AZ

2023-2026-cı illərdə 11 yeni regional DOST Mərkəzi açılacaq

37ed68b790c3653cb1310c86a88fbcfa.jpg
29.03.2023 13:50

Həmin dövrdə 55 DOST filialının, SMART DOST məntəqələrinin də yaradılması planlaşdırılır

 

Ötən ilin dekabrında 5 saylı Bakı DOST Mərkəzinin açılışı ilə paytaxt və Abşeron rayonu DOST xidmətləri ilə tam əhatə olunub. 2023-2026-cı illərdə 11 yeni regional DOST Mərkəzinin, həmçinin 55 DOST filialının və SMART DOST məntəqələrinin yaradılması planlaşdırılır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, bu barədə DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.

 

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzinin açıldığını, regional DOST infrastrukturunun qurulması sahəsində işlərin davam etdirildiyini diqqətə çatdırıb. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir və innovativ əsasda təqdim olunmasına imkan verdiyini vurğulayıb.

 

Bu ilin ötən dövründə DOST mərkəzlərində 165 minə yaxın, ümumilikdə ötən dövrdə 1 milyon 434 mindən çox vətəndaşa xidmət göstərildiyi, həmin xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,5 faiz təşkil etdiyi bildirilib.

 

Qeyd olunub ki, Azərbaycanın uğurlu sosial islahat nümunəsi olan DOST təcrübəsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bunun təzahürü kimi, ötən il DOST Agentliyi 8 beynəlxalq mükafatla təltif edilib. Beynəlxalq müsabiqələrdə 2 layihə üzrə finalçı seçilən agentlik 4 beynəlxalq ISO sertifikatı əldə edib.

 

Regional DOST infrastrukturunun qurulması ilə bütün ölkə əhalisi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin sakinləri DOST xidmətləri ilə tam əhatə olunacaq. Eyni zamanda, innovativ yanaşmaların və texnoloji həllərin tətbiqinin genişləndirilməsi, DOST xidmətlərinin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi, müyəssərliyin artırılması, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

 

İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov agentliyin fəaliyyəti, o cümlədən 2023-cü ilin ötən dövründə əhaliyə göstərilən DOST xidmətlərinə, Çağrı mərkəzi 142-nin fəaliyyətinə, agentliyin hədəflərinə dair təqdimatla çıxış edib.

 

Müşahidə Şurasının iclasında DOST Agentliyinin fəaliyyəti ilə əlaqədar məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox