AZ

Yerli startaplarla dünya bazarı arasındakı sərhəd – “Elə adla başlamışdıq ki, onunla qlobal arenaya çıxa bilməzdik”

20ccb8f9c083ba6d8012e01e4fc69176.jpg
26.02.2020 14:51

Startap sənətinin incəliklərinə düzgün riayət olunması həm də ölkəyə xeyli gəlir gətirilməsi deməkdir. Bunun üçün isə dünya bazarına çıxmaq, beynəlxalq rəqabətə davam gətirmək əsas şərtdir.

 

Bəs yerli startapların dünya bazarına çıxarılmasına çətinlik yaradan əsas səbəblər hansılardır?

 

“Müasir yanaşmaların tətbiqini kütləviləşdirmək lazımdır”

 

Mövzu ilə bağlı TED.az-a danışan ekspert İsa Qasımlı yerli startapların beynəlxalq bazara çətinliklə çıxdığını düşünmədiyini bildirib. Onun fikrincə, startaplarımız beynəlxalq arenada kifayət qədər investisiya tələb etmək gücündədirlər: “Bu, kütləvi xarakter daşımasa da, startaplarımızın beynəlxalq bazarda yaxşı kontentləri var. Onların istər yerli, istərsə də beynəlxalq bazarda uğur qazanması üçün təhsil sistemində müasir yanaşmaların tətbiqini kütləviləşdirmək lazımdır. STEM tədris metodologiyası buna misaldır. Hazırda bu istiqamətdə islahatlar aparılır. Bundan əlavə, universitetlərlə biznes-sənaye müəssisələrinin əməkdaşlığı, elmi-tədqiqat infrastrukturu gücləndirilməlidir. Bu zaman elmi tədqiqat işçilərinin motivasiyası da önəmlidir. Bu, maliyyə resursları ilə bağlı məsələdir. Çünki elmi tədqiqatların aparılmasına resursların cəlbi məsələsi aktualdır. Resursların cəlbi bacarıqlı şəxslərin təhsil sektorunda qalmalarına xidmət edir. Bu isə dəyər formalaşmasına gətirib çıxarır. Dəyər digər məsələlərin öz-özlüyündə inkişafına səbəb olur. Yaxşı dəyər formalaşdıran, biznes bazarına uyğun tədqiqat və araşdırmalar həm yerli, həm də xarici bazarda investisiya cəlb edə bilər”.

 

 

“Ölkələrarası razılaşmalar müəyyən qədər tənzimləyici rol oynasa da...”

 

“Azərbaycanlı gənclərin ideyaları beynəlxalq bazara nə dərəcədə uyğun olur?” sualına cavab olaraq isə ekspert bildirib ki, startap ekosistemində 100 startapdan 4-ü uğurludursa, bu, müvəffəqiyyət sayıla bilər: “Ümumiyyətlə, Beynəlxalq bazarla Azərbaycan arasında xüsusi razılaşma, müqavilə aparmaq mümkün deyil. Həm yerli, həm də beynəlxalq bazarda startapa çox pul qoyduqda daha çox qazanır. Burada ölkələrarası razılaşmalar müəyyən qədər tənzimləyici rol oynasa da, investor üçün əsas olan startapdan qazanmaqdır. Startap ekosisteminin inkişafı birbaşa təhsil və elmi tədqiqat sisteminin biznes-sənayenin ehtiyaclarına uyğun qurulması ilə bağlıdır. Onu da qeyd edim ki, yerli startaplardan beynəlxalq bazara çıxanların sayı artıb”. 

 

“Elə adla başlamışdıq ki, onunla qlobal bazara çıxa bilməzdik”

 

Peşəkar startapının təsisçisi Nail Seyidov isə yerli startapların dünya bazarına zəif çıxmasını müəyyən sahələrdə təcrübənin aşağı olması ilə əlaqələndirib: “Komandanın düzgün formalaşmaması da buna təsir edir. Belə olduqda üzvlər özlərini kifayət qədər inkişaf etdirə bilmirlər. Adətən komanda eyni istiqamətdə peşəkarlaşan insanlardan formalaşır. Məsələn, bütün üzvlər İT sahəsi ilə əlaqədar şəxslər olur. Bu zaman iş bölgüsü düzgün aparılmır. Bundan əlavə, startapın ad məsələsinə o qədər də diqqət yetirmirlər. Seçilən ad dünya bazarına çıxış üçün uyğun olmur. Üstəlik hansısa sahədə bazarı düzgün seçmək üçün data lazım olur. Yerli startaplar data yığılması baxımından da problemlərlə üzləşirlər. İnsanlarda həvəs olsa da, araşdırma bacarıqları bir qədər aşağıdır. İşi başlayanda, ideya mərhələsində hər kəs həvəsli olur. Məhsulun ərsəyə gəlmə mərhələsində iş bir qədər ağırlaşdıqda isə ruhdan düşürlər. Bu, komandanın formalaşa bilməməsi ilə birbaşa əlaqədardır”.

 

 

Startapçı mövzu barədə danışarkən şəxsi təcrübəsindən də söz açıb: “Öz startapımda da əsas əngəl ad məsələsi ilə bağlı olub. Elə adla başlamışdıq ki, onunla qolobal bazara çıxa bilməzdik. Adımızda “ş”, “ə” və s. Azərbaycan hərfləri vardı. Adı dəyişməyi təklif etdik və bunun üzərində işlədik. Təcrübəmlə bir daha əmin oldum ki, startapın əsas şərti hər kəsin öz işini görməyi bacarmasıdır”.  

 

“Bəzən insanlar ideyanın sonunun necə olacağını düşünmürlər”

 

Gənc startapçı Fidan Fərzəliyeva isə problemi yerli və beynəlxalq bazarın bir-birilərindən fərqlənməsi ilə izah edib: “Bu fərqlərin başında müştəri kontingenti durur. Startap həyata keçirmək istəyən insanlar yerli bazara uyğun psixologiya ilə yola çıxırlar. Yerli və beynəlxalq arena arasında fərq çox olduğuna görə, dünya bazarına çıxanda bir sıra çətinliklər yaşanır. Bəzən insanlar ideyanı ortaya atsalar da, sonunun necə olacağını düşünmürlər. Buna görə də sonradan nəinki dünya, hətta Azərbaycan bazarına çıxmaq yolunda da xeyli çətinliklərlə üzləşirlər”.

 

 

“Anidən ağıllarına gələn ideyanı startap kimi irəli sürməyə çalışırlar”

 

“Bəzən anidən ağıllarına gələn ideyanı startap kimi irəli sürməyə çalışırlar. Belələri öncə özlərinin startap biliklərini inkişaf etdirsələr, yaxşı olar. Çünki ideya bazardakı boşluğu doldura biləcək gücdə olsa da, biznes biliklərinin olmaması startapın uğur qazanmasına mane ola bilir. Həmçinin startapı qurarkən komanda üzvlərinin düzgün seçilməsinə də diqqət etmək lazımdır. Bundan əlavə, yerli bazar fərqli startaplara çox da hazır deyil”, – deyə o, əlavə edib.

 

Lamiyə SÜLEYMANLI 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox