AZ

Smart sayğacınız tez-tez koda düşür? Bu məsələni özünüz də rahatlıqla həll edə bilərsiniz

e49a7181186e15efae7556f1417e227a.jpg
05.11.2019 16:01

Rahat yaşamamız üçün vazkeçilməz ünsürlərdən biri də qazdır. Qaz təminatı sayəsində yemək bişirir, isti sudan istifadə edirik, evlərimizi qızdırırıq. Bunun üçün isə təbii ki, müəyyən ödəniş etməli oluruq. Əvvəllər ödənişlər bu cür həyata keçirilirdi: sərf etdiyimiz qazın tutumu sayğacda hesablanır, qəbz ünvanımıza göndərilir, daha sonra biz hər hansı poçt məntəqəsində ödəniş edirdik. Indi isə smart sayğaclar sayəsində özümüz istədiyimiz məbləği kartımıza köçürür, sayğaca yükləyirik və yüklədiyimiz məbləğ qədər qaz sərf edirik. Sayğacların üstün cəhəti ondan ibarətdir ki, biz sərfiyyatımızı kontrol edə, yəni sayğacın üzərindəki düyməni sıxmaqla balansımızı öyrənə bilirik. Üstəlik, balansımız bitdiyi zaman 1 AZN məbləğində kredit balans əldə etmək mümkündür.

 

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentlərin mənzillərində quraşdırılan smart tipli sayğaclar sayəsində istehlakçılar qazla təminatı öncədən ödəniş etməklə həyata keçirə bilirlər. Eyni zamanda, bu sayğaclar təbii qazdan təhlükəsiz istifadə olunmanı təmin edir. Lakin bir çox hallarda istehlakçılar təbii qazdan istifadə zamanı muvafiq təhlükəsizlik qaydalarına düzgün riayət etmir, bu zaman sayğacın klapanı bağlanır, sayğac koda düşür və avtomatik olaraq, təbii qazın verilişi dayanır. Belə hal baş verən zaman “qaynar xətt”ə zəng vururuq. Lakin əməkdaşın gəlib çıxması müəyyən qədər vaxt alır.  TED.az SOCAR-ın saytına istinadən məlumat verir ki, “Azəriqaz” İB smart tipli qaz sayğacları koda düşdükdə, abonent kartları vasitəsi ilə onları işə salmaq mümkündür. Artıq abonentlər öz kartları ilə “ALARM 3”, “ALARM 5” və “FO-44” koda düşmələrini aradan qaldıra bilərlər. Aşağıdakı təlimatları yerinə yetirməklə bu problemi həll etmək mümkündür:

 

1. Smart tipli sayğac koda düşdükdə, ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür. İki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN məbləğində vəsait ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cihazları təhlükəsizlik tələblərinə uyğun olaraq, sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra çıxarılır.

5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

 

Qeyd edək ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur və sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ abonentin balansına əlavə olunur.

 

Bəs balans bitdikdə və balansı artırmaq üçün imkan yoxdursa, necə etməli? Qeyd etdiyimiz kimi, smart sayğaclar bizə kredit balans əldə etməyə imkan verir. Qeyd edək ki, ehtiyat krediti alan zaman evdə bütün cihazlar bağlı olmalıdır. Sayğacın kipliyini, qaz itikisini yoxlamaq üçün giriş ventili mütləq açıq olmalıdır. Ehtiyat krediti almaq üçün nə etmək lazımdır? Bunun üçün də aşağıdakı hərəkətlər ardıcıl yerinə yetirilməlidir:

 

1.Narıncı və ya göy düymələr vasitəsi ilə X4 menyusuna gəlirik.

2.Göy düyməni sıxıb saxlayırıq, X4 yazısı bir neçə dəfə yanıb sönür. Ekranda alt hissədə “bağlı klapan” işarəsinin sağına dairə və əl işarəsi gəlir, sonra əlimizi düymədən çəkirik. “Emergency Credit> +10.00” yazısı ekranda görünür. Bu o deməkdir ki, artıq ehtiyat kredit alındı.

3.Sonra bağlı klapanı açmaq üçün X9 menyusuna gəlirik.

4.Göy düyməni sıxıb saxlayırıq. X9 yazısı yanıb sönür. Daha sonra ekranda “Supply Reconnect > 190s.” yazısı görünür, əlimizi düymədən çəkirik. Saniyə sıfıra qədər düşməlidir.

 

Yuxarıda qeyd edildiyi kimi bu zaman evdə olan bütün cihazlar bağlanmalıdır. Əgər xəttinizdə və ya cihazın yivli birləşmələrində sızma varsa, əməliyyat uğursuz olacaq. Bir neçə saniyədən sonra ekran görünmədiyi halda təkrar göy düyməni sıxın, düymə vasitəsi ilə təkrar X9 menyusuna gəlin. Bu zaman yenidən azalan saniyələri görəcəksiniz. Saniyə sıfıra düşdükdə “Bağlı klapan” işarəsi “Açıq klapan” işarəsi ilə əvəz ediləcək. Bu zaman siz artıq götürdüyünüz kreditdən istifadə edə bilərsiniz.

 

Bu qədər asan imiş…

 

                                                                                                                  Günay ƏLİYEVA 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox