AZ

Dövlət Komitəsi daşınmaz əmlaklara dair texniki pasportların əldə edilməsi xidmətlərini elektronlaşdıracaq – AÇIQLAMA

844eea7d9305a4025807312a96fb572d.jpg
04.09.2019 15:15

“Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən 46 xidmətin 41-ni elektron müstəvidə yerinə yetirmək mümkündür. Komitənin təqdim etdiyi 41 elektron xidmətdən 26-sı daşınmaz əmlakın qeydiyyatı, 10-u dövlət əmlakının özəlləşdirilməsi, 3-ü dövlət əmlakının idarə edilməsi və icarəsi, 2-si isə kadastr məsələləri ilə bağlıdır. Bu xidmətlərin 38-si interaktiv, 3-ü isə informativ xidmətlərdir. Hər hansı ünvanlara müraciət etmədən daşınmaz əmlakın dövlət qeydiyyatına alınması  ilə bağlı tələb olunan dövlət rüsumu və xidmət haqqını “Əmlak kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. “Elektron çıxarışların yoxlanması” xidməti ilə daşınmaz əmlakını qeydiyyatdan keçirən şəxs öz sənədinin həqiqiliyini onlayn formada yoxlaya bilir”, - bunu TED.az-a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.

 

 

Qulu Xəlilov bildirib ki, elektron xidmətlərdən biri də çoxmərtəbəli yaşayış binasında çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi ilə bağlıdır: “Bu elektron xidmət vasitəsilə vətəndaş yaşayış binası ilə bağlı məlumatları və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı dərhal əldə edə bilər. Eyni zamanda, hər kəs əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilər. Bunu Komitənin “Kadastr kalkulyatoru” adlı elektron xidməti mümkün edir. Hərraclar ilə bağlı təqdim olunan elektron xidmətlər isə investorların və digər şəxslərin özəlləşdirmədə rahat iştirakına yönəlib. Dövlət əmlaklarının hərraclarına qoşulmaq üçün seçim, sifariş və iştirak prosedurlarını elektron formada yerinə yetirmək mümkündür. Eyni zamanda Elektron hərrac xidməti ilə hərraca marağı olan hər kəs prosesi qeydiyyatsız, canlı formada izləyə bilir”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, ƏMDK tərəfindən göstərilən 41 elektron xidmətdən 35-i Elektron Hökümət Portalına inteqrasiya olunub. Bu xidmətlərdən 5-i qeydiyyatsız formada istifadə edilir.

 

Q.Xəlilov gələcəkdə elektronlaşacaq xidmətlərdən də danışdı: “Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən gələcəkdə dövlət əmlaklarının özəlləşdirilməsi hərraclarında elektronlaşmanın təkmilləşdirilməsi və bu xidmətlərdən istifadənin daha da sadələşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Eyni zamanda, komitə gələcəkdə daşınmaz əmlaklara dair texniki pasportların əldə edilməsi ilə bağlı xidmətlərin elektron müstəvidən həyata keçirilməsi, bu sənədlərdən onlayn formada istifadənin təminatını planlaşdırır”. 

 

Zeynəb ƏKBƏR 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox