AZ

Baktelecom Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətlərini təqdim etməyə başladı

8c0e648f3be1903fd916650a8e1fd13c.png
29.04.2021 13:24

TED.az  xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) Hövsan sakinlərini “Evədək optika” layihəsi çərçivəsində telefon, internet və televiziya xidmətləri ilə təmin etməyə başladı. Qəsəbənin Quşçuluq massivində 1800 nömrə tutumlu optik şəbəkə qurulub. Hazırda 1200 mənzilin genişzolaqlı xidmətlərə qoşulması həyata keçirilir. Görülən işlər sözügedən massivdə telekommunikasiya xidmətlərinə tələbatı tam şəkildə ödəyir. Şəbəkənin qurulması zamanı gələcəkdə yaşayış massivinin genişləndirilməsi və sakinlərin sayının artması ehtimalı da nəzərə alınıb.

 

Əlavə olaraq Hövsan kəndi, Bağlar və Zeytunluq massivlərində müasir standartlara cavab verən fiber-optik xətlərin çəkilişinə başlanılıb. Yenidənqurma işlərindən sonra sakinlər keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin ediləcəklər.

 

Hövsan qəsəbəsi bütünlüklə “Evədək optika” layihəsinin əhatə dairəsinə daxil edilib. Baktelecom tərəfindən ərazidə 15 000 nömrə tutumlu şəbəkənin mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, “Evədək optika” layihəsi çərçivəsində Bakı və ətraf ərazilərdə 230 000 istifadəçi tutumlu optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 000 mənzilin müasir standartlarla optik xidmətlərə qoşulması təmin edilib. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə imkan yaradır.

 

“Bakı Telefon Rabitəsi” MMC haqqında

 

1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində  “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb. 

 

“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, DATA, İPTV, CDMA və LTE  texnologiyalarına əsaslanan telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.

 

Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “Azeurotel” MMC fəaliyyət göstərir. 

 

Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox