AZ

İnformasiya Texnologiyaları İnstitutunda kiberkriminalistika ilə bağlı müzakirə

19.10.2019 10:00

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib.

 

İnstitutdan TED.az-a verilən məlumata görə, seminarda öncə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Babək Nəbiyev “İnternet-kriminalistika: müasir vəziyyəti, problemləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

 

O, toksikologiya və ballistika, antropometriya, barmaq izləri, Uhlenhuth sınağı, poliqraf, DNT kimi kriminalistika elminin əsas mərhələlərindən, XX və XXI əsrdə bu elmin inkişaf yolundan danışıb.

 

 

Daha sonra B.Nəbiyev rəqəmsal kriminalistikanın tərkib hissələrindən danışaraq onun rəqəmsal mənbələrdən əldə edilmiş rəqəmsal dəlillərin qorunması, toplanması, təsdiqlənməsi kimi metodların cinayət kimi tanınan əməliyyatlara mane ola biləcək icazəsiz hərəkətlər olduğunu deyib. Bildirib ki, kiberkriminalistika ekspertizasında hüquq-mühafizə orqanları, hərbi, biznes və sənaye, elmi araşdırma mərkəzləri kimi sifarişçilər mövcuddur.

 

Şöbə müdiri rəqəmsal kriminalistika elmi, rəqəmsal məhkəmə araşdırması üçün qaydalar, tədqiqat prosesi, media, kod, və şəbəkə təhlili kimi üç fərqli analiz növü barədə məlumat verib. Nəzərə çatdırıb ki, rəqəmsal kriminalistikanın əsas fəaliyyəti tədqiq xarakterlidir.

 

Onun sözlərinə görə, milli təhlükəsizlik və informasiya təhlükəsizliyi, korporativ casusluq, ağ yaxalı cinayətkarlar, uşaq pornoqrafiyası, ənənəvi cinayət, insidentlərə reaksiya, insanların gizli izlənməsi, məxfiliyin pozulması kimi hallar internet kriminalistikanın əsas məzmununu təşkil edir: “Hazırlıq, aşkarlama, lokallaşdırma, analiz, həll, bərpa, eləcə də yoxlama və onların əks əlaqəsi isə insidentlərə cavab metodologiyasıdır”.

 

B.Nəbiyev əlavə edib ki, hüquq mühafizə orqanlarının onlayn fəaliyyət göstərən cinayətkarları tapmaq və mühakimə etmək imkanlarına mane olan texniki çətinliklər, həmçinin kibercinayətkarlığı araşdırmaq üçün qanunlardan və hüquqi vasitələrdən irəli gələn məsələlərin texnoloji, struktur, sosial dəyişikliklərdən geridə qalması həlli vacib olan əsas problemlər sırasındadır.

 

“Əksər hüquq mühafizə orqanlarının hazırkı və gələcək internet-kriminalistika hallarının istintaqının aparılması üçün lazımi təlim, avadanlıq və kadr çatışmazlığı aradan qaldırılmalı, bütün maraqlı tərəflər üçün elektron cinayət haqqında məlumatlılıq artırılmalıdır”, – alim əlavə edib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox