COVID-19-un yeni ştamlarının yayılmaması üçün hər kəs özünü qorumalıdır

Yeni növ koronavirus (COVID-19) mutasiyaya uğrayaraq əvvəlkilərindən daha təhlükəli olan EQ.5, “eris”, BA.2.86 kimi yeni ştamların yaranmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Cənubi Koreya, İtaliya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Avstraliya və Sinqapurda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur.
Bir sıra ölkələrdə vəziyyət daha kritikdir. Son bir ayda yoluxanların sayı 38 faiz artıb. Hazırda Amerika Birləşmiş Ştatlarda COVID-ə yoluxma 2020-ci ilin statistikası ilə təxminən eynidir. Gündə 650 nəfərdə COVID-19 aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxının virusa yoluxacağı proqnozlaşdırlır. Ölüm halları avqust ayı ilə müqayisədə 5 faiz artıb. Bəzi ölkələrdə virusla mübarizə tədbirlərinə başlanılıb, məhdudiyyətlər tətbiq olunur. Yeni dalğalar başlayandan təxminən iki həftə sonra Rusiyada yeni ştama yoluxma qeydə alınıb. Ölkədə 6 məktəb karantinə bağlanıb.
TED.az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: “Hazırda bütün infeksiyalar qarışıq bir şəkildə yayılıb. Dünyada koronavirus infeksiyasının yeni ştamları yaranmaqda davam edir. Müayinə olunduğu təqdirdə COVID-19-un hansısa ştamı ilə rastlaşmaq mümkündür. Bir sıra dünya ölkələrində maska rejimi tətbiq olunmağa başlayıb. Payız fəslimin qədəm qoyması ilə əlaqədar yoluxma sayı artaraq ağır və xroniki xəstələrə ölümcül təsir göstərə bilər. Ona görə də özümüzü qorumalıyıq ki, ölkəmizdə həmin ştamın yayılması halları baş verməsin. Yuxarı tənəffüs yollarının hansısa xəstəliyinə yoluxma zamanı xəstəlik üç gündən artıq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır”.
Ötən aylarla müqayisədə ölkəmizdə koronavirus xəstələrinin sayı ikiqat artıb. Əvvəllər yoluxanların sayı aşağı rəqəmlər təşkil edirdisə, indiki yoluxma statistikası üçrəqəmlidir. Risk qrupuna daxil olanlar yeni mutasiyalarda əvvəlki ştamlarda olduğu kimi yanaşı xəstəliyi olanlar, hamilələr, qocalar və azyaşlılar hesab edilir.
“Təbii ki, xəstəliyin yayılma səbəblərindən biri havaların soyumasıdır. Yeni ştamlara əsasən immuniteti zəif olan və yaşlılar yoluxur. “Boğaz ağrısı, hərarətin yüksəlməsi, halsızlıq, yorğunluq, əzələ və bədən ağrıları, iştahasızlıq, halsızlıq, ishal və yaxud temperaturun üç gündən artıq düşməməsi istənilən virusa xasdır. Yeni ştamlar yaranırsa, onun yoluxma tezliyi arta bilər, amma öldürücülük qabiliyyəti əvvəlkindən aşağıdır”, - deyə həkim-terapevt bildirib.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib: “Risk qrupuna aid olanlar peyvənd edilməklə bu dalğanı adlaya bilərlər. Son üç il ərzində əldə edilən infeksiyadan qorunmaq təcrübəsini indi də tətbiq etmək lazımdır. Bu, ilk növbədə qapalı yerlərdə maskadan istifadə etmək, müəyyən sosial məsafəni gözləmək və sanitar-gigiyenik qaydalara əmək etməkdən ibarətdir”.
Ölkəmizdə kritik vəziyyətin yaşanmaması özümüzdən asılıdır, çünki kəskin artan yoluxma sayı sərt qapanmaları zəruri edir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı əhalini peyvənd olunmağa çağırır. Mütəxəssislər deyir ki, vaksinasiya olunmayanlar COVID-19-un yeni ştamlarına daha tez yoluxur və xəstəliyi ağır keçirir.