Distant təhsildə effektivlik üçün əlçatanlıq, kompetensiya və motivasiya əsasdır
“Koronavirus pandemiyası dövründə distant təhsil təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini düşdüyü kritik situasiyadan xilas etdi. Belə ki, bu vəziyyət bizə təhsilin necə təşkil edilməsi haqqında yenidən düşünmək imkanı yaratdı.”
TED.az-ın məlumatına görə, bu sözlər Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin peşəkar təlimçi müəllimi Alqış Həsrətova məxsusdur. Bəs distant təhsilin faydaları nədən ibarətdir?
Distant, yaxud məsafəli təhsil tələbə ilə öyrədici qaynaqlar arasında elektron platformalar əsasında əlaqə quraraq tədris prоsesini reallaşdıran təhsil fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə həyata keçirir.
Ailə öhdəlikləri, şəxsi işlərin çox olması, yaşadığı məkan, məsafə və bu kimi səbəblərdən ənənəvi təhsillə məşğul olmaqda çətinlik çəkən insanlar üçün ən optimal variant olan distant təhsil pandemiyanın yayılması ilə əlaqədar olaraq zərurətə çevrildi. COVID-19-un yayılması nəticəsində məktəblərin bağlanmasına cavab olaraq, YUNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün dünya ölkələrinə distant təhsil proqramlarından istifadəni tövsiyə etdi.
Azərbaycanda distant təhsil anlayışı və distant təhsilin təşkilinin mümkünlüyü “Təhsil haqqında” Qanunda qeyd olunub. Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycanda təhsilin dörd - əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formaları var.
Distant təhsilə dəstək məqsədilə 2020-ci il mart ayının 11-dən başlayaraq “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verildi. Teledərslər bütün sinifləri əhatə edərək müxtəlif fənlər üzrə qısa videodərslər təqdim edir. Bundan əlavə, teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək üçün aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə başlanıldı. Bununla da ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. “Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Virtual məktəb” layihəsi ölkə üzrə 1 milyondan artıq şagird və 100 minə yaxın müəllimi əhatə edib.
Distant təhsil nədir?
ITE-nin İnformasiya və Kommunikasiya Texnologiyalarının təhsilə tətbiqi və digər istiqamətlər üzrə peşəkar təlimçisi Rauf Əsədovun sözlərinə görə, pandemiyanın təhsil prosesinin təşkilinə yaratdığı birbaşa maneələrə baxmayaraq, XXI əsr müəllimi texnologiyanın imkanlarından maksimum istifadə etməklə bu məhdudiyyətləri aşmağı bacardı. Təhsil müəssisələrinin bağlanması ilə üzbəüz dərsləri dayanan təhsil işçiləri çevik davranaraq bu boşluğu distant təhsil üçün ehtiyac duyulan bilik və bacarıqları mənimsəməklə doldurmağa çalışdı və özünü təkmilləşdirmə nəticəsində artıq sürətlə dəyişən yeni həyat şərtlərinə tam hazır olmağa cəhd göstərdi.
Təlimçimiz Alqış Həsrətov vurğulayır ki, distant təhsilin spesifik cəhətlərini nəzərə aldığımız zaman görürük ki, onun təşkili üçün əlçatanlıq, kompetensiya və motivasiya mütləqdir. Belə ki, təlimdə iştirak edən şəxslərin internetə sərbəst çıxışı olmalı, təhsilalanlar və təhsilverənlər informasiya resurslarından və texnologiyalarından istifadə bacarığına malik olmalı və ən əsası, bu resurslardan istifadə etmək cəhdi və arzusu olmalıdır. Həmkarının fikrini dəstəkləyən Rauf müəllim həmçinin müasir texnologiyaların təhsildə daha vacib rol oynayacağını daim təlim iştirakçılarına aşıladıqlarını vurğuladı. O qeyd etdi ki, mövcud şəratin yaratdığı təbii ehtiyac və tələbatlar bütün təhsilverənlərin İKT-dən istifadə bacarıqlarını davamlı olaraq inkişaf etdirmələrini yenidən aktuallaşdırdı.
Distant təlim prosesində yeni münasibətlərin formalaşması məsələsinə gəlincə isə, müəllimlər onlayn platformada qeydiyyatdan keçmək, virtual sinif otağına daxil olmaq, dərs prosesinin idarə olunması, qarşı tərəflə dialoqun qurulması , təqdimat etmək, onlayn mühitdə birgə iş kimi bacarıqları mənimsədikcə təlimlər daha nizamlı və peşəkar formada baş tutur. Bu isə öz növbəsində şagirdlərin dərsi daha yaxşı qavramasına gətirib çıxarır. XXI əsr bacarıqlarının zəruri bir istiqaməti olan İKT savadlılığı və müstəqil öyrənmə vərdişləri müəllimlərdə və təhsilalanlarda sürətlə formalaşır. Təlimçilərimizin sözlərinə əsasən, iştirakçı müəllimlər onlara təqdim edilən təlimin məzmunundan əlavə olaraq MS Teams proqramının imkanlarını, funksiyalarını müstəqil araşdırır, rast gəldikləri problemi sərbəst həll etməyə cəhd göstərir, yeni rast gəldikləri məqamları həvəslə öz həmkarları ilə bölüşürdülər.
Peşəkar təlimçimiz, MIE Ekspert Günay Çəndirlinin sözlərinə görə isə, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ITE-nin təşkil etdiyi müəllimlərin məsafədən öyrənməsinə dəstək məqsədi ilə ilk dəfə həyata keçirilən distant ixtisasartırma təlimləri olan STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) təlimlərinə müəllimlərin marağı böyük olmuşdur. Təlimlərdən olan görüntülər internet səhifələrində paylaşıldıqca çox sayda müəllimlərin marağına səbəb olurdu. Təlimlər MS Teams proqramının imkanlarında istifadə edilərək rəngarəng və maraqlı keçdi.
Distant təlimlərin ən çox diqqət cəlb edən məqamlarından biri də o olmuşdur ki, təlim üçün yaradılmış onlayn qruplar hətta təlim bitdikdən sonra aktivliyini itirmir, əksinə olaraq qızğın müzakirələrin getdiyi, problemlərin birgə əməkdaşlıq şəraitində həll olunduğu qaynar təlim mühitinə çevrilir. “Virtual Məktəb” platformasının getdikcə təkmilləşməsi, ən zəruri mövzulara yönəlmiş həll imkanlarının yaradılması isə işin effektivliyini daha da artırmışdır.
Distant təhsilin faydaları
Unutmamalıyıq ki, distant təhsil yalnız şagird və tələbələr üçün deyil, hər hansı bir təhsil təşkilatında qeydiyyatda olmayan şəxslər üçün də təhsil imkanı yaradır. Buna görə də, o müxtəlif məqsədlərlə reallaşdırıla biləcəyi kimi, funksiyaları da geniş olur. Bu təhsil sistemi vasitəsilə müxtəlif yaş qrupları arasında təhsil balansının təmin edilməsi asanlaşır, müvafiq elektron imkanlara malik istənilən şəxs əlavə təhsil almaq imkanına sahib olur, təhsil artıq qısa zaman ərzində daha geniş kütlələr üçün əlçatan olur. Beləliklə, təhsilin coğrafiyasının genişlənməsi ilə yanaşı, onun işlə və ailə həyatı ilə kombinasiyası asanlaşdığı üçün müxtəlif sahələr üzrə bilik və bacarıqlarının inkişaf etdirənlərin sayı durmadan artır. Nəticə etibarilə, tələbə distant təhsil sayəsində olduğu yeri tərk etmədən təhsil almaq imkanı qazanır və bu ona öz təhsilinin sürətini sərbəst şəkildə tənzimləmək rahatlığı verir. Bundan əlavə, nəqliyyat xərclərinin minimallaşdırılması da kursun qiymətinə öz təsirini göstərir. Təhsilə çıxışı olmayan şəhər və ölkələr üçün əvəzedilməz təhsil forması olan distant təhsil auditoriya qarşısında çıxış etməkdən çəkinən tələbələrin də psixoloji maneələri dəf etməyinə imkan yaradır.
Vebinarlar
Vebinar onlayn platformalardan istifadə etməklə təşkil olunan və çatdırılan tədbir, video təqdimat, seminar, təlim sessiyaları və mühazirələrdir. Vebinarlar vasitəsilə təqdimatlar müzakirə əsaslı onlayn tədbirə çevrilir. Belə ki, spiker və iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparır, materialları bölüşür və rəy bildirirlər.
Vebinarın üstünlükləri
Vebinarlar internetə çıxışı olan istənilən ölkə üçün əlçatan ola bilir. Hətta vebinarlar təşkilatçının istəyinə uğun olaraq yazıla bilər, beləliklə izləyicilər vebinarı daha sonra da izləmək imkanı əldə edirlər. Bununla bağlı təlim və vebinarlarımızın aktiv iştirakçısı Sabirabad rayonu Cəlil Fərzəliyev adına Balvar kənd tam orta məktəbində fəaliyyət göstərən tarix müəllimi Nurlana Xəlilova öz təəssüratlarını dilə gətirdi: “ITE komandası tərəfindən təşkil olunan STEM dərslərinə həsr olunmuş vebinarlar sayəsində Microsoft Hacking, Artırılmış və Virtual reallıq, Microbit qurğusundan istifadə, distant dərslərin qurulması zamanı elekton resurslardan istifadə, Veb2 alətlərin distant dərslərdə rolu mövzuları ilə ilk dəfə tanış oldum. Vebinarlar məni həmin mövzuları daha ətraflı araşdırmağa və öyrənməyə həvəsləndirdi.”
Vebinar təşkil edərkən nəzərə alınmalı vacib olan məqamlar
MIE Ekspert daha bir təlimçimiz Xalid Çəndirli isə vebinarların təşkil olunmasına diqqəti cəlb edərək burada məqsədin daha geniş auditoriyanı müxtəlif mövzularla bağlı marifləndirməkdən ibarət olduğunu qeyd edir. Onun sözlərinə görə, vebinar iştirakçılarının maraqları həm mövzu seçimi, həm sualların cavablandırılması zamanı nəzərə alınır. Qeyd edək ki, ITE təşkilatçılığı ilə həyata keçirilən vebinarlarda Virtual məktəb, STEM layihəsi , Office 365, Fənn üzrə ixtisasartırma, Elektron məktəb, Minecraft Education, Artırılmış reallıq, Virtual reallıq, mobil öyrənmə, Phyton proqramlaşdırma dili, ali təhsildə elmin kommersiyalaşdırlması prosesi və s. kimi faydalı mövzulardan bəhs edilir.
Vebinarlar zamanı "maker" fəaliyyətlər də praktiki olaraq reallaşdırılır. Buna misal olaraq qeyd edə bilərik ki, STEM təlimlərində moderator və təlimçilərimiz təcrübə yolu ilə limon batareyası, elektrik fanar, günəş batareyası quraşdırdılar. Daha bir nümunə isə AR (Artırılmış reallıq) və VR (Virtual reallıq) alətlərinin tətbiqinə həsr olunmuş vebinara aiddir. Burada günəş sistemində səyahət, tarixi yerlərə 3D baxış, su hövzələrinin detallı baxış bölməsi, müxtəlif təbiət hadisələrinin modelləşdirilməsi və s. nümayiş olunur. Xalid müəllim onu da vurğuladı ki, bu tip praktiki fəaliyyətlər öyrənənlərdə fərqli düşüncə tərzi , layihələrdə birgə fəaliyyət, özünə inam yaradır.
Təlim və vebinarlarımızın daha bir aktiv iştirakçısı olan Bakı şəhəri 281 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Flora Osmanova mövzu ilə əlaqədar bildirdi ki, vebinarlar sayəsində dinləyicilər həm İKT bacarıqlarını təkmilləşdirir, həm də innovativ pedaqoji yanaşmalar barədə məlumat əldə edir. Bu isə qarşılıqlı müzakirəyə əsaslanan interaktiv dərslər üçün əvəzedilməz rol oynayır.
Həftə ərzində elan olunan vebinar proqramlarını həm MS Teams qrupları, həm də canlı olaraq sosial şəbəkə üzərindən minlərlə müəllim izləyir.
Təlimçimiz Rauf Əsədov isə qeyd edir ki, vebinarların davam etdiyi saatlarda təlimləri izləyən müəllimlərin “çat” bölməsində aktivliyi, bizə verilən suallar, qeyd etdikləri rəylər və şərhlər onları daha da ruhlandırırdı. Onun sözlərinə əsasən, vebinarların əsas formatı nəzəri təqdimat üzərində deyil, simulyativ təlim mühitinin yaradılması və müəllimlərə praktiki bacarıqların ötürülməsi üzərində qurulur. Bununla birlikdə, iştirakçıların bu prosesi praktiki olaraq icra etmələri üçün də gedişat ardıcıl olaraq izah edilir, onlar lazımi məlumatlarla təmin edilir. Bu formatda təşkil olunan vebinarlar izləyicilərin təlimdən maksimum yararlanmalarını təmin edir.
Rauf müəllim onu da əlavə etdi ki, ümumilikdə keçən tədris ilinin yekununda və yay tətili dövründə təhsil işçilərinin distant təhsil üzrə təlimlərdə aktiv iştirakı və Vebinar layihələri Distant təhsilə hazırlıq cəhətdən kifayət qədər səmərəli oldu. Bu layihələrin və təlimlərin 2020-2021-ci il tədris ilində müəllimlərin distant təhsil üçün tam hazır olmalarına əhəmiyyətli töhfə verdiyini əminliklə deyə bilərik.
Bu zaman məsələnin təşkilati məqamlarının önəmi də diqqəti cəlb edir. Bu barədə ətraflı məlumat almaq üçün ITE-nin Özəl Proqramlar üzrə Koordinatoru İlahə Balacayevaya müraciət etdik. İlahə xanım bizə bildirdi ki, həyata keçirilən hər bir mövzu öncədən mütəxəssislərimizlə planlaşdırılır və mövzu həm aktuallıq, həm də pedaqoji heyətin müasir dövrdə ehtiyac və tələblərinə əsasən seçilir. Vebinar mövzularını daha dərindən mənimsəmək istəyən izləyicilərin müraciətləri isə vebinarlardan sonra dəyərləndirilir, müəyyən təlim istiqamətlərinə görə yönləndirilir. Bu istiqamətdə işlər üzrə gələcək planlar barədə isə İlahə xanım mövcud şəraitlə əlaqədar olaraq, davamlılığı təmin etmək üçün fəaliyyətlərin nəzərdə tutulduğunu dedi. O bildirdi ki, pedaqoji və inzibati-idarəetmə heyətinin ehtiyac və tələblərinə əsasən, distant və əyani şəkildə təkmilləşdirmə, ixitsasartırma, maarifləndirilməyə yönəlmiş təlim, seminar, vebinar və master klaslar planlaşdırılır.
Təhsil sektorunun əsgərləriyik!
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi olaraq missiyamıza əsasən, təhsilverənlərin və təhsil sahəsinin liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsilin yeni paradiqmalar və yenilikçi strategiyalar əsasında formalaşmasına dəstək veririk. Torpaqlarımızın bütövlüyü uğrunda gedən şanlı mübarizə dövründə də təhsil sektorunun əsgərləri kimi davamlı və keyfiyyətli təhsilin təmin edilməsi məqsədilə Vətənimiz üçün çalışmağa davam edirik!
Əsmər HƏŞİMLİ
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin
Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssisi



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








































