AZ

“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

 

80f45af17c6c0cf459af2bc65f16bea6.jpg
27.12.2024 14:20

“AzInTelecom” MMC ödəniş ekosistemində “bulud” xidmətləri üzrə qlobal standartları müəyyən edən “PCI DSS Certificate of Compliance” sertifikatını əldə edib.

 

“AzInTelecom”dan TED.az-a bildirilib ki, şirkət MDB məkanında “PCI DSS” sertifikatının 4.0.1 versiyasını əldə edən ilk “bulud” provayderi olub. Bununla da, “AzInTelecom”a məxsus Bakı Əsas Data Mərkəzinin maliyyə qurumları üçün “bulud” xidmətləri göstərmə uyğunluğu təsdiqlənib. Artıq “AzInTelecom” həm “bulud”, həm də yerləşdirmə üzrə “PCI DSS” uyğunluq sertifikatına malikdir. Bu isə o deməkdir ki, maliyyə sahəsində fəaliyyət göstərən bütün qurumlar artıq “AzInTelecom”dan “bulud” xidməti əldə edə bilərlər.

 

Sertifikatın əldə olunması üçün əvvəlcə Azərbaycanda səlahiyyətli “Quality Veritas” şirkəti tərəfindən ilkin qiymətləndirilmə aparılıb, müstəqil auditorlar tərəfindən audit həyata keçirilib. Audit nəticəsində uyğunluq təsdiqlənib və “AzInTelecom” MMC-yə “PCI DSS Certificate of Compliance” sertifikatı təqdim edilib.

 

Qeyd edək ki, “PCI DSS” standartı 2006-cı ildə “Visa”, “MasterCard”, “American Express”, “Discover” və JCB kimi beynəlxalq ödəniş brendləri tərəfindən yaradılmış “PCI SSC” (Ödəniş Kartı Sənayesi Təhlükəsizlik Standartları Şurası) təşkilatı tərəfindən formalaşdırılıb. Təşkilatın məqsədi ödəniş kartı məlumatlarının mühafizəsi və ödəniş əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsidir.

 

Hazırda “AzInTelecom” MMC iki müasir Data Mərkəz üzərindən 250-yə yaxın quruma “bulud” xidmətləri göstərir.

 
 

TED + bölməsindən digər xəbərlər

Daha çox