Vladimir Stankoviç “Danışan kitabxana”dan danışdı - EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, ötən həftə Cenevrədə keçirilən, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” tədbirində "Çempion layihə" mükafatı Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Ölkəmizə uğur qazandıran layihə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan “Danışan kitabxana” layihəsi olub.
İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (İCÜS) prosesinin koordinatoru Vladimir Stankoviç TED.az-a eksklüziv müsahibəsində Azərbaycanın sammitdəki fəal iştirakından, həmçinin “Danışan kitabxana” layihəsinin əhəmiyyətindən söz açıb.
Müsahibəni təqdim edirik:
“Adım Vladimir Stankoviçdir. Mən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (İCÜS) prosesinin koordinatorlarından biriyəm. Bizim işimiz əsasən İCÜS mükafatlarının verilməsi prosesi ilə məşğul olmaqdır. Bu il İCÜS mükafatı 2019 ən uğurlu müsabiqə oldu. Bu müsabiqə 2012-ci ildə 100-ə yaxın layihənin bu nüfuzlu qlobal mükafat üçün təqdim olunması ilə başlamışdır. Bu il inkişafa imkan verən uğurlu İKT təcrübələrini tanıdan 1000 layihə müsabiqəyə təqdim olunmuşdu.
Biz məmnunluqla 6-cı kateqoriyada İCÜS mükafatı çempionlarından birinin Azərbaycan olduğunu elan edirik. Bu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin (MHM)-nin “Danışan kitabxana” layihəsidir. Bu çox mühüm bir layihədir, çünki kitabxanaların özləri İKT ilə bağlı olacaq və belə mərkəzləri də birləşdirməklə biz insanları və cəmiyyətlərı birləşdiririk. Kitabxanaların elektronlaşması böyük bir prosesdir və ölkənin hər bir kitabxanası üçün çox önəmlidir.
Azərbaycanın fəallığının onlayn səsvermədə dünya ictimaiyyəti tərəfindən tanınması və bu kateqoriyada 5 ən çox səs toplayanlardan biri olmasını alqışlayır və 6-cı kateqoriyada İCÜS mükafatı çempionu adına layiq görülməsini böyük sevinclə qeyd edirik. Bu “Əlverişli Mühit” kateqoriyasıdır. Buna əsasən İKT sahəsində imkanları genişləndirmək, inkişafı daha yaxşı təmin etmək və düzgün siyasət yürütməklə nail olmaq mümkündür. Bu cür fəaliyyətlər həqiqətən də düzgün siyasət aparan və həyata keçirən dövlətlərdə olur. Biz çox şadıq ki, bu il NRYTN 2019-cu il İCÜS mükafatına layiq görülmüşdür.
Biz gələn il də sizin həllərinizi gözləyirik, yalnız özünüzun deyil, ətrafınızda tərəfdaşlarınızın necə olduğuna, cəmiyyət üzvlərinin inkişaf üçün İKT-dən necə istifadə etdiyinə və bu fəaliyyətin təbliğatını necə apardığına baxın. Bu yalnız ictimai birliklərinizin fəaliyyətini təbliğ etmək deyil, eyni zamanda dünyada digərlərinə də uğurlu İKT nümunələrindən yararlanmağa, inkişaf sisteminin əsas aparıcı qüvvələri olan bu texnologiyaları daha çox təbliğ etməyə imkan yaratmaqdır.
Biz sizə İCÜS mükafatları, müsabiqənin əsas platforması olan saytımıza nəzər yetirməyə, sosial şəbəkələrdə bizi təqib etməyə və həmçinin vaxtında xəbərləri əldə etmək üçün aylıq İCÜS bülleteninə abunə olmağa dəvət edirik. 20-ci İCÜS mükafatı müsabiqəsi üçün dəvəti çox güman bu yay dərc edəcəyik və bizi izləməkdə davam edin. Əksər məlumatları artıq istifadə etdiyimiz və xüsusi işçi qrupunun bir hissəsi olacaq nazirliyin MHM ilə olan kanal vasitəsilə yayımlayacağıq. Bu qrup iki gün öncə əvvəlki və builki İCÜS mükafatı çempionları qrupunun gələcək fəaliyyəti və gələcək mükafatçıları barədə müzakirə üçün bir araya gəldiyi İCÜS forumu 2019 zamanı yaradılıb.
Biz İCÜS platformasını yalnız layihələrin uğurları və öndə gedən layihə mükafatçıları deyil, həmçinin inkişafa kömək edəcək bütün İKT sahəsi nümayəndələri üçün vahid bir məkan kimi təbliğ edə bilərik.
Son olaraq, onu da qeyd edim ki, bu qrup inkişaf etməkdə olan ölkələrdə İKT-nin çox vacib bir istiqamətə, xüsusilə də inkişaf sisteminə yönəldilməsi ilə məşğul olacaq. Bir daha mənə verilən fürsətdən istifadə edərək MHM-i təbrik edir və gələcəkdə daha çox təqdimatlarınızı görmək istərdik.”