Magistraturaya qəbul olub, karantinə görə, Bakıya gedə bilməyənlərin aqibəti necə olacaq?

Magistr adını qazananlar iyulun 6‑dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddətdə sənədləri təqdim etməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Maraqlıdır, regionlarda yaşayan, karantinlə əlaqədar Bakıya gedə bilməyən bakalavrların aqibəti necə olacaq?
Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən TED.az-a bildirib ki, sənədlərin qəbulu ali təhsil müəssisələri tərəfindən aparılır və bu məsələdə onlar cavabdehlik daşıyırlar.
Ətraflı məlumat üçün ali təhsil müəssisələri ilə əlaqə saxladıq.
Bakı Dövlət Universitetindən bildirilib ki, 2020/2021-ci tədris üçün magistratura təhsil səviyyəsinə qəbul olmuş bakalavrların qeydiyyatı onlayn qaydada aparılır: "Bakalavrlar qeydiyyat üçün sənədlərini elektron formada təqdim etməlidirlər. Hətta cari ildə ali məktəbi bitirmiş bakalavrlar üçün ali məktəbi bitirmə haqqında arayış da elektron şəkildə veriləcək. Rayon qeydiyyatlı və ümumiyyətlə rayonda olanların Bakıya gəlmələrinə ehtiyac yoxdur".
Azərbaycan Dövlət İqtisad Universitetinin verilən məlumatına görə, UNEC-də də magistraturaya sənəd qəbulu onlayn aparılacaq: "Tələbələr sosial şəbəkələr və rəsmi portal vasitəsilə bu barədə məlumatlandırılıb. Regionlarda yaşayan tələbələr heç bir problem yaşamayacaqlar. Karantin bitdikdən sonra isə magistrantlar – diplomların, imtiyazlı magistrantlar isə (bənd 1,2,3,4 üzrə) göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətini dekanlığa təqdim etməlidirlər. Sənədlərin siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz:
Azərbaycan Dövlət Texniki Universitetindən isə bildirilib ki, pandemiya və sərtləşdirilmiş karantin günlərində bölgələrdə yaşayan tələbələr magistraturaya qeydiyyatla bağlı çox narahat olublar. AzTU bunu nəzərə alaraq ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş bakalavrların sənədlərinin qeydiyyatı ilə bağlı ilkə imza atıb: "İyulun 6-dan proses onlayn həyata keçirilir.
Bakalavrlar AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan "Magistraturaya onlayn qeydiyyat" bölməsində qeydiyyatdan keçməyə başlayıb. Bu zaman bakalavr üçün şəxsi kabinet açılır və sənədlər onlayn formada universitetə təqdim edilir. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin scan edilmiş surəti, universiteti bitirməyə dair arayış və ya diplomun scan edilmiş surəti, ödəniş qəbzi (ödənişli əsaslarla təhsil üçün), hərbi biletin scan edilmiş surəti və ya hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin surəti, DİM-dən iş nömrəsi olan sənəd, 3x4 ölçüdə rəngli fotoşəkil (pdf, jpg) tələb olunur. Bakalavr AzTU-nun tələbəsi olubsa, qeydiyyat zamanı ondan universiteti bitirməyə dair arayış tələb edilmir, bu proses universitet daxilində həll olunur. Lakin digər universiteti bitirən bakalavrlar sözügedən arayışı onlayn qaydada təqdim etməlidirlər. Arayışı diplomlarını hələ almayan, universiteti bu il bitirən bakalavrlar təqdim edir. Əvvəlki məzunlar isə diplomun surətini göndərməlidirlər. Bölgələrdə yaşayan və karantinlə əlaqədar paytaxta gələ bilməyən tələbələr rahat şəkildə internetə çıxışı olan istənilən məkandan sənədlərini onlayn təqdim edəcəklər".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məlumatına görə də magistraturaya yeni qəbul olmuş tələbələrin sənədlərinin qeydiyyat prosesi koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində onlayn formada keçirilir: "Bu məqsədlə admission.asoiu.edu.az saytı istifadəyə verilib. Həmin tələbələr saytdakı müvafiq formanı dolduraraq qeydiyyatdan keçə bilərlər. Sayt 3 dildə – Azərbaycan, ingilis və rus dillərindədir. Onlayn sənəd qəbulu ilə bağlı maraqlandıran sualların cavablandırılmasını, mümkün problem və anlaşılmazlıqların dərhal aradan qaldırılması üçün qaynar xətt nömrələri ilə əlaqə saxlamaq olar".
Həmçinin vurğulanıb ki, bu il universitetin magistraturaya qəbul üzrə plan yerləri 94,96% dolub. Azərbaycan Fransız Universitetində isə qəbul 100% təşkil edib.
Azərbaycan Dillər Universitetindən bildirilib ki, 2020-2021-ci tədris ilində magistraturaya qəbul olanların qeydiyyatı zamanı tələb olunan sənədlərin onlayn qəbulu üçün sənədlərin skan edilmiş surətləri magistratura-qeydiyyat@adu.edu.az mail ünvanına göndərilməlidir.
Yaxud linkinə daxil olmaqla sənədlərin skan edilmiş surətlərini göndərə bilərlər. Bakalavrlardan gün ərzində təsdiqedici mail almadıqları halda prosesi təkrarlamaq xahiş olunub.
Bakı Ali Neft Məktəbindən isə bildirilib ki, magistratura pilləsinə sənəd qəbulu burada da onlayn qaydada aparılır: "Artıq qeydiyyat prosesinə start verilib. Bunun üçün rəsmi saytda xüsusi alt bölmə yaradılıb.
Bu link üzərindən müvafiq xanalara zəruri sənədlər əlavə etməklə qeydiyyatdan keçmək mümkündür.
Tövsiyə olunur ki, tələb edilən sənədlərin skan versiyası sistəmə yüklənilsin. Mövcud vəziyyətlə əlaqədar skan, kopya aparatlarından istifadə imkanı olmayanlar üçün müxtəlif əməliyyat sistemi olan telefonlara quraşdırıla bilən mobil tətbiqlər müəyyən edilib və əməkdaşlarımız qeydiyyatçılara bütün zəruri metodiki, texniki dəstəyi göstərməyə hazırdırlar.
Bununla belə, mövcud qaydalara uyğun olaraq, qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Qeydiyyat prosesi iyul ayının 15-dək saat 09.00-dan - 17.00-dək (şənbə və bazar günləri istisna olmaqla) davam edəcək".
Lamiyə SÜLEYMANLI