İstifadəçilərə növbəti zərbə: İnstaqram mesajlarının oxunması doğrudurmu?

İnstaqramda gizli hesablara baxmağa imkan verən “Ghosty” proqramından sonra istifadəçiləri titrəməyə salan növbəti tətbiq artıq bir neçə gündür ki, gündəmdədir. Həmin tətbiqin adı “WatchDM for Instagram”dır.
““WhatchDM for Instagram” direct-inizə gələn ismarıcları oxumur! Yenilənmə ilə bağlı iOS istifadəçilərində İnstaqrama gələn mesajlar və bildirişlərin dayandırılması və ya gecikməsinin qarşısını almaq məqsədi ilə yaradılan bu proqram tamamilə pul tələsidir”, – bunu TED.az-a sosial media mütəxəssisi Nurəddin Cəfərov deyib.
N.Cəfərov bildirib ki, hər kəs “Direct” sözünü görüb proqramın mesajlara baxmağa imkan verəcəyinə inanır, amma bu tətbiqin iş prinsipi tamamən fərqlidir: ““Watch” sözü tətbiqdə “izləmək” və ya “görmək” mənasına yox, “saat” mənasında işlədilib. Düzdür, proqrama daxil olarkən şəxsi məlumatlar götürülür, amma bunun nə dərəcədə qarşı tərəfə ötürülməsi mübahisəli mövzudur. Bəzi insanlar deyir, “mən bunu etdim, filankəsin mesajını oxudum”, - atalar yaxşı deyib, 100 dəfə deyincə, 1 dəfə görmək yaxşıdır. Odur ki, ortaya nəsə çıxaran yoxdur. Direct-i oxuduğu sanılan proqram budur, amma əsas işi bundan ibarət deyil. Proqramı hazırlayanların açıqlamasında qeyd olunub ki, orada, saat, SMS və qrup söhbətlərinə, həmçinin bildirişlərə nəzarət kimi məlumatlar öz əksini tapır”.
SMM mütəxəssisi vurğulayıb ki, bu cür tətbiqləri istifadə edərək istifadəçilər şəxsi məlumatlarını təhlükə ilə üz-üzə qoyur: “Əgər bu proqram xaricində başqa proqram vasitəsi ilə digər istifadəçinin mesajlarını oxuya bilmisinizsə, sevinməyin, bu cür sistemdən istifadə edərək ilk olaraq öz məlumatlarınızın ələ keçirilməsinə imkan yaradırsınız. Bu iş o qədər asan olsaydı, nəinki, adi insanların, eləcə də siyasi məmurların, dövlət xadimlərinin və digərlərin ismarıcları oxunardı. Qısacası, dünya belə proqrama “tamam” deməzdi”.
Bundan əlavə, ekspert keçən həftənin trendi olan “Ghosty” haqqında danışıb: “Hazırda “Ghosty” deyə bir tətbiq yoxdur, amma daha sonra bu cür tətbiqləri yan keçməyiniz üçün həmin proqramın yaranma səbəbini bilməlisiniz. “Ghosty”ni yaradan proqramçı İnstaqram platformasında boşluq taparaq sosial şəbəkənin keçmiş versiyası üzərinə yığıb. Loru dildə desək, söhbət hardasa 10 il bundan öncəki, ilk başlarda yaradılan İnstaqramdan gedir. Ona görə də təhlükəsizlik boşlığuna proqramdan istifadə edən, etməyən asanlıqla düşə bilir. “Ghosty” proqramından dərhal sonra “Direct oxuma” proqramın gündəmə gəlməsi insanlarda qorxu, xaos hisslərini yaratmaqdan başqa bir şey deyil”.
Fatimə ZÜLFİQAR