AZ

Azərbaycan dilində mobil oyun yaradan qazax proqramçı: Tətbiqin köməyi ilə uşaqlar sözləri düzgün tələffüz etməyi öyrənirlər

3910f7f9a67e00f4357971db70494856.jpg
13.12.2019 14:17

Məlum olduğu kimi, qazaxıstanlı proqramçı, “QazNat” şirkətinin rəhbəri Almas Tapiyev Azərbaycan dilində “İQ uşaq” mobil oyunu hazırlayıb.

 

TED.az-ın əməkdaşı onunla mobil tətbiq haqqında söhbətləşib:

 

Almas bəy, necə oldu ki, uşaqlar üçün azərbaycanca oyun yaratmaq qərarına gəldiniz?

 

Kiçik oğlum yaş yarımından sonra bütün uşaqlar kimi o da elektron qurğulara maraq göstərməyə başlamışdı. Həyat yoldaşım telefonuna inkişafetdirici proqram yükləmişdi. Onlar tez-tez birlikdə oynayırdılar. Amma tətbiq qazax dilində deyildi. Qərara gəldim ki, ana dilimizdə eynilə belə oyun tapım. Amma keyfiyyətli oyuna rast gəlmədim. Məndə belə bir ideya yarandı ki, qazax dilində proqramı elə özüm yaradım.

 

Tətbiqi görən azərbaycanlı dostlarım dedilər ki, onların dillərində belə proqram yoxdur. Ona görə azərbaycan dilində də tətbiq yaratmaq qərarına gəldim.

 

 

Bunun üçün Azərbaycanın hansısa dövlət qurumu sifariş, yaxud dəstək veribmi?

 

Dövlət və ya digər qurumlar tərəfindən sifariş olmayıb. Bu, mənim şəxsi təşəbbüsümdür.

 

Azərbaycan dilindən istifadə ilə bağlı mütəxəssisdən yardım aldınızmı?

 

Bəli, əlbəttə. Kodların təyin edilməsindən, proqramın yığılmasından və başqa işgüzar məqamlardan əlavə, ən vacibi düzgün tərcümə, sözlərin və ifadələrin düzgün uyğunlaşdırılması idi. Bu məsələdə bizə Nərgiz Kərimova kömək etdi. O, Nur-Sultan şəhərindəki Azərbaycan Linqvistika Məktəbində işləyir. Tərcüməni isə həmin məktəbin şagirdi Ümid səsləndirib. Buna görə onlara ulken rəhmət (təşəkkür edirəm).

 

 

Mobil tətbiqi yaratdıqdan sonra Azərbaycan tərəfi sizə müraciət edibmi?

 

AZƏRTAC Dövlət İnformasiya Agentliyi müraciət etdi və onlar proqram haqqında süjet çəkdilər.

 

Azərbaycanla bağlı başqa hansı layihələriniz var?

 

Qazax və Azərbaycan dili ilə bağlı bir neçə ideyamız var. Amma bu, gələcəyin işidir. Gerçəkləşməsi üçün müxtəlif vasitələr lazımdır. Həmçinin “Türk Bala” adlı proqram yaratmaq fikrim var. Tətbiqdə əsasən türk dilləri olacaq.

 

Proqram hansı əməliyyat sistemləri üçün nəzərdə tutulub?

 

Mobil tətbiq iki platformada istifadə üçün hazırlanıb – iOS və Android.

 

Tətbiqin istifadəsi pullu ya pulsuzdur?

 

Tamamilə ödənişsizdir. İdeya onun maksimal dərəcədə mövcudluğundan ibarətdir.

 

 

Təhlükəsizlik məsələlərini necə həll edirsiniz?

 

Lisenziyalı avadanlıq və proqramlardan istifadə edirik. Fikrimcə, təhlükəsizliklə bağlı problem yaranmamalıdır.

 

Ayrıca serveriniz varmı? Yoxdursa, hansı serverdən istifadə edirsiniz?

 

Qazax hostinq provayderində server icarəyə götürmüşük.

 

Oyun istifadəçilərinə nə qazandırır?

 

Ödənişsiz mobil tətbiq 14 tematik kitabı və 4 oyuncağı əvəz edir. Proqramın köməyi ilə uşaqlar sözləri düzgün tələffüz etməyi öyrənirlər. Oyun isə uşaqların yaddaşının, məntiqinin və hərəkətliliyinin inkişafına kömək edir.

 

Bu sahədə başqa hansı planlarınız var?

 

Plan və layihələr çoxdur. Hazırda onların gerçəkləşməsi üçün vasitələr axtarıram.

 

Cavid QƏDİR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox