AZ

Sisakan könüllülər dəstəsinin komandiri Paşinyanı duelə çağırıb - Müharibə dövrü sosial şəbəkələrdə

d2abe6bff707b8b797263c6438ca089a.jpg
04.12.2020 22:54

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin bitməsindən 1 aya yaxın vaxt keçir. Amma Azərbaycan xalqının coşğusu azalmır, hətta günbəgün artır. Əlbəttə, bu coşğu sosial şəbəkələrdə də özünü göstərir. Ordumuzun qəhrəmanlığı, təxminən 30 il sonra əzəli torpaqlarımızın işğaldan azad edilməsi barədə maraqlı paylaşımlar olur. 


TED.az "Müharibə dövrü sosial şəbəkələrdə" rubrikasında həmin paylaşımlardan bəzilərini təqdim edir:

 

Nəzakət Məmmədova 


Hər bir xalq tarix boyu 2 yerə bölünüb: passionar hissə və kütlə. Müharibələrdə qəhrəmanlığı ilə seçilən, inqilablar edən, kütləni arxasınca aparan həmin o passionarlardır. Liderlər, döyüşçülər də onların sırasından çıxır. Yəni fəal vətəndaş mövqeyi ilə seçilən, haqsızlığa susmayan, azad ruhlu insanlar. Ona görə də bütün cəmiyyəti kütlə deyə görüb yuxarıdan aşağı baxan, özünü elita sayanların aqibəti bir qayda olaraq yaxşı olmur. Onlar reallıq hissini itirib, eyforiyaya qapılıb xalqın içindəki passionarlığı görməzdən gəlir və ya görə bilmirlər. Halbuki, xalqın həmin o passionar hissəsi kütləni arxasına almaqla gec ya tez öz sözünü deyir. Passionarlıq xalqın içərisində yatmış əjdahadır, mütləq bir gün oyanır. Passionarlar olmasa nə kütlə xalqa çevrilər, nə də tarixdə böyük hadisələr baş verməzdi. Xalqın passionarlığı artdıqca o, kütlə olmaqdan uzaqlaşır. Qarabağ savaşında qəhrəmanlıq göstərən Azərbaycan xalqı öz passionarlıq dövrünün daha bir mərhələsini yaşadı. Kütlə deyə aşağılayıb bu xalqın içindəki passionarlığı öldürməyin, gün gələr, ona çox ehtiyac duyarsınız, yan yörənizdə sizi müdafiə edəcək kimsə qalmaz...


Yadigar Sadıqlı 


"Sisakan" könüllülər dəstəsinin komandiri Aşot Minasyan Nikol Paşinyanı duelə çağırıb. Deyir, yer və silah seçimini, ilk atəş hüququnu ona verirəm.


Bu yaşda Dümanın kitablarına aludə olmaq nəyə lazımdır axı? Rişelye tutub ikinizi də basacaq içəri...


Nərmin Salmanova


Məni tanıyanlar hisslərimi ifadə etmək gələndə necə çəkingən olduğumu bilir. Hissləri içimdə yaşayıram. Bütün bu vaxtı yığılan emosiyaları bu dəfə dilə gətirəcəyəm. 


Deyəcəksiniz, şəhidsiz torpaq alınmır və sair. Bunları bilirik. Sadəcə bu kədər sevinci yaşamağıma mane oldu. Şəhid ailələrinə baxırsınızmı? Boynu bükük valideynlər, bacı-qardaşlar, yoldaşlar, övladlar. Ehtiyac içində olan ailələr. Yeganə ümidləri elə o şəhid olan igidlər - oğulları, ataları, yoldaşları idi. Gözlərində ümidsizliklə çəkilən süjetlərdə, dəvət aldıqları verilişlərdə otururlar. Onların əlindən tutulacaqmı?  Maddi ehtiyacları qarşılanacaqmı? Övladları məktəbə gedəndə heç bir sarıdan problem yaşamayacaq ki? Universitetə hazırlaşmağa, oxumağa imkanı olacaqmı? Ata-analarının ahıl vaxtlarında əlindən tutulacaqmı? Yoxsa ağladıq, reytinq xətrinə paylaşımlar, verilişlər hazırlandı, 1-2 ay yanlarında olduq və bununla da bitəcəkmi? Eyforiya hissi dağılandan sonra onlar da mı unudulacaq? Onların keçirdiyi ağrını təsəvvürümdə canlandırıram və özümə yer tapmıram. Onların bir ömür əlindən tutmaq bizim borcumuzdur. Hamımızın.


Kamran Vəli


XTQ kəşfiyyatçısı, Şuşa qazisi Sirus Müsüzadə:


- Biz iki gün Şuşanın Daşaltı hissəsində şəhərin kəşfiyyatında qaldıq. İki gündən sonra hücuma keçdik. Gecə saat təxminən 2 olardı ki, Şuşaya doğru irəlilədik. Əlimizdə olan tək silah avtomat idi, ancaq onlar bizim üstümüzə bütün silahlardan atırdılar. Aşağıdan yuxarı sıldırım qayaları qalxırdıq. Çox çətin idi, dizin-dizin dağı qalxırdıq. Düz qalxmaq qeyri-mümkün idi. Qayadan əlimizlə tuturduq, dizlərimiz yerdə, iməkləyə-iməkləyə qalxırdıq sıldırım qayaları.


Dağa qalxanda inilti eşitdim. Bildim ki, kimsə yaralanıb. Gördüm döyüş yoldaşımdır. Düzdür, tanımırdım şəxsən, ancaq mən ona kömək etməli idim. Vicdanım yol verməzdi ki, onu o vəziyyətdə, yaralı halda qoyub gedim. Qolundan tutdum, yuxarı qaldırdım, bir qolumda yaralı yoldaşım, digər əlimdə silah, o vəziyyətdə döyüşdüm. Sürünə-sürünə qalxdıq yuxarı. Hətta orada ağır çəkidə olan döyüşçülər var idi. Onları daşımaq çox çətin idi. Biz nə şəhid olan yoldaşımızı, nə də yaralanan qardaşlarımızı döyüş meydanında qoya bilərdik. 


Şuşaya qədər təxminən 4 gün yol getdik. Gecə saat 2-də Şuşaya girdik, səhər saat 8-ə qədər döyüşdük. Ora ən ən vacib yüksəklik idi, biz həmin yeri yaralı-yaralı qoruyub saxladıq ki, şəhərin özünə girənlər üçün çətinlik olmasın. Döyüş yoldaşlarm Şuşaya girəndə mərmiləri bitib, mühasirədə qalmışdılar. Ürəkləri rahat olsun deyə silahı atıb əlbəyaxa davaya girirdilər. Qisaslarını bur cür alırdılar.


Cavid Qara 


Bir dəqiqəlik sükut bəlkə də həyatımda ən uzun bir dəqiqə idi. Çox təsirləndim. Fəvvarələr meydanında hamı bir-birinə baxdı, yerində qaldı. Heç kəs tərpənmirdi. Hər şey uzun 1 dəqiqəlik donmuşdu.


Rəbiqə Nazimqızı 


Dünənə qədər torpaqlar da düşməndə idi, şəhid də gəlirdi. İndi Allaha şükür, məsələnin böyük bir hissəsi həll olunub, şəhidlər də ona görə gedib ki, o torpaqlar azad olsun. İndi bəzi adamlar başlayıblar ki, Yeni İli bayram eləməyək, Novruz da Qara Bayram olsun.


Tam ciddi soruşuram, 30 ildi nə ağılla bayramları ləğv elətdirmirdiz? Toyda necə oynayardız bu məntiqlə?


Biz məğlub dövlət deyilik. Yığışdırın bu "canıyananlığınızı". Qarabağ şəhidlərinin sayı üç min deyil, daha çoxdur. Müharibə 30 ildi gedir, sadəcə, artıq məğlub libasda deyilik


İntiqam Hacılı


- And iç.


- 2783 şəhid haqqı.


Fəridə Rəsulova


Müharibənin ilk günündən bu rəqəmi gözləyirdim. Bu ərəfədə hər yazdığım statusun arxasında bu naməlum rəqəm dayanırdı. 


Və budur - 2783. 


Belə həssas mövzularda bilmirsən nə deyəsən, nə yazasan ki, pafoslu çıxmasın. Bircə məsələ ürəyimdən keçib ki, yazım. 


Dünən eşitdim, bir nəfər deyir — "atası şəhid oldu, yetim qaldı uşaq…"


Pis niyyətlə demədi... Amma...


Necə zəhləm gedir bu "yetim" sözündən… Bəlkə ona görə ki, atasız böyümüşəm, amma bircə gün belə özümü yetim hiss etmədim. Bu uşaqlar isə ümumiyyətlə yetim ola və qala bilməz. Heç vaxt!
 

Nə olar, elə deməyin. Hər birimizin uşaqlarıdır, çünki atalara borcluyuq. Və bu borcu silmək, unutmaq, bağlamaq olmur. Hər dəfə Şuşadan bizə zəng gələndə, Kəlbəcərə istirahətə gedəndə, Cəbrayıldan meyvə alanda — bunu yadımıza salacağıq. Yadımıza salmalıyıq!


Bugünkü hisslərimiz ildə bir dəfə status yazmaqla, profil şəklimizi dəyişməklə bitməməlidir.


Bugünkü hisslərimiz real qayğıya çevrilməlidir.


???? Şəhidlərin ailələrindən xəbərimiz olmalıdır.


???? 300 manatlıq təqaüd söhbəti ortaya bir də çıxmamalıdır.


???? Şəhid ailələrinə kömək etmək üçün şəffaf sistem yaranmalıdır. 


Bu, Vətən müharibəsində ağır zədə alan əsgərlərə də aiddir. Qazilərimizə də.


Hər birimiz hansısa cədvələ, sayta, resursa baxıb rahat olmalıyıq, döyüşçülərimizin, qazilərimizin ehtiyacının ödənildiyini şəffaf şəkildə görməliyik.
 

Bu 2783 igidin həyatı yarıda kəsilsə də, onların doğmaları əziyyət çəkməməlidir. Bunun üçün şəffaf sistem yaradılmalıdır. 


Mütləq!


Ruhları şad olsun demirəm. Bu qədər insanın doğma torpağına qayıtması üçün can verənlərin ruhu şad olmaya biməz, Allah onlara rəhmət etməyə bilməz... 


2783 dəfə baş əyirəm...


Nərmin Nöqtə 


Belə bir elan gördüm indi Instagram-da. Bəlkə aranızdan kimsə ehtiyacı olan qazilərimizdən kimlərisə tanıyır. Əlaqələndirə bilərsiniz. İtaliyalı üz-çənə rekonstruktiv cərrahı Alessandro Marano yaralanan, əməliyyata ehtiyacı olan əsgərlərimizə təmannasız xidmət etməyə hazırdır!


Müraciət etmək üçün (050) 280-84-80 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Nüşabə Hüseynli 


Küçədə, metroda, avtobusda, marketdə, məclisdə - hər yerdə diqqətli olacaqsan. Qarşındakı insana kiçiyindən-böyüyünədək tanımadan, bilmədən ən yüksək həddə sayğı bəsləyəcəksən, kiminsə çətin duruma düşdüyünü gördünsə, tərəddüd etmədən kömək edəcəksən - çünki qarşındakı 2783 şəhidin anası, atası, bacısı, övladı ola bilər. Toplum olaraq, onlarla münasibətə hazır olmalıyıq.


Nəsir Əhmədli 


2783


2+7+8+3=20-ci il


2+7=9-cu ay


27 - Vətən savaşının başlandığı gün


8+3=11-ci ay


8 - Zəfər günü


Allah şəhidlərimizə rəhmət eləsin. Sayları ilə də belə bir tarix yazdılar: 20-ci ilin 9-cu ayının 27-də başladıq, 11-ci ayın 8-də Zəfər çaldıq!

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox