AZ

Gələcəyi inkişafa, yaxud  məhvə aparan texnologiya - "Düzgün nəzarət olmasa, nəticəsi çox ağır olacaq"

 

858537b1628acb73925bfaff0d107df7.jpg
13.08.2020 12:35

İnsanın sahib olduğu ən dəyərli mülkiyyəti onun intellektidir. Məhz insan məntiqini informasiya hesablama texnologiyalarında tətbiq etmək məqsədi daşıyan və riyazi elm olan süni intellekt bu gün texnologiyanın inkişafında mühüm yer tutur.

 

Hazırda bütün inkişaf etmiş ölkələrin inkişaf strategiyasında əsas yer tutan süni intellekt Azərbaycanda necə inkişaf etdirilə bilər? Bu qlobal texnoloji çevrilişin çağırışlarına cavab verməyə hazırıqmı?


Mövzu ilə bağlı TED.az-a danışan "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyevin sözlərinə görə, süni intellekt bütün dünyada yenidir və bütün dünya süni intellekti necə inkişaf etdirmək barədə düşünür.

 

"Buna görə də, elə layihələr fikirləşmək lazımdır ki, ölkənin, cəmiyyətin, tələblərinə cavab versin. Bunu düşündükdən sonra müvafiq strategiya yazılır. Amma strategiyada ilk addım bunun etik tərəfi olur. Süni intellekt strategiyası yazılmadan, etik tərəfi düşünülmədən istifadəyə verilərsə, böyük bir təhlükəyə çevrilə bilər. Çünki süni intellektin gücü o qədər böyükdür ki, onu atom bombası ilə müqayisə edirlər. Əgər bu istiqamətdə düzgün dövlət nəzarəti olmazsa, nəticəsi çox ağır ola bilər. Mən hesab edirəm ki, mütləq strategiya formasında yazılmalıdır. Microsoft şirkəti də burda fəal iştirak edəcək. Bundan sonra isə strategiyaya uyğun addım-addım inkişaf etdiriləcək".

 

Qaçay Mirzəyev digər ikinci vacib məqamın kadr məsələsi olduğunu düşünür:

 

"Məlumat və texnologiyaya malik olsaq da, lakin kadr yoxdursa, süni intellekti necə inkişaf etdirə bilərik. Məsələn, Kanada 2025-ci ilə qədər süni intellekt sahəsində 1000 nəfər gənc alim yetişdirməyi düşünür. Çünki bilir ki, gələcək budur və iqtisadiyyat süni intellektə əsaslanacaq"

 

Onun sözlərinə gör,ə üçüncü vacib element də ölkədə müvafiq verilənlərin toplanmasıdır. Kütləvi şəkildə, böyük həcmdə verilənlər olmalıdır ki, onun əsasında süni intellekt işləyə bilsin.

 

 

"Əgər bu yoxdursa, bizim kadrlarımız da olsa, güclü modellərimiz də olsa, verilənlərin çatışmazlığı səbəbindən biz süni intellekti inkşaf etdirə bilməyəcəyik".

 

Müsahibimiz bildirdi ki, bu sadalanan amillər reallaşdırılandan sonra Azərbaycanda 1-3 ilə süni intellekt üzrə çox ciddi nailiyyət əldə etmək olar: 

 

"Ən önəmli elementlərdən biri də odur ki, süni intellekt hansı ölkədə tətbiq olunursa, həmin ölkənin dilini başa düşməsidir. Əks halda biz onu rəqəmlərlə, çox bəsit imkanlarla istifadə edəcəyik. Milli dili başa düşə bilən süni intellekt olduqdan sonra onu istənilən sahəyə tətbiq etmək mümkündür. Süni intellekt milli dili başa düşdükdən sonra xarici dildə olan ədəbiyyatı, kitabları öz dilimizə çevirə bilirik. Bu da dil baryerini aradan qaldırır. Yəni, bu cəmiyyətə, iqtisadiyyata kömək edir ki, inqilabi çevriliş və inkişaf olsun.

 

Əlimizdə statistika var ki, süni intellekti düzgün tətbiq edən ölkələrin ümumi daxili məhsulu 30 faizə qədər arta bilir. Bu o deməkdir ki, biz iqtisadi baxımdan süni intellekti tətbiq etsək, ciddi irəliləyiş əldə etmiş olarıq".

 

"Süni intellektin ölkəmiz üçün hansı mənfi tərəfləri ola bilər?" sualına isə "Microsoft Azerbaijan " şirkətinin baş menecerinin cavabı belə oldu: atomu da kəşf edərkən heç kim düşünmürdü ki, ondan atom bombası düzəldiləcək. Düşünürdülər ki ondan atom enerjisi alınacaq və az xərclə elektrik enerjisi alına bilinəcək. 

 

Hər şey süni intellektin strategiyasından asılıdır. Hər ölkənin süni intellekt strategiyası var. Yaxın qonşu ölkələrdən birinin strategiyası süni intellekti sırf hərbi istiqamətdə inkşaf etdirməkdir. Bu o deməkdir ki, buna nail olsalar yaxın gələcəkdə onların hərbi potensialı süni intellekt vasitəsilə idarə olunacaq. Süni intellektin də gücü insanın gücündən qat-qat artıqdır. Yəni insanın edə bilmədikləri onun vasitəsi ilə edilir. Təsəvvür edin ki, hərbi istiqamətə tətbiq olunsa və bizim əleyhimizə istifadə edilsə nə baş verə bilər. 

 

Bundan başqa, süni intellekt insanlar arasında ayrıseçkilik yarada bilər. Çünki süni intellektin modeli düz qurulmazsa, orada gender balansı düz fikirləşilməzsə, etik normalar düz qoyulmazsa, süni intellekt yalnış verilənlərin əsasında öyrədilərsə, əlbəttə ki, o, düzgün işləməyəcək. Bu yayınmalar bizim istədiyimiz deyil, yanlış nəticələrə gətirə bilər. 

 

Süni intellekt bir alqoritmdir. Biz buna yalançı, yanlış məlumat verib öyrətsək son nəticədə əldə etdiyimiz proqnozlar da yanlış olacaq və bizi də yanlış istiqamətə aparacaq. Əgər biz ona düz, təmiz, qərəzsiz məlumatlar öyrətsək ondan düz nəticə çıxacaq və bizi də doğru istiqamətə aparacaq.

 

Günel QURBANOVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox