AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı layihəsi üzrə ilk onlayn görüş keçirilib
Martın 29-da “Azərbaycanda AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə ilk onlayn görüş keçirilib.
YT Parkdan TED.az-a bildirilib ki, tədbirdə Azərbaycan tərəfindən 6 yerli ekspert və 22 nəfərdən ibarət benefisiar qrup, Koreya tərəfindən isə 2 layihə meneceri və koordinator, eləcə də 12 məsləhətçi iştirak edib.
Tədbirdə əvvəlcə STEPI-nin (Koreya Elm və Texnologiya Siyasəti İnstitutu) prezidenti professor Mi Ok Munun videoformatda qeydə alınmış giriş nitqi dinlənilib. O, rəhbərlik etdiyi institutun əsas fəaliyyət istiqamətlərindən söz açıb.
“Elm, texnologiya və innovasiyalar iqtisadi transformasiyaların əsasını təşkil edir”, - deyən STEPI-nin prezidenti qeyd olunan üç amilin iqtisadi, sosial və ətraf-mühit dayanıqlılığının təmin edilməsində mühüm rolu olduğunu bildirib.
M.O.Mun milli tədqiqat və inkişaf layihələrinin planlaşdırılması, qiymətləndirilməsi və idarə edilməsi, eləcə də sənaye və texnologiya siyasətinin tədqiqi funksiyalarını həyata keçirən STEPI-nin bu sahədə ixtisaslaşmış, dövlət tərəfindən maliyyələşdirilən tədqiqat institutu olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, STEPI biliklərin idarə edilməsi, hökumət və sənayelərlə fəal qarşılıqlı əlaqəsi sayəsində Koreyanın milli rəqabət qabiliyyətinin artırılmasına, xüsusən də elm və texnologiyanın inkişafına dəstək verir.
“STEPI elm və texnologiyaya əsaslanan milli innovasiya siyasəti üzrə qlobal tədqiqat institutuna çevrilməkdir”, - deyə bildirən M.O.Mun təşkilatın “Daha yaxşı elm və texnologiya - daha yaxşı həyat” devizi ilə fəaliyyət göstərdiyini vurğulayıb.
O, rəhbərlik etdiyi qurumun AMEA YT Park ilə 2018-ci ildən davam edən əməkdaşlıq əlaqələrindən də bəhs edərək, bu əməkdaşlıq nəticəsində 3 layihənin həyata keçirildiyini, YT Park üçün strateji planının inkişaf etdirilməsinə dəstək verildiyini diqqətə çatdırıb.
M.O.Mun 2022-2024-cü illər ərzində STEPI ilə birgə həyata keçirilməsi nəzərdə tutulan layihənin YT Parkda texnologiyaların kommersiyalaşdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib, layihənin Azərbaycanın elm, texnologiya və innovasiya siyasətinə mühüm töhfə verəcəyini vurğulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış edərək Azərbaycan-Koreya Respublikası əlaqələrinin ötən 30 il ərzində siyasi, mədəni, iqtisadi, elmi-texniki sahələrdə mütəşəkkil formada uğurlu yol keçdiyini vurğulayıb. O bildirib ki, STEPI-nin tərəfdaşlığı ilə son 7 ildə 12 ölkə ilə beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi, habelə elm, texnologiya və innovasiya siyasəti ilə bağlı məsləhətləşmələr, o cümlədən bacarıqların artırılmasına dair 16 layihə icra edilib.
Akademik Cənubi Qafqaz regionunda, o cümlədən MDB dövlətləri arasında Azərbaycanın Koreyanın təqdim etdiyi bu imkanlardan faydalanmış və ən çox layihə həyata keçirmiş ölkə statusuna sahib yeganə dövlət olduğuna diqqət çəkib.
“2022-2024-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsinin Koreya Respublikası hökuməti tərəfindən dəstəklənməsi AMEA Yüksək Texnologiyalar Parkının STEPI üçün etibarlı tərəfdaş olduğunu sübut edir”, - deyə AMEA-nın vitse-prezidenti qeyd edib. Əlavə edib ki, bu layihə Yüksək Texnologiyalar Parkının əməliyyat potensialını və rəqabət qabiliyyətini əsas təlim proqramları vasitəsilə gücləndirməyi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılmasına və inkişafına dəstək verməyi, həmçinin əməliyyat təcrübəsini artırmağı hədəfləyir.
Akademik İ.Hüseynovanın sözlərinə görə, layihənin nəticələrinə əsasən, Yüksək Texnologiyalar Parkı ilə STEPI-nin uğurlu fəaliyyəti nəticəsində hazırlanmış strateji planın və yol xəritəsinin davamı olaraq, texnologiyaların transferi-kommersiyalaşdırılma və startap-inkubasiya əməliyyat proqramları üzrə xidmətlər təklif ediləcək.
İ.Hüseynova, həmçinin Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Li Eun-Yongu rəhbərlik etdiyi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna dəvət edib.
Vitse-prezident çıxışının sonunda layihənin həyata keçirilməsini YT Parkın fəaliyyətinin ən müasir tələblərə uyğun qurulması baxımından yüksək qiymətləndirib və proqramın uğurla icra olunacağına əminliyini ifadə edib.
Daha sonra Koreyanın ölkəmizdəki səfiri Li Eun-Yong, eləcə də Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov çıxış edərək layihənin işinə uğurlar arzu ediblər. Diplomatlar tədbir iştirakçılarını fəal olmağa, innovasiya və texnologiyalar üzrə qabaqcıl ölkələrdən olan Koreya təcrübəsinin mənimsənilməsində maksimum aktivlik göstərməyə çağırıblar.
Qeyd edək ki, cari ildən icrasına başlanılan “AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsi texnoparklar üçün xarakterik olan əsas istiqamətlərin - texnologiyaların transferi və kommersiyalaşdırılması və startap-inkubasiyanı əhatə etməklə bu sahələrdə Koreya təcrübəsinin öyrənilməsi və tətbiqini qarşıya məqsəd qoyur.
Tədbirdə, həmçinin “2022-2024-cü illər üçün K-İnnovasiya layihəsinə ümumi baxış”, “AMEA YT Park və STEPI arasında əməkdaşlığın nailiyyətləri və təsirləri”, “Azərbaycanda texnologiyanın kommersiyalaşdırılmasının vəziyyəti”, “Texnologiyaların kommersiyalaşdırılmasının rolu və idarəçiliyi”, “Universitet və tədqiqat institutlarında texnologiyaların kommersiyalaşdırılması proqramları”, “Koreya universitet və tədqiqat institutlarında texnologiyaların kommersiyalaşdırılması proqramları” mövzularında məruzələr dinlənilib.
Layihəyə dair geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.
Qeyd edək ki, görüş çərçivəsində AMEA YT Park ilə STEPI arasında 2018-ci ildən həyata keçirilən yekun hesabatların tərcüməsi əsasında hazırlanmış “Azərbaycanda elm, texnologiya və innovasiya siyasətinin inkişafı və texnoparkların idarə edilməsi: Koreya təcrübəsi (2018-ci il)”, “Azərbaycanda texnologiyaların transferi və kommersiyalaşdırılmasının təşviqi üzrə məsləhətləşmələr (2019-cu il): Koreya təcrübəsi” və “Azərbaycanda texnologiyaların transferi və kommersiyalaşdırılmasının təşviqi üzrə məsləhətləşmələr (2020-ci il): Koreya təcrübəsi” adlı kitabların təqdimatı olub.