Süni intellekt insan zəkasına qarşı: müasir texnologiya Üzeyir Hacıbəyovu təkrarlaya bilərmi?

Texnologiyanın çox sürətlə inkişaf etdiyi, hətta süni intellektin bəzi sahələrdə insanı əvəzlədiyi kimi, bu proses yaradıcılıqda da gedə bilərmi?
Əslində bu sualın cavabını alimlər elə süni intellektin köməyi ilə veriblər.
Məsələn, 1911-ci ildə vəfat edən məşhur dirijor və bəstəkar Qustav Malerin yarımçıq qalan 10-cu simfoniyası süni intellekt tərəfindən tamamlanıb.
Q.Malerin 10-cu simfoniyasının ilk 6 dəqiqəsini analiz edən və onun davamı üçün öz variantlarını təklif edən neyron şəbəkəsi yaradılıb.
Proqram seçim üçün on notdan ibarət dörd variant təklif edib, daha sonra alimlər bu variantlar arasından ən yaxşı hesab etdiklərini seçiblər. Sonra süni intellekt musiqini yenidən analiz edib və notların ardıcıllığına dair öz variantlarını təklif edib.
Simfoniya Ars Electronica festivalında ifa ediləndən sonra tamaşaçılar arasında sorğu aparılıb.
Məlum olub ki, əksəriyyət orijinal əsərin nə zaman bitdiyini, süni intellekt tərəfindən yaradılmış hissənin nə zaman başladığını anlaya biliblər. Respondentlər qeyd ediblər ki, əsərdəki emosional dərinlik hissi getdikcə aradan qalxıb.
Alimlərin açıqlamasına görə, proqram kifayət qədər məlumat massivini təhlil etsə də, bəstəkara xas tipik xüsusiyyətləri yarada bilmir.
Mütəxəssislər açıqlama verirlər ki, müstəqil musiqi əsərləri yaza bilən süni intellekt hələ ki, yoxdur. Bunun üçün insan nəzarətinə ehtiyac duyulur.
Alimlər süni intellektin köməyilə təkcə musiqi bəstəsilə məşğul olmur, kompleks addımlar atmağa çalışırlar.
Misal üçün Yaponiyanın məşhur Yamaha şirkətinin mütəxəssisləri tanınmış rəqqas Kaiji Moriyamanın rəqs fiqurlarını süni intellekt vasitəsilə proqramlaşdıraraq piano ifasına çevirməyi bacarıblar.
Rəqqasın kürəyinə, biləklərinə və ayaqlarına yerləşdirilən sensorlar vasitəsilə onun hərəkətləri məlumata çevrilib. Daha sonra süni intellekt bu data bazasına istinadən hərəkətləri melodiya kimi səsləndirilib.
Bu da son deyil. Yüzlərlə Eurovision mahnısının süni intellektə yüklənməsi nəticəsində, o, sözləri və musiqisi tamamailə özünə məxsus “Blue jeans and bloody tears” mahnısını bəstələyib. Nümunələri artıra bilərik…
Bəs Azərbaycanda bu sahədə hansı işlər görülür, alimlərimiz, sənətkarlarımız bu barədə nə düşünürlər?
Azərbaycan milli musiqisinin XX əsrə nəzərən eniş dövrü yaşadığı heç kimə sirr deyil. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Fikrət Əmirov, Şəfiqə Axundova kimi bəstəkarlarımızı əvəz edə biləcək sənətkarlar artıq yetişmir.
Bəs dahi sənətkarların davamçısı süni intellekt olsa necə? Bu mümkündürmü?
Suala cavab üçün mütəxəssislərə, eləcə də yaradıcı adamlara üz tutduq.
Əməkdar incəsənət xadimi, tanınmış musiqişünas Zümrüd Dadaşzadə hesab edir ki, süni intellekt heç vaxt dahi bəstəkarlarımızı əvəz edə, onların stilində əsər yarada bilməz: “Yalnız intellektlə məsələ həll olunmur. İntuisiya, istedad da böyük rol oynayır. Məsələn, Üzeyir Hacıbəyovun 1937-ci ildə yazdığı “Koroğlu” operası fəth olunmamış zirvədir. Dahi bəstəkarımız musiqi bəstəsinə dair özünəməxsus sistem yaradıb. “Azərbaycan xalq musiqisinin əsasları” kimi fundamental tədqiqat aparıb. Bu əsərdə əsas fikirlərini ifadə edib, Azərbaycan məqamları əsasında musiqi yazmaq ideyaları əksini tapıb. Amma bu, o demək deyil ki, sözügedən kitabı oxuyan hər kəs bəstəkar ola bilər. Özü də Üzeyir bəy səviyyəsində...”
Musiqişünas hesab edir ki, yaradıcılığın gözəlliyi istedad məhsulu olmasındadır: “Bütün bəstəkarlar müxtəlif qaynaqlardan, xalq yaradıcılığından, yeni musiqi texnologiyalarından bəhrələnir. Amma bütün bunları ortaq məxrəcə gətirmək, cəmləşdirmək üçün istedad lazımdır. Ona görə də sənətdə bədii kəşf anlayışı var. Şübhə edirəm ki, süni intellektin iki çətin bir araya gələn məfhumu, əsəri birləşdirib yeni yaradıcılıq nümunəsi, yeni bədii tam yaratma potensialı olsun”.
AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Rəşad Məstəliyev deyir ki, süni intellekt bizim beynimizin maşına, robota realizə olunmasıdır və bu normal intellektimizi simulyasiya edir: “Bunlar hamısı insan intellektinin modifikasiya olunmasıdır. Maşınlar onlara verilən əmrləri süni şəkildə yerinə yetirir. Süni intellekt tərəfindən musiqi bəstələnməsi isə yaxın zaman üçün real görünmür. Səbəbi odur ki, maşın və ya robotlar insanın verdiyi əmrləri yerinə yetirir. İnsan düşüncəsi üçün müəyyən hədd var. Məsələn, ibtidai sinifdə oxuyan uşağa iki ilə üçün cəmini soruşsaq, cavab verəcək. Amma iki ilə üçün fərqini soruşsaq, cavab verə bilməyəcək. Düzdür, istisnalar var. Amma əksəriyyəti ikidən üçü çıxa bilmir. Çünki o uşağa informasiya o həddə verilib. Maşınlar da insanın ona verdiyi informasiyanın həddində hərəkət edə bilir. Süni intellekt yaradıcı insanları əvəz edə, insan şüurunu aşa bilməz.
R.Məstəliyevin sözlərinə görə, yenilik insanlar tərəfindən yaxşı qarşılanır, hərənin öz reaksiyası olur: “Süni intellekt tərəfindən mahnılar ifa olunur. Bu, müəyyən notların daxil olunmasıyla sintezdir. Süni intellektin köməyilə bəstələr də yaradılır. Bu bəstələr zövqlərdən asılı olaraq bəyəniləcək, yaxud əksinə. Yenilikdir deyə, bu, gənclərə istənilən formada maraqlıdır”.
Mütəxəssis bildirir ki, Azərbaycanda da süni intellektlə məşğul olan məktəblər var: “AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə, onun tələbələri və biz müştərək şəkildə bu işlərlə məşğul olur, müəyyən layihələr həyata keçiririk. Süni intellektin vasitəsilə nitqin tanınması məsələsi araşdırılır. Akademiya rəhbərliyi də bu işlərə həmişə diqqət və qayğı göstərir. Yaxın gələcəkdə bu işlər öz effektini verəcək”.
Süni intellektin Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi ölməz bəstəkarların stilində hansısa bəstələr etməsinin hansısa perspektivi varmı? Bu, nə dərəcədə realdır?
Bəstəkar Azər Hacıəsgərli deyir ki, tarix boyu filosoflar musiqini riyaziyyatla çox yaxın sənət hesab ediblər: “Əslində süni intellekt, sürətdən başqa digər faktorlarda hər zaman insan əməyindən geri qalacaq. Çünki süni intelekt ona verilən alqoritmlərdən dərinə gedə bilməyəcək. Misal üçün Bethoven son yazdığı simfoniyasında birdən-birə xordan istifadə edir. Həmin dövr üçün bu çox böyük yenilik idi və simfoniya janrı üçün istifadəsi çox böyük çaxnaşmaya səbəb olmuşdu. Polifoniya və ya 12 tonluq (dodekofoniya) sisteminin yaranmasında belə, riyaziyyat üzərindən yola çıxılıb. Amma riyazi dildə desək, bütün alqoritm insan tərəfindən yaradılıb. Həmin janrda yazan bəstəkarlar da bu qəlibin daxilində öz yeniliklərini edə biliblər. Hətta alqoritm verilsə belə, musiqi monoton, bənzər olacaq. Halbuki artıq bəzi proqramlar bunu az da olsa edə bilir”.
O düşünür ki, istəsək belə, insan və yaradıcı sözlərini ayıra bilməyəcəyik: “Musiqi ifa edə bilən yeni proqramlar yaradılır. Lakin bu, alqoritmlər özü də insan tərəfindən yazılır, hazırlanır. Misal üçün, MaxMSP və ya SuperCollider proqramları. Max MSP proqramında işləməyi bir az öyrənmişəm. Sizə deyim ki, insan faktoru olmadan mümkün deyil. Amma bir məsələ də var, burada sistem artıq notlarla deyil, rəqəmlər və tapşırıqlarla işlənir”.
Bəstəkar deyir ki, bu sahədə ölkəmizdə hansısa yenilik demək olar ki, yoxdur: “Lakin yaxın vaxtlarda bu sahədə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyaaında yeniliklər gözlənilir”.
“Bəstəkar olduğuma görə, düşünürəm ki, görkəmli bəstəkarlarımızın stili əsasında yeni musiqi əsərlərinin süni intellekt tərəfindən yazılması qeyri-mümkündür.
Şahmat qarşılaşmasını kompüter və qrossmeyster arasında görə bilərsiniz, çünki riyazı olaraq şahmat taxtasında olan variantların sayı sonsuz deyil. Amma heç kəs deyə bilməz ki, dahi Üzeyir bəy “Koroğlu” operasında “Cəngi” musiqisini zurna, nağara və simfonik orkestr üçün, Aqşin Əlizadə isə eyniadlı əsəri kamera orkestri üçün bəstələyib” Niyə axı? Bu, yalnız sənətkarların beyinlərinin məhsuludur və bunu hansısa robotun düşünməsi mümkün deyil. Bəlkə də musiqinin gözəlliyi də bundadır. Yəni bir insan digərinin hislərini, nə demək istadiyini eşitməyə çalışır. Burada musiqidən daha çox insanın daxilinin təcəssümü daha önəmlidir” - A.Hacıəsgərli belə hesab edir.
Bəstəkar, aranjimançı, ifaçı Qara Dərvişin fikrincə, insan şüurunu süni intellektdən fərqləndirən emosiya adlandırdığımız önəmli amil yaradıcılıqda danılmaz, əhəmiyyətli rola sahibdir: “Amma süni imtellekt belli alqoritm ilə çalışır. Verilənlər bazası əsasında alqoritmik kombinasiyalar edərək müxtəlif mümkün variantlar təklif edir. Günümüzdə süni intellekt artıq var olan nəzəri və praktiki resursları istifadə edərək sonsuz variasiyalar təklif edə bilər. Lakin süni intellekti Qara Qarayev, Üzeyir Hacıbəyli, Fikrət Əmirov kimi dahilərlə müqayisə etmək üçün hələ çox tezdir. Bir də ki, adlarını çəkdiyimiz dahilər yaradıcılıqları ilə yanaşı, daha çox novatorluqları ilə tarixə imza atmış şəxslərdir”.
Sənətkarın sözlərinə görə, digər tərəfdən süni intellektin sonsuz gələcək imkanları da qəbul olunandır: “Hazırda bu mövzu nə qədər qəribə səslənsə də, zaman keçdikcə hər şey sadə hal alacaq. Bir müddət sonra süni intellektin insanları, xüsusən, yeniliyə meylli gəncləri razı salacaq bəstələr edəcəyi də inandırıcı ehtimallardandır”.
Cavid QƏDİR