AZ

Kiberidman Olimpiya Oyunlarına əlavə olunsunmu? – Yanaşma fərqli, proqnoz isə oxşardı

58975268a87d2dd9023c913c086f2b2c.jpg
27.01.2020 19:12

Əvvəllər sadəcə kompüter oyunları kimi təqdim edilən kiberidman son zamanlar dünya fenomeninə çevrilməkdədir. Hətta bir neçə ölkədə e-idman populyarlığına görə, bəzi ənənəvi idmanlardan daha öndədir. Uzun müddətdir ki, kiberidmanın Olimpiya Oyunlarına əlavə edilməsi ilə bağlı mülahizələr irəli sürülür. Avropanın məşhur Kiberidman Assosiasiyasının rəhbərliyi isə tezliklə e-idmanın Olimpiya Oyunlarında yer alacağına əmindir.

 

TED.az olaraq, mövzu ilə bağlı ölkənin məşhur idman şərhçilərinin və kiberidman həvəskarının fikirlərini öyrəndik.

 

“Soçi Qış Olimpiya oyunlarının açılış mərasiminində Olimpiya bayrağını gətirənlərdən biri kiberidman üzrə dünya çempionu idi”.

 

İTV-nin idman şərhçisi Tural Dadaşov bildirib ki, son illərdə kiberidmanın populyarlığı yüksək sürətlə artır: “Əvvəllər müəyyən coğrafi çərçivədə, təxminən 15-20 ölkədə tanınan bu sahə artıq digər ölkələrə də yayılmağa başlayıb. Xatırlayıram ki, Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya bayrağını gətirənlərdən biri kiberidman üzrə dünya çempionu idi. O zaman bu mənim böyük təəccübümə səbəb olmuşdu. Ancaq son dövrlərdə Azərbaycan da bu hərəkatdan kənarda qalmır. Ötən ay milli federasiya təsis olundu. Nizami e-sport arena istifadəyə verildi. Artıq 2 ildir İctimai Televiziya FIFA oyunu üzrə dünya çempionatının finalını canlı yayımda təqdim edir və mən şərhçi kimi burada da işləmişəm. Göründüyü kimi, maraq getdikcə artır”.

 

 

 

T.Dadaşov qeyd edib ki, kiberidmanın Olimpiya Oyunlarının proqramına salınması qaçılmazdır: “Ancaq yaxın illərdə bu mümkünsüz görünür. Çünki əvvəlcə Olimpiya hərəkatının tələblərinə təminat verəcək vahid beynəlxalq təşkilat formalaşmalıdı. Hansı ki, bütün dünya üzrə kiberidman qurumlarını öz bayrağı altında birləşdirsin. Beynəlxalq Kiberidman Federasiyası (IeSF) hələ ki, bu tələblərə cavab vermir. Həmçinin kiberidmanın bazar dəyərinin yüksək sürətlə artımı, sponsor marağının çoxalması gələcəkdə Beynəlxalq Olimpiya Komitəsini (BOK) bu məsələdə maraqlı tərəfə çevirə bilər”.

 

“Kiberidman Olimpiya Oyunlarına əlavə edilsə belə, daimi olaraq təmsil olunmayacaq”.

 

ATV kanalının idman şərhçisi Sənan Şəfizadə isə kiberidmanın son illər Azərbaycanda geniş yayılmasına diqqət çəkib: “Xüsusilə gənclər kiberidmana böyük maraq göstərir. Kiberidmanın gələcəyi barədə proqnoz vermək çətindir. Müasir dünya texnologiya dünyasıdır. Ona görə də kiberidmanın populyarlıq qazanacağına inanıram. Sadəcə kiberidmanın adi öyrəşdiyimiz idmanı əvəz edəcəyini düşünmək düzgün deyil. Kiberidman heç vaxt adi idmanın yerini tuta bilməz”.

 

S.Şəfizadənin fikrincə, kiberidman Olimpiya idman növlərinə daxil edilsə belə daimi təmsil olunmayacaq: “Çünki Olimpiya proqramı bu tip yarış növünü uzun müddət saxlamayacaq. Olimpiya hərəkatı müasirləşməyə çalışır. Amma kiberidman TV-də geniş kütləni ekran qarşısına yığmayacaq”.

 

 

 

“Kiberidman dünya miqyasında çox gəlirli idman növlərindən biridir”.

 

“Vriendly” startapının təsisçisi, kiberidman həvəskarı Kamran Qurbanlı startaplarını oyun motoru üzərində hazırladıqlarını vurğulayıb: “Vriendly öz-özlüyündə Azərbaycanın Silikon Vadisində tanınan və ciddi investorlar tərəfindən qəbul edilən azsaylı startaplarından biridir. Vriendly şirkət olaraq da Amerika qeydiyyatlıdır. Biz insanlara dünyanın istənilən nöqtəsindən eyni açıq kampusa və siniflərə giriş imkanı veririk. Məsələn, siz Azərbaycandan girib Finlandiyadakı bir müəllimdən dərs ala, söhbət edə, məlumat paylaşa bilirsiniz. Bunu tək yox, bütün siniflə birgə də edə bilirsiniz”.

 

 

 

Proqramçı hesab edir ki, kiberidman olimpiyadası fərqli olmalı və dünya miqyasında qəbul edilməlidir: “Necə ki, şahmat fərqli olimpiyadadır. Bu mənada mən demək istəyirəm ki, kiberidmanın şahmatdan daha çox olimpia idman növlərinə - karateyə, futbola yaxındır. Baxmayaraq ki, kiberidman olaraq bu oyunların da virtual variantlarının yarışları ola bilər, bu yenə də daha çox beyin idmanıdır, fiziki deyil. Məncə, ölkədə kiberidmana həvəs professional səviyyədə deyil, həvəskar səviyyədədir. Kiberidman da digər idman növləri kimi bir şəxsin özünü işə həsr etməsindən çox şeyi tələb edir. Sponsoru olmayan bir kiberidmançı və ya komandanın peşəkar olaraq böyük naliyyətlər əldə edəcəyini düşünmək yanlışdır. Maraqlı gənclərimiz buna daha çox peşə kimi yanaşmalı və öz üzərilərində işləməlidirlər. Təbii ki, bunun üçün də öncə vurğuladığım sponsorluq və dəstək məsələləri həllini tapmalıdır. İnisiativ olaraq işə dəstəyi dövlət göstərə bilər, ancaq uzun müddət bu dəstək böyük şirkətlər və ya iş adamları tərəfindən davam etdirilməlidir”.

 

 

Zeynəb ƏKBƏR

 

 

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox