Keçmişdə tozsoranlar otaqdan böyük olub, özü də benzinlə işləyib
Tozsoran ən çox satılan məişət əşyasıdır. Qadınların bir nömrəli köməkçisi olan bu cihaz əvvəllər inana bilməyəcəyiniz qədər fərqli olub. Heç ağlınıza gələrdi ki, ilk tozsoranlar otağa yerləşməyəcək qədər böyük olub?! Bəs ilk tozsoran harada və kim tərəfindən istehsal olunub? TED.az bütün bunları sizin üçün araşdırdı.
Xalça süpürgəsini ilk dəfə M.R.Bissell ixtira edib. Bu süpürgənin patentini o, 1876-cı ildə ABŞ-da alıb. 1883-cü ildə Bissel süpürgəni təkmilləşdirib ABŞ-da satışa çıxarıb. Bu xalı süpürgəsinin həm istifadəsi çox rahat, həm də qiyməti çox ucuz idi. Çarli Çaplinin rol aldığı filmlərin birində bu süpürgədən istifadə etməsi məhsulun yayılmasına xeyli təkan verir.
İllər sonra 1860-cı ildə ABŞ-da yeni bir süpürgənin istehsalı üçün patent alınır. Ancaq bu süpürgə bir neçə ildən sonra satışa çıxarıla bilib. Süpürgə maraqlı texnologiya ilə işləyirdi. O, xalıdakı tozları vakumlayaraq yığırdı. Süpürgədə fırlanan fırçalar və hava çəkmək üçün əllə idarə edilən bir körük var idi.
İlk dəfə benzinli motorla işləyən tozsoran isə ABŞ-da ixtiraçı Surman tərəfindən yaradılıb. Bu tozsoran güclü hava axınının köməyi ilə mebellərin üzərindəki tozu təmziləyirdi. Bu cihazın patentini, ixtiraçı 1899-cu ildə almışdı. Cihaz çox böyük olduğu üçün o, bu tozsoranı at arabasına quraşdırır, tozsoranın xortumunu isə pəncərədən daxil edərək evləri təmizləyirdi. Bunun müqabilində isə 4 dollar alırdı.
Vakuumlu tozsoran ilk dəfə İngiltərə kralı VII Edvardın hüzurunda işə salındı.
İngilis ixtiraçı İ.Bos ABŞ-da istehsal olunmuş hava üfləyən tozsoranın ingilislərə təqdim edilməsini görmüşdü. Bu tozsoran hava ilə sıxılmış tozları konteynerə yığmağa çalışırdı, amma tozlar ətrafa səpələnirdi. Bu, Bosun diqqətindən yayınmadı. O düşündü ki, eyni sistemi tərsinə çalışdırarsa, tozu daha yaxşı çəkməyə nail ola bilər. Xalçadan və mebeldən toz toplamaq üçün incə toxunmuş parça filtrdən istifadə etmək qərarına gəldi. Cihazı hazırlamazdan əvvəl o kiçik bir test etdi. Cibindəki dəsmalı maska kimi ağzına keçirib stulun üstündəki tozu içinə çəkməyə başladı. Tozların dəsmalda toplandığını gördükdə fikrini həyata keçirməyə qəti qərar verdi. 1901-ci ildə nəzərdə tutduğu tozsoranı ixtira etdi. O, öz ixtirasını küçələrdə xalça təmizləyərək tanıdırdı. Surman kimi o da tozsoranı at arabasına qoşaraq evləri təmizləyirdi və bu yolla pul qazanırdı. Cihaz haqqında xəbərlər Lord Chamberlaina çatmışdı. O, tozsoranın ixtiraçısına məktub yazaraq, onu Bukinghem sarayına dəvət edir və orada cihazı nümayiş etməsini istəyir. Bu nümayiş sarayda kral VII Edvardın hüzurunda baş tutur. Kral tozsoranı bəyənir və saraya yeni tozsoran quraşdırılır. Bundan sonra bəzi böyük binalara da tozsoran yerləşdirilməyə başlanır.
İlk ev tozsoranı 1907-ci ildə ABŞ-da ixtira edildi.
İri binalara quraşdırılan tozsoranlar haqqında xəbərlər hər yerə yayılmışdı. Artıq hər kəs evi üçün bir tozsoran arzulayırdı. Benzinlə işləyən tozsoranlar evlərə yerləşmədiyinə görə, ixtiraçılar ev üçün vakuumlu tozsoranlar istehsal etməyə başladılar. Tozu vakuumla çəkən ilk tozsoran elektriklə yox, əllə çalışırdı. Tozsoranın işləmə mexanizmi belə idi: bir əllə cihaz irəli-geri hərəkət etdirilir, digər əllə isə nasosun tutacağı çəkilirdi. İstifadəsi çətin olan tozsoran 1900-cü illərin əvvəllərində yerini motorlu tozsoranlara verdi. Avropa və ABŞ-da müxtəlif tozsoranlar istehsal olunmağa başlandı. Yüngül və istifadəsi rahat olan ilk tozsoran J.Spangler tərəfindən 1907-ci ildə ABŞ-da istehsal olundu. Tozsoranın ön tərəfində kiçik fırçalar var idi. Kiçik motorla çalışan nasos isə tozu vakuumlayıb çəkirdi. İxtiraçı ilk modeldə filtr əvəzinə yastıq üzü istifadə etmişdi. Lakin fabrik tikməyə kifayət qədər vəsaiti olmayan ixtiraçı, patenti W.Hoverə satmalı oldu. Hover tozsoranı daha da təkmilləşdirib satışa çıxardı. Parçanın yerinə kağız istifadə edən Hover filtr təmizləmək problemini də həll etmiş oldu. O, çox qısa müddətdə ən çox satılan tozsoran istehsalçısına çevrildi. 1910-cu ildə Danimarkada tozsoran daha sonra “Nilfisk” adı ilə məşhurlaşdı. 1910-cu ildə isə İsveçrədə “Lux” markası altında çox rahat və keyfiyyətli tozsoran satışa çıxarıldı. Sonralar bu markanın adı dəyişilərək “Elektrolux” oldu.
Bugünkü tozsoranlar
Bu gün müxtəlif dizayna və gücə malik olan tozsoranlar istehsal edilir. Böyük binalara mərkəzləşmiş təmziləmə sistemi quraşdırılır. Bu sistem adətən tikinti zamanı quraşdırılır. Zirzəmidə quraşdırılmış güclü elektrik süpürgəsinin hava girişinə qoşulmuş plastik borular və elektrik kabelləri evin hər bir otağına divarlar vasitəsilə quraşdırılır. Otaqların divarlarına elekrtik çıxışı yuvasına bənzəyən kiçik sektorlar yerləşdirilir. Sektorların qapağı açılır, xortum yuvaya yerləşdirilir və zirzəmidəki tozsoran işə düşür. Tozsoran zirzəmidə yerləşdiyi üçün bu proses tamamilə səssiz həyata keçirilir. Kiçik müəssisələr və ofislərdə çox zaman beldə gəzdirilə bilən modellər istifadə olunur.
Hazırda evlərimizdə müxtəlif markaların istehsal etdiyi tozsoranlar istifadə edə bilirik. İstehsalçılar qadınların işlərini asanlaşdırmaq üçün əllərindən gələni edirlər. Hətta robot tozsoranlar belə istehsal olunub. Bu tozsoranlar həssas sensoru sayəsində mebelləri zədələmədən döşəməni təmizləyir. Ən maraqlısı budur ki, enerjisi bitdikdə, öz-özünə enerji yığmaq qabiliyyətinə də malikdir.
Günay ƏLİYEVA



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD





























