AZ

Sosial kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsulları işlənilir

799cde3f298c6f62ca5a5e9b13084fee.jpg
24.07.2024 12:20

TED.az xəbər verir ki, İnformasiya Texnologiyaları İnstitutunun Elmi şuranın iclasında Big Data analitikası və Data Mining problemləri üzrə fəaliyyət göstərən şöbənin 2024-cü il üzrə yarımillik hesabatı müzakirə olunub.

 

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev hesabatı təqdim edərək, qeyd olunan problem üzrə “Klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi üçün yeni model və alqoritmlərin işlənməsi” mövzusunda aparılan tədqiqatlardan bəhs edib. Şöbə müdiri qeyd edib ki, tədqiqat işi çərçivəsində klasterlərin kompaktlığını, ayrılabilənliyini və optimal sayını təyin etmək üçün yeni indekslər, o cümlədən böyük ölçülü verilənlərin klasterləşdirilməsi üçün effektiv alqoritm işlənilib.

 

R.Alıquliyev şöbədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” adlı qrant layihəsi çərçivəsində yerinə yetirilmiş işlər haqqında məlumat verib, mövzu üzrə ümumilikdə 6 məqalə və 6 konfrans materialının çap olunduğunu diqqətə çatdırıb.

 

Alim İndustry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə həyata keçirilən və Azərbaycan Elm Fondunun maliyyələşdirdiyi “Sosial kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” qrant layihəsi çərçivəsində görülmüş işlər və dərc olunmuş elmi əsərlər haqqında da məlumat verib. O, həmçinin pilotsuz uçuş aparatlarının hərəkətinin optimal idarəolunması zamanı proqram trayektoriyası və idarəedicinin ətrafında tənzimləyicilərin qurulması istiqamətində tədqiqatların aparıldığını qeyd edib.

 

E-elmin formalaşması və elmmetriya problemləri ilə bağlı aparılan tədqiqat işlərindən bəhs edən R.Alıquliyev “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” və “Qeyri-müəyyən mühitlərdə intellektual idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” mövzularında dissertasiya işləri çərçivəsində çap olunmuş məqalələr barədə məlumat verib.

 

Şöbə müdiri həmçinin Big Data analitikası və Data Mining problemləri üzrə “Böyük məlumatların analizi üçün dərin təlim modelləri və metodlarının işlənməsi” və“E-idarəetmənin səmərəliliyinin artırılması üçün süni intellekt metodlarının işlənməsi” mövzuları üzrə aparılmış tədqiqatları diqqətə çatdırıb, əldə olunmuş nəticələri təqdim edib.

 

Məruzəçi 6 ay ərzində Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən elmi jurnallarda çap olunan məqalələr, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər haqqında məlumatları diqqətə çatdırıb.

 

O, həmçinin Avstraliya Federativ Universiteti, Avstraliyanın Melburn Kral Texnologiya İnstitutu, Türkiyənin Ankara Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, eləcə də ABŞ-ın Lamar Universiteti ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirildiyini söyləyib.

 

R.Alıquliyev əməkdaşların elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verib.

 

Hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev gənc tədqiqatçıların elmi fəaliyyətinin daha da gücləndirilməsinə dair tövsiyələr verib.

 

Elmi şuranın qərarı ilə şöbənin 2024-cü ilin birinci yarısı üzrə hesabatı qənaətbəxş hesab olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox