Ali məktəblərdə orta ixtisas təhsili də veriləcək – Məzun universitetə qəbul olunacaq

Nazirlər Kabineti “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nı təsdiqləyib.
TED.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara görə, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası aşağıdakı kimidir:
Ali təhsil müəssisəsində orta ixtisas təhsili ali təhsil müəssisəsinin təsisçisinin razılığı ilə həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında ali təhsil müəssisələrinə orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar.
Ali təhsil müəssisələrində orta ixtisas təhsili proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər Qanunun 6.3-cü maddəsinə əsasən dövlət təhsil standartları və 10-cu maddəsinə əsasən, orta ixtisas təhsili pilləsi üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.
Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsinə tələbə qəbulu Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na uyğun aparılır.
Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsi üzrə tədris “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları’’na uyğun kredit sistemi əsasında təşkil olunur.
Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsi üzrə təhsilalanların attestasiyası, o cümlədən yekun attestasiyası Nazirliyin təsdiq etdiyi orta ixtisas təhsili pilləsində təhsilalanların attestasiyasının, yekun attestasiyasının aparılması qaydaları əsasında həyata keçirilir.
Bu orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir.
Bu sənəd isə sahibinə uyğun ixtisaslar üzrə ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsinin bakalavriat səviyyəsində ali təhsil almaq üçün əsas hesab edilir.