələrinə birdən çox T-70 helikopteri veriləcək. Bunların hamısı 135-ci eskadriliyaya verilməyəcək. Ona görə də təslim ediləcək digər T-70-lərdə fərqli rəngləri görmə ehtimalımız var.

 

Qısaca, “bənövşəyi T-70” çoxları üçün təəccüblü olsa da, bunun altında yatan səbəb olduqca məntiqli görünür.

 

Türkiyə T-70-in əsasını təşkil edən S-70 “Black Hawk” helikopterlərinin istifadəsində uzun bir tarixə malikdir. Türkiyə Quru Qoşunları Komandanlığı, Dəniz Qüvvələri Komandanlığı, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsi uzun illərdir ki, S-70 platformalarından geniş istifadə edir. Bu helikopterlər yaşıl, kamuflyaj və boz rəngdədir.

 

T-70 layihəsi çərçivəsində Türkiyənin TUSAŞ, ASELSAN, TEI və “Alp Havacılık” şirkətləri iştirak edir. Türkiyədə lisenziya ilə istehsal olunan 109 helikopter 5 fərqli istifadəçiyə təhvil veriləcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox