AZ

BDYPİ piyadalara çağırış edib

 

b3cb67ed419055156899abcf70e5040e.jpg
04.12.2024 10:00

Payız-qış mövsümü üçün xarakterik olan hava şəraiti digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır. Xüsusilə havanın tez qaralması, yağıntılarla əlaqədar yolların sürüşkən olması piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayına bilavasitə təsir göstərir.

 

TED.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPI) piyadalara ünvanlanan müraciətində deyilir.

 

“Təsadüfü deyil ki, yağışla müşahidə olunan son üç gün ərzində 4 nəfərin həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən 7 piyadavurma hadisəsi qeydə alınıb və həmin qəzaların mütləq əksəriyyəti havanın qaranlıq vaxtı baş verib. Bununla yanaşı, əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır”, - deyə müraciətdə bildirilir.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadaları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitini də nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə, öz həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır.

TED + bölməsindən digər xəbərlər

Daha çox