AZ

Gənc şair İlkin İlhamlının şeirləri

5d09dd6989f680a9aaa2adc4eb7b27c8.jpg
21.07.2024 20:07

Ölsəm, bağışla

 

Hər gün axşam evə gəlib

Bərk boynunu qucaqlayıb

Yanağından çox öpəcəm

Bu xəyalım alınmasa, bağışla

 

İstəyirəm xoşbəxt olaq

Bir yaşlanaq, bir qocalaq

Mən tez ölsəm, itsə maraq

Sən ağlama, bağışla

 

Nə mən cavan, nə sən cavan

Bizdən qeyri kimdi yanan

Məndən sonra səhərlərə

Xoşbəxt duran insanları, bağışla

 

Qucaqlayaram səni haaa

Gülüşünə doyanadək

Sevgidən kam alanadək

Ölsəm, bağışla.

 

 

 

Qayıt uşaqlığım

 

Qayıt, uşaqlığım, qayıt bir anlıq…

Atamla yenidən görüşdür məni

O vaxt uşaq idim dinləməmişdim

İndi dinləyəcəm atam deyəni.

 

Qayıt, uşaqlığım, qayıt bir anlıq…

Bəlkə fürsət oldu öpdüm üzündən

O vaxtdan içimə çökən həsrəti

Bəlkə də ağlayıb tökdüm gözümdən.

 

Qayıt, uşaqlığım, qayıt bir anlıq…

Yəqinki qocalıb atam indiyə

Dəyişib gülüşü, dəyişib səsi

Qoy bu da mənimçün olsun hədiyyə

 

 

Bu dünyada

 

Körpə olub iməkləyib böyüyürük

Övlad olub valideyinlə öyünürük

Qalibyətə, uğurlara söyünürük

Vaxt yetişir bel bağlayırıq bir yada

Nələr olur, nələr olur dünyada

 

Uşaq olma, bax ətrafına bir boylan

Yaxınlardı bu dünyada sənə qalan

Bir su kimi bürüyübdü səni yalan

Bu okeandı sənsə tənha bir ada

Nələr olur, nələr olur dünyada

 

Oxuyursan, öyrənirsən kitabları

Doymayırsa oxuduqca bunları

Bu kitablar açır sənə yolları

Gərək gedəsən bu yolu piyada

Nələr olur, nələr olur dünyada

 

Əziyyət çəkib böyük bir ev tikirsən

Həyətində meyvə bağı əkirsən

Girməsinlər deyə hasar çəkirsən

Bir zəlzələ verir bunları bada

Nələr olur, nələr olur dünyada

 

Düşüncəsiz saf addımlar atarkən

Xoş arzuda xəyallarda yatarkən

Qocalırsan saçlarına düşür dən

Allah tala səni başdan yarada

Nələr olur, nələr olur dünyada

 

İlkin axtarırsan sən bəxt ulduzu

Qoy ərisin qarlı yolların buzu

Bərəkətli olsun səndə hər arzu

Gün gələcək sən çatasan murada

Nələr olur, nələr olur dünyada

 

 

 

Kaş

 

Kaş dünya bağ olardı,

Biz də saplaqlı meyvə.

Ya tut, ya armud, ya nar

Saplaqdan qidalanar

Yetişərdik, dəyərdik

Budağımızı əyərdik

Qopardıq saplaqlardan

Yerə yüngül dəyərdik

 

Kaş dünya çay olardı

Bizdə kiçik bir balıq

Çapaq, farel, şamayı

İlin on iki ayı

Mənbəydən mənsəbədək

Üzüb-üzüb yorulub

Tökülərdik dənizə

 

Kaş dünya dağ olardı

Bizdə zirvəsində qar

Lopa lopa yağardıq

Yazdan əvvəl ayılıb

Zirvədən aşağıya

Süzülərdik, axardıq

 

Kaş dünya quş olardı

Bizdə dimdiyində ot

O süzərdi göyləri

Obaları, köyləri

Aşardıq dimdiyində.

Quş gəlib endiyində

Dağılardıq yuvaya

Yem olardıq balaya

 

Heyf dünya dünyadı

Sirri özü boydadı

Nə sirrini bölüşməz

Nə üz-üzə görüşməz

Sən bəlkə xəstələndin

Dünya sağlam qalacaq

Sən “cavan” öləcəksən

O isə qocalacaq

 

 

Yazıblar

 

İnci tək saf olan bulaqlarından

Sel olub axışan dağ çaylarından

Gözdə möhürlənən göz yaşlarından

Yazıblar

Söylə bəs mən nədən yazım?

 

Dağların qarından, yamaclarından

Cavan təpələrdən, şiş uclarından

Üstü ot saxlamaz qayalarından

Yazıblar

Söylə bəs mən nədən yazım?

 

Həsrətdən, sevgidən və ayrılıqdan

Tutduğu əməldə peşmançılıqdan

Yolları bağlayan hər qaranlıqdan

Yazıblar

Söylə bəs mən nədən yazım?

 

Vətəni uğrunda can verənlərdən

Ölümün üstünə mərd gedənlərdən

Ananı, vətəni bir sevənlərdən

Yazıblar

Söylə bəs mən nədən yazım?

 

Payızda xəzandan, qışda borandan

Yazda qızıl güldən gül qoparandan

Yayda arandakı gün qızmarından

Yazıblar

Söylə bəs mən nədən yazım?

 

Mirvari bulaqlı Qarabağımdan

Şirvanı adlayıb, Mil-Muğanımdan

Anadan ayrılan Naxçıvanımdan

Yazıblar

Söylə bəs mən nədən yazım?

 

 

 

Sərçə

 

Bir gün səhər sərçələr

Bağımıza doldular

Gah uçub, gah qondular

Ya doqquz, ya ondular

 

Qəfil sərçənin biri

Qondu çəpərdə tora

Bilsəydi ilişəcək

Heç qonardımı ora

 

Hey uçmağa çalışdı

Çalışdıqca dolaşdı

Çabaladı olmadı

Heç taqəti qalmadı

 

Görən kimi tez qaçıb

Sərçəni tordan aldım

Öpdüm tüklü başından

Özümdən razı qaldım

 

Uçumdum onu göyə

Azadlıqdan zövq alsın

Qoy bu gözəl xatirə

Məndə əbədi qalsın.

 

 

Demədimmi

 

Mən sənə can dedim, sən mənə zəhər

Ay zalım acı dil olma bu qədər

Dilinin altına qoyub bal-şəkər

Şirnisin qəlbinə süz demədimmi

 

Sən gözəl xanımsan, mən şair xəstə

Xal gözəl görsənir, gülər üz üstə

Başına duz çevir at ocaq üstə

Dəyməsin qoy sənə göz demədimmi

 

Mən zərəm, qədrimi zərgərlər bilər

Sevmədin, sevmədi başqası məyər?

Bəhanə eylədin, atam nə deyər

Səbr eylə, bir azca döz demədimmi

 

İndi get arxamca qal baxa-baxa

Gözləmə bu günə, nə də sabaha

Tapşırdım mən səni uca Allaha

Vaxtında düyünü çöz demədimmi

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox