AZ

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu ABŞ-da təqaüdlə təhsil alır

 

92e7a6b012bd1570afd89853cf02749e.png
13.09.2023 14:00

Məni kibertəhlükəsizliklə bağlı marağımı cəlb edən başlıca faktor - pis niyyətli insanların veb-saytlardan şəxsi məlumatları oğurlayaraq öz məqsədləri üçün istifadə etmələrinin qarşısını almaq, rəqəmsal dünyada şəxsi məlumatların təhlükəsizliyinin təmin olunmasının çox önəmli olduğunu görməyim oldu. Karyera dəyişikliyi etməyimin digər səbəbi də rəqəmsal dünyanı daha təhlükəsiz hala gətirmək və bu sahəyə böyük töhfə vermək arzusudur. Bu sahədə fəaliyyət göstərərək internetin hər kəs üçün daha təhlükəsiz olmasına kömək edə biləcəyimi düşünürəm. Kibertəhlükəsizlik dünyanın ən vacib mövzularından birinə çevrilib və bu sahədə ixtisaslı mütəxəssislərə böyük ehtiyac var.

 

Bu barədə TED.az-a müsahibəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk məzunlarından biri olan Mirhəşim Seyidov deyib.

 

23 yaşlı Mirhəşim Seyidov Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi fakültəsində bakalavr təhsili alıb, eyni zamanda, SOCAR-ın Neft Emalı Zavodunda 4 aylıq təcrübə proqramında iştirak edib.

 

“Kimya mühəndisliyi üzrə yaxşı təhsil almışam və bu sahədə işləməyi xoşlayırdım. Lakin məzun olduqdan sonra karyeramı kibertəhlükəsizliyə çevirmək qərarına gəldim. Kompüterlərə və texnologiyaya olan marağım, artan kiberhücum təhlükəsi və bu sahədə yüksək iş imkanları məni kibertəhlükəsizlik sahəsində karyera qurmağa sövq etdi. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və İsrailin Technion Universiteti ilə birlikdə təşkil etdiyi Sertifikat proqramında iştirak etməyə qərar verdim. 6 aylıq təlimi müvəffəqiyyətlə başa vurdum. Sonra Florida Beynəlxalq Universitetindən “Master of Science in Networking- Application security” dərəcəsi üzrə 75 faiz təqaüd (22 min ABŞ dolları) qazandım. Bu sahədə daha çox bilik və bacarıqlara yiyələnmək və akademik təhsilimi bu sahədə davam etdirmək üçün hazırda ABŞ-da magistratura təhsilimi davam etdirirəm”, - deyə azərbaycanlı gənc mütəxəssis bildirib.

 

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə bu sahədə çox az biliklərlə gəldiyini bildirən M.Seyidov çox yox, cəmi yarım il sonra məhz kibertəhlükəsizlik sahəsində bir sıra bilgilərə yiyələndiyini vurğulayıb. “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlimlərə başlayanda bu sahədə çox az biliyə sahib idim. Başlanğıcda “Linux”, “Networking” və “Microsoft Technologies” kimi mövzularda dərslər keçirdik. İki ay sonra mavi və ya qırmızı komanda üzvü olmaq arasında seçim etməli olduq. Mavi komandanı seçdim, çünki nəyəsə hücum etmək yerinə onu qorumaq daha çox marağımı çəkirdi. 6 aylıq proqram ərzində “Security Information and Event Management (SIEM)” və “Security Operations Center (SOC)” mövzuları, “Kibertəhlükəsizlikdə riskləri anlamaq”, bulud sistemlərinin təhlükəsizliyini təmin etmək, “Windows” və “Linux” əməliyyat sistemlərində hücumlara aid izlər axtarmağı, şəbəkələri izləmə kimi müdafiənin fərqli tərəflərini öyrənmək kimi şansım oldu. Sistemləri daha təhlükəsiz hala gətirmək və hətta mobil cihazlarda dəlillərin axtarışı mövzusunda dərslərimiz oldu. Öyrəndiyim bütün bu yeniliklər məni daha bilikli hala gətirdi və bir “blue team defender” olaraq kibertəhlükəsizlik sahəsində karyera qurmağa qərar verdim”, - deyə M.Seyidov sualımızı cavablandırıb.

 

Hazırda aparıcı sahələrdən birinə çevrilən kibertəhlükəsizlik sahəsində ölkəmizdə məhz gənclərin bu istiqamətdə təhsilini başlaması üçün gənc mütəxəssis Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən başlamağı tövsiyə edib. “Kibertəhlükəsizliklə maraqlanan insanlar, bu sahədə təməl bilik və bacarıqlara yiyələnmək üçün universitet təhsilini bu istiqamətdə almaqla başlaya bilərlər. Ayrıca, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yarımillik təlimlərində bu sahədə uğurla addımlamaq üçün lazım olan bütün bilik və bacarıqlara yiyələnə bilərlər. Biliklərin artırmaq və daha da maariflənmək üçün onlayn kurslarda da iştirak edib, internetdə kibertəhlükəsizliyə dair videodərslərlə maraqlana bilərlər, kibertəhlükəsizlik barədə kitablar oxumaq kimi imkanları var. Florida Beynəlxalq Universitetində təhsilimi bitirdikdən sonra Azərbaycanda kibertəhlükəsizlik sahəsində karyeramı davam etdirməyi planlaşdırıram. Bu sahə üzrə ekspertlərə tələbat artır və inanıram ki, ölkədə rəqəmsal təhlükəsizliyə töhfə vermək üçün çoxlu imkanlar olacaq”, - deyə Mirhəşim Seyidov qeyd edib.

 

Qeyd edək ki, Mayami şəhərində yerləşən Florida Beynəlxalq Universiteti böyüklüyünə görə Floridada ikinci, ABŞ üzrə isə yeddinci yerdə qərarlaşıb. Hazırda burada 48 minədək tələbə təhsil alır.

Elm bölməsindən digər xəbərlər

Daha çox