AZ

Dövlət qurumları və əlillərin istifadəsinə verilən Khazar avtomobilləri hansı parametrlərə sahibdir? – ARAŞDIRMA

3fbc43bc7ad057c50d59d0ee36fd99ea.jpg
02.11.2019 13:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtaşırı əlilləri avtomobillə təmin edir.

 

TED.az olaraq, həmin avtomobillərin texniki göstəricilərini araşdırmaq qərarına gəldik:

 

Sözügedən avtomobil markası – “Khazar” Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan “Khazar” Avtomobil Zavodunda istehsal olunur.

 

 

Zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun tikintisinə dövlət tərəfindən xüsusi dəstək göstərilib, müxtəlif vergi güzəştləri tətbiq edilib. Bu dəstək tədbirləri nəticəsində tikinti işləri zamanı təqribən 5 milyon dollar qənaət olunub. Bu, avtomobillərin daha ucuz başa gəlməsinə, satışa daha münasib qiymətə çıxarılmasına birbaşa təsir göstərir.

 

Zavodda istehsal olunan avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. “Made in Azerbaijan” brendi altında bazara çıxarılır.

 

 

Zavodun illik istehsal gücü 10 min avtomobildir. “Khazar” LD və “Khazar” SD modelli avtomobillər istehsal olunur.

 

Dövlət müəssisələri, nazirliklər “Khazar” avtomobillərinin alınması məqsədilə müraciət ediblər. Əhali arasında da bu avtomobillərə böyük maraq müşahidə olunur.

 

 

“Khazar” SD-nin qiyməti 16 min, “Khazar” LD-nin qiyməti isə 18 min manatdır. Bu, analoji avtomobillərin satış qiymətindən azı 20% ucuzdur. “Khazar” avtomobillərini nağd, köçürmə və 20% ilkin ödəniş etməklə 4 il müddətinə lizinq yolu ilə də əldə etmək olar.

 

Bu avtomobillər sadə və lüks seriyalıdır. Mühərrik gücü 1,7 l-dir. Yaxın gələcəkdə zavodda "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modellərinin istehsalı da nəzərdə tutulur.

 

 

“Khazar” avtomobillərinin başlıca üstünlüyü onun qiyməti və keyfiyyətidir. Hazırda bazara ən ucuz maşınları Rusiya və Çin istehsalçıları çıxarır. Azərbaycanda onların qiyməti 21 min manatdan başlayır. “Khazar” isə daha ucuz qiymətə 16-18 min manata təklif olunur və daha geniş komplektləşmədə malikdir. Bundan başqa, salonu daha geniş və komfortludur, mərkəzi konsolda geniş monitoru var. Avtomobil şüşə lyük, ABS əyləc sistemi, multi sükan, yüngül lehimli disklər, ön oturacaqların avtomatik tənzimlənməsi və digər parametrlərlə təchiz olunub.

 

Hər iki modeldə kondisioner mövcuddur, qabaq və arxa şüşələr, eləcə də güzgülər elektriklə idarə olunur. Avtomobil arxa şüşə qızdırıcısı, CD oxuducu/MP3 və monitorla təmin edilib.

 

Hündürlük, en, uzun, yanacaq çəninin tutumu (66 litr) və yük yeri hər iki modeldə eynidir. Hidravlik göstəricili sükan tənzimlənə bilir.

 

“Khazar” LD 150, “Khazar” SD isə 115 at gücünə sahibdir. Maksimal sürət müvafiq olaraq, saatda 189 və 205 kilometrdir.

 

Hər iki modelin təhlükəsizlik sisteminə açarsız giriş, mərkəzi kilidlənmə, hava yastıqları, siqnalizasiya, arxa görüntü kamerası və park radar aiddir. Lüks versiyada yan hava yastıqları da var. Adi variantda isə yastıq yalnız sürücü və öndə əyləşən sərnişin üçündür.

 

Əminliklə demək olar ki, Azərbaycan bazarında bu qiymətə belə təchizata malik avtomobil yoxdur.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox