AZ

Yanan avtobus necə işləyirdi? — "24"ün texniki göstəriciləri

0290f32d9b73d359d9d4148e9f931c94.png
01.09.2020 11:52

Məlum olduğu kimi, bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi baş verib.

 

TED.az olaraq həmin avtobusun texniki göstəricilərini araşdırdıq.

 

24 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus bu il “BakuBus” MMC şirkətinin rəhbərliyi altına keçib. Yeni avtobusun modeli “İveco Urbanway”dır, bu cür modellər Fransada istihsal olunur.

 

Paytaxt ərazisində fəaliyyət göstərən sözügedən avtobusa 15-076 CNG nömrəsi verilib. Bu cür avtobusların hər birində 26 oturacaq mövcuddur 74 sərnişinin ayaqüstə daşınmasına imkan var.  Avtobusların uzunluğu 12,3 metrdir. Onların üstün cəhətlərindən biri də pilləkənlərin olmamasıdır. Bu da sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Avtobuslar yaşlılar və əlillər üçün xüsusi yerlə də təchiz edilib. Sərnişinlərin ön qapıdan minib arxa qapıdan düşmələrini nəzərə alaraq avtobusun daxilində 7 dayan-tələb düyməsi qoyulub. Avtomatik transmissiya ilə birgə avtobusda ABS, ASR və sürəti tənzimləmə sistemi quraşdırılıb. 

 

Avtobuslarda hərəkət sürətini saatda 50 kilometrədək məhdudlaşdırma sistemi tətbiq edilib, nəqliyyat vasitələrinin salonunda 5, xaricində isə 3 təhlükəsizlik kamerası quraşdırılıb. Bundan əlavə, avtobusun qapıları xüsusi avadanlıqla təmin olunub ki, maneə yarandıqda onlar təkrar açılsın. Qapılar tam bağlanmadıqda isə avtobusların hərəkəti mümkün deyil. 

 

Yanğın zamanı təhlükəsizlik rolu oynayan xüsusiyyətlərdən biri bu nəqliyyat vasitələrinin ön, yan və arxa şüşələri buzlanma və buxarlanma əleyhinə sistemlə təmin edilməsidir. Vurğulamaq istəyirik ki, avtobusun ümumi konstruksiyasında soyuğu və istini izolə edən materiallardan istifadə olunub. Eyni zamanda, avtobusda iqlim-nəzarət və havalandırma sistemi də mövcuddur. Avtobusların daha bir üstünlüyü isə onların sıxılmış təbii qazla işləməsidir. Bu da ekoloji baxımdan əhəmiyyətlidir.

 

 

Nəqliyyat vasitələrinin təmirinə gəldikdə isə, “BakuBus” MMC-nin direktor müavini Vüsal Kərimlinin avtobusların təqdimatı zamanı verdiyi məlumata əsasən,  təmir və texniki baxış binasında avtobuslara bütün növ xidmət nəzərdə tutulur: «Burada eyni vaxtda 12 avtobusa təmir və xidmət göstərmək mümkündür. Binada rəngləmə, yağdəyişmə, mühərriklərin, şassilərin dəyişdirilməsi və təmiri ilə bağlı ən ağır və mürəkkəb əməliyyatlarda beynəlxalq təcrübədən geniş istifadə olunur. Bunun üçün binada dünyanın məşhur şirkətlərinin avadanlıqları quraşdırılıb».

 

Qeyd edək ki, yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Yanğınla bağlı komissiya yaradılıb, səbəblər araşdırılır.

 

Fatimə ZÜLFİQAR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox