“Medinex” Tibbi İnnovasiyalar sərgisində TƏBİB-in pavilyonunda 3 startap layihəsi təqdim olunacaq

Ötən il olduğu kimi, “Medinex” 2023 sərgisi çərçivəsində tibb sahəsinin aktual mövzuları müzakirə ediləcək. Öz dinamikliyi ilə seçilən bu platforma Ümumdünya Səhiyyə Təşkilatı, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin nümayəndələrinin iştirakı ilə “Tibbi təcrübənin dəyəri: həyatda tətbiq və cəmiyyət üçün faydalar”, bundan başqa, “Qidalanma və xərçəng xəstəliyi”, “Kardiologiya sahəsi üzrə aktual problemlər”, “TeleTibb sistemlərinin gələcək inkişafı”, “Tibdə süni intellekt”, “Azərbaycanda orqan transplantasiyası və onun əhəmiyyəti”, “Hemotoloji xəstəliklərdə sümük iliyi transplantasiyası”, pediatriya sahəsində aktual problemlərdən olan “Müxtəlif autizm spektrlı uşaqlar” və bu kimi bir sıra cəmiyyət üçün vacib mövzuları əhatə edəcək.
TED.az xəbər verir ki, bunu sərgi ilə bağlı bu gün təşkil olunan mətbuat konfransında TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Z.Ədilova bildirib ki, TƏBİB sərgidə rəsmi tərəfdaş olmaqla yanaşı, pavilyonla da təmsil olunur: “İnsan bədəninin skelet, əzələ, qan-damar sistemlərini və orqanları əks etdirən pavilyonumuzda quraşdırılan monitorda tibb müəssisələrimizin fəaliyyəti barədə təqdimatlar nümayiş olunacaq. Qarabağda tibbi xidmətin təşkili ilə bağlı görülən işlər haqqında məlumatlar videoçarx formasında ziyarətçilərimizə təqdim ediləcək.
Ümumiyyətlə, işğaldan azad olunan torpaqlarımızda əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlər, eləcə də həmin torpaqlara köçürülən sakinlərin tibbi müayinələrin təşkili hər zaman TƏBİB-in diqqətindədir. Sərgidə də bütün bu görülən işlər barədə məlumatlar geniş formada təqdim olunacaq. Ağalı sakinlərinin tele-tibb vasitəsilə onlayn konsultasiyası icra ediləcək. Qeyd edim ki, Ağalı Ailə Sağlamlıq Mərkəzində tele-tibb sistemi vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir. Bildiyiniz kimi, iyun ayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Dünya Azərbaycanlı Təbiblərin I Simpoziumu keçirilmişdi. Həmin simpoziumda 13 ölkədən 120-dən çox xaricdə çalışan və təhsil alan həkimlərimiz iştirak etmişdi. Medinex-2023 sərgisində də tele-tibbin imkanlarından istifadə etməklə həmin həkimlərimizin Ağalı sakinləri ilə onlayn konsultasiyası təşkil ediləcək.
Bütün bunlarla yanaşı, müxtəlif autizm spektr pozuntulardan əziyyət çəkən uşaqların çəkdikləri rəsm əsərləri, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Ulu Öndərin tibbə göstərdiyi diqqətin təsvir edildiyi rəsmlərdən ibarət fotosərgi də nümayiş olunacaq. Bu il həm də Azərbaycan oftalmologiya elminin dahilərindən olan akademik Zərifə Əliyevanın 100 illik yubileyidir və sərgidə oftalmologiya ilə bağlı maraqlı panel müzakirələri də keçiriləcək.
“Medinex” Tibbi İnnovasiyalar sərgisini startaplarsız təsəvvür etmək olmaz. TƏBİB-in pavilyonunda 3 startap layihəsi təqdim olunacaq. Bunlardan biri “Sağlamlıq elektron portalı”dır. Bütün pasiyentlər barədə məlumatların, pasiyentin əvvəlki müayinə nəticələrinin də bölüşüldüyü bir platformadır. Müayinə nəticələri dərhal pasiyentin mobil telefonunda öz əksini tapacaq. Həm həkimlər, həm də pasiyentlər üçün yararlı olacaq bir startap layihəsidir. Həmin startap sayəsində həkimlər də pasiyentlə görüşləri, qeydiyyatı daha rahat idarə edə biləcək, ən əsası, düzgün müayinə edə bilmək üçün pasiyentin bütün xəstəlik tarixçəsini izləmək imkanı əldə edəcəklər.
Məlumdur ki, bu gün işgüzar insanların zamanı daha çox ofisdə keçir, hərəkətsizlik artır, bu da onurğa problemlərinə səbəb olur. Startap layihələrindən biri də məhz bu problemə həsr olunub. Onurğa aparatı və mobil tətbiq sayəsində qaməti düzgün saxlamadıqda və əydikdə mobil telefona siqnal mesajı gəlir ki, bu da onurğa problemlərinin profilaktikası üçün maraqlı bir layihədir.
Üçüncü startap layihəsi sayəsində isə dərmanların tərkibini mobil tətbiq vasitəsilə skan etdikdə onun hansı orqana, hansı xəstəliyin müalicəsində faydalı olduğunu əks etdirən məlumatlar əldə etmək mümkün olacaq. Həmin layihəyə görə dərman qutularını skan etməklə həm vizual, həm də səsli formada dərmanın tərkibi və istifadə qaydaları, göstərişləri barədə məlumatlar əldə etmək mümkündür. Səsli və video format görmə məhdudiyyəti olan insanlar üçün də rahatlığı təmin etmək üçün nəzərdə tutulub”.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” 2023 sərgisinin rəsmi dəstəkçisidirlər.