AZ

“Hökumət buludu” bu Data Mərkəzdə yaradılır

f15dc13eb893965c175832165add1454.jpg
04.06.2019 12:45

Beynəlxalq təcrübəyə əsaslanaraq və müasir inkişaf meyillərini nəzərə alaraq, sadalanan ehtiyacların təmin edilməsi üçün “bulud” həllərinin tətbiq edilməsi indi və gələcək perspektivdə məqsədəuyğundur. Ölkədə “bulud” texnologiyasının xüsusən dövlət sektorunda, həmçinin biznes strukturlarında tətbiqi məqsədilə data mərkəzlərinin infrastrukturunun formalaşdırılması müasir dövrün əsas çağırışlarındandır. Data mərkəzinin infrastrukturu və “Hökumət buludu” texnologiyasının tətbiqi dövlət qurumlarına informasiyanın saxlanılması, ötürülməsi və işlənilməsi üçün etibarlı texniki və texnoloji şəraitin təmin edilməsinə, lisenziyalı proqram təminatı mühitinin yaradılmasına, qurumlarda bu texniki-proqram vasitələrinin qurulmasına, saxlanılmasına, yenilənməsinə məsrəflərin əhəmiyyətli dərəcədə azaldılmasına, tələbata uyğun olaraq yeni texnoloji infrastruktura köçürülməsinə xidmət edir.  

 

Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasında Cənubi Qafqaz regionunda ilk olan TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzini qurmuşdur. Onun infrastrukturu, göstərdiyi xidmətlər, o cümlədən “bulud” xidmətləri müasir dünya standartlarına cavab verir. Uptime İnstitutunun “Tier III Certification of Constructed Facility” “Tier III Certification of Design Documents” sertifikatları almış bu Data Mərkəzi Azərbaycan Respublikasında mühafizə olunan obyekt statusuna malikdir. 

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 dekabr tarixində açılışını etdiyi Data Mərkəzi ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası və “Elektron hökumət”in inkişaf etdirilməsi üçün vacib strateji təşəbbüsdür. Bütün infrastrukturu ilə “Elektron hökumət” portalı 2018-ci ildə Data Mərkəzinə köçürülmüşdür. Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısına gücləndirilmiş elektron imza sertifikatlarının daxil edilməsi məqsədilə 2018-ci ildə Data Mərkəzində yeni sertifikat xidmətləri mərkəzi yaradılmışdır. Data Mərkəzi yeni sertifikat xidmətləri mərkəzinin baza infrastrukturudur. 

 

 

Data Mərkəzi ölkə və region səviyyəsində kompleks İT və “bulud” xidmətləri göstərmək potensialına sahibdir. Fasiləsiz iş rejimində məlumatların təhlükəsizliyinin təmin olunması, dövlət qurumlarının və təşkilatların tələblərinə cavab verən, onlara infrastruktur əldə etməyə imkan yaradan virtual və ayrılmış serverlərin, həmçinin optimallaşdırılmış şəbəkənin qurulması Data Mərkəzinin çoxsaylı üstünlüklərindəndir. Eyni zamanda, Data Mərkəzi şirkətlərə kapital xərclərini sıfıra endirməyə, istismar xərclərini isə 30-40 faiz azaltmağa imkan yaratmaqla yanaşı, məhsuldarlığı artıraraq biznesin dayanıqlılığını təmin edir. 

 

 

İnformasiya texnologiyalarının idarə olunmasının düzgün və etibarlı şəkildə təmin edilməsi, bu prosesin təhlükəsiz və sərfəli qiymətlərlə həyata keçirilməsi baxımından Data Mərkəzinin bütün hallarda dayanıqlılıq səviyyəsi 99,982 faizə bərabərdir. 

 

Data Mərkəzin təhlükəsizlik təminatı 


“Hökumət buludu”nda təhlükəsizlik məsələlərinin təminatı və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət diqqət mərkəzindədir. İnformasiya təhlükəsizliyinin və fiziki təhlükəsizliyin təminatı ilk olaraq risklərin qiymətləndirilməsindən başlanır. “Hökumət buludu”nda fəaliyyətin fasiləsizliyi üçün yüklənmələr tarazlaşdırılır, klasterizasiya, rezervləmə və bərpa sistemi, virtuallaşdırma texnologiyaları tətbiq edilir. Ətraflı təhlillər aparmaqla və müvafiq təhlükəsizlik həlləri seçməklə, Data Mərkəzinin fiziki perimetrinin mühafizəsində aşağıdakı çoxpilləli yanaşma tətbiq edilir: 

 

- biometrik daxilolma; 

- 24/7 rejimində videonəzarət;

- ağıllı (smart) siqnalizasiya; 

- yanğına qarşı mühafizə və qaz vasitəsilə yanğınsöndürmə; 

- tüstünün aşkar edilməsi;

- xüsusi ehtiyat soyutma sistemi;

- çevik mühafizə xidməti. 

 


Data Mərkəzində informasiya təhlükəsizliyi üçün aşağıdakı açar elementləri tətbiq edilir: 

- Data Mərkəzinin şəbəkə perimetrinin qorunması (Firewall);

- kiberhücumlardan qorunma (DDoS və s.); 

- məlumat itkisinin və sızmasının qarşısının alınması;

- “bulud”un monitorinq edilməsi və müntəzəm hesabatlılıq;

- internet və məlumat trafikinin sabitliyi;

- şəbəkədə zərərli fəaliyyət və pozuntuların müəyyən edilməsi;

- müdaxilələrin aşkar edilməsi və qarşısının alınması (Intrusion Detection System).

 

 

Data Mərkəzi Tier III kateqoriyasının əsas xüsusiyyətlərinə görə özündə mühəndis altsistemlərinin paralel fəaliyyətini, ehtiyat soyutma sistemini, ehtiyat enerji təminatını, ehtiyat telekommunikasiya infrastrukturunu cəmləşdirir. Məlumatların rezervlənməsi xidməti isə məlumat itkisinin qarşısının alınmasını və onun idarə edilməsini asanlaşdırır. Virtual infrastrukturun avtomatlaşdırılmış şəkildə rezervlənməsi və şifrələmə vasitələrindən istifadə edilməklə məlumatların ayrı məkanda saxlanılması Data Mərkəzində təhlükəsizliyə zəmanət verir.

 

Data Mərkəzində enerji təchizatının etibarlılığını təmin etmək üçün üçmənbəli enerjidən, fasiləsiz enerji təchizatı sistemindən və 72 saat fasiləsiz çalışmanı təmin edən çəni olan  ikili dizel generatorundan istifadə edilir. İki enerji mənbəyinə malik avadanlıqlar və çoxsaylı “uplink” xətləri hesabına xüsusi ehtiyat soyutma sistemi yaradılmışdır. Yüksək ötürülmə sürəti olan iki ayrıca əsas provayder (backbone) vasitəsilə qoşulmanın etibarlılığı tam təmin edilir. Ölkədaxili şəbəkə (local exchange ring) sayəsində beynəlxalq internetlə bağlı fors-major halı baş verdikdə, xidmətlərin fasiləsizliyinə tam təminat verilir. 

 

 

Məlumat sistemlərini, infrastrukturu, hesablama şəbəkələrini və ya fərdi kompüter qurğularını hədəfə alan və məlumat mənbələrinə zərər verə biləcək kiberhücumlardan qorunmaq son dərəcə vacibdir. Data Mərkəzində serverlərin qorunması və əməliyyat trafikinin zəifləməməsi, kənar müdaxilələri və insidentləri istisna etmək üçün “dərin təhlükəsizlik” (deep security) və istifadəçilərin harada olmasından asılı olmayaraq, mübadilə edilən məlumatların təhlili üzrə “ağıllı qorunma” (smart protection) həlləri “bulud” infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə qorunmasına təminatdır. Eyni zamanda, “Hökumət buludu”nun informasiya və kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq standartlar əsasında milli standartlar hazırlanacaq və tətbiq ediləcəkdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox