GIF nədir, necə düzəldilir – TEDassistant

Hisslərinizi ifadə etmək üçün fotoşəkil kifayət etmir, video isə sizə çox uzun görünürsə bu zaman GIF formatında bir görüntü köməyinizə çatacaq. Sosial mediada hazır şəkildə istifadə etdiyiniz GIF-lərdən sıxılmısınızsa özünüz asanlıqla GİF düzəldə bilərsiniz. GIF bir növ hərəkətli fotoşəkil ya da səssiz bir video kimi təsvir edilə bilər. Son illərdə onlar duyğuları ifadə etməyin başqa bir üsuluna çevrilib.
Bəs GIF şəkilləri necə yaradılır? Bunun üçün Adobe Photoshop kimi professional qrafik proqramlarından istifadə etməyə ehtiyac yoxdur. Bir YouTube videosu üzərindən və yaxud öz videolarınızla WhatsApp-da GIF hazırlaya bilərsiniz. TED.az olaraq bu gün TEDassistant rubrikasında məhz bu haqda təlimat hazırlamışıq.
GIF nədir?
GIF rəqəmsal görüntü saxlama forması olub itkisiz məlumat sıxılma üsuludur. İngilis dilində açılışı Graphics Interchange Format (Qrafik Dəyişdirmə Formatı) olan GIF formatı 8 bit rəngini dəstəkləyir, 1 bitlik şəffaflıq təqdim edir. Başqa sözlə, bu format video ilə şəkil və ya foto arasında bir mövqe tutur.
GIF necə düzəldilir?
Xüsusi bir GIF yaratmaq istəsəniz bunun üçün müraciət edə biləcəyiniz bir neçə sadə metod var. Bir YouTube videosunun istədiyiniz hissəsini, ekran görüntüsünü və ya istənilən videonu asanlıqla GIF edə bilərsiniz. GIF-i kompüter və ya smartfondan hazırlamaq mümkündür. Yaratdığınız GİF-ləri yükləyə və istənilən platformada paylaşa bilərsiniz.
GIF yaratmaq üçün 4 üsul:
WhatsApp-da GIF yaratmaq;
Ekran qeydi ilə GIF düzəltmək;
Telefondan GIF yaratmaq;
YouTube videosundan GIF hazırlamaq.
YouTube videosundan GIF düzəltmək:
Gifhy.com veb səhifəsini açın;
Əsas səhifədəki "Create" (Yarat) düyməsini sıxın;
İstədiyiniz YouTube videosunun bağlantısını “Add Any URL” (İstənilən URL əlavə et) bölməsinə əlavə edin;
Seçdiyiniz epizodun başlama vaxtını və GIF uzunluğunu seçin;
GIF-ə bir mətn, etiket, filtr və ya əl ilə yazılmış əlavələr edə bilərsiniz;
GIF-ə bir həştaq əlavə edərək internet aləminə də yaya bilərsiniz;
Bütün tənzimləmələri etdikdən sonra “Upload to GIPHY” (GIPHY-yə yüklə) düyməsini vurun;
Proses bitmiş hesab olunur. GIF-inizi yükləyərək və ya giphy.com linkindən istifadə edərək paylaşa bilərsiniz.
Ekran qeydi ilə GIF düzəldilməsi
GIPHY Capture, ScreenToGif, LICECap və ya GifCam kimi proqramlardan ən uyğununu yükləyin;
Quraşdırma təlimatlarını düzgün yerinə yetirərək proqramı kompüterinizə quraşdırın;
Proqramı işə saldığınız zaman qırmızı bir çərçivə olan ekran görəcəksiniz;
Qırmızı çərçivəli ekranın ölçüsünü qeyd etmək istədiyiniz ərazi qədər genişləndirin;
Sonra qırmızı haşiyələnmiş ekranın altındakı qırmızı qeyd düyməsini basaraq prosesə başlayın;
Yenidən qırmızı qeyd düyməsini basdıqda qeyd dayandırılacaq;
GIF-in piksel ölçüsünü, saniyədəki kadr sürətini tənzimləyə və müxtəlif əlavələr edə bilərsiniz;
Bütün düzəlişləri etdikdən sonra GIF-i yaddaşda saxlayın;
Proses bitdi. İstədiyiniz kimi paylaşa bilərsiniz.
Telefon və ya planşetdə GIF düzəltmək:
Kompüterinizdə deyil telefon və ya planşetdə GİF düzəltmək istəyirsinizsə bunun üçün GIPHY Cam mobil tətbiqindən istifadə edə bilərsiniz.
GIFHY Cam mobil tətbiqini ağıllı cihaza yükləyin;
Tətbiqi açın;
Tətbiq kamerasını istifadə edərək istədiyiniz uzunluqda bir video çəkin;
Əlbəttə ki, uzunluğunun GIF-ə uyğun olmasına diqqət edin;
Çəkdiyiniz video avtomatik olaraq GIF formatına çevriləcək;
Sonra GIF-i istədiyiniz kimi düzəldə bilərsiniz;
Bütün düzəlişləri etdikdən sonra hazırladığınız GIF-i yadda saxlayın.
WhatsApp-da GIF hazırlamaq:
WhatsApp tətbiqini açın;
Mesaj hissəsinə daxil olun;
Kamera düyməsini sıxaraq aktivləşdirin;
Rekord düyməsini sıxıb istədiyiniz uzunluqda bir video çəkin;
Əlbəttə ki, bir GIF olduğunu nəzərinizdə saxlayın;
Videonuzu çəkdikdən sonra göndərmə ekranında GIF və video seçimlərini görəcəksiniz;
GIF-ə toxunun;
Bu zaman göndərdiyiniz video qarşı tərəfə GIF olaraq göndəriləcək;
Göndərdiyiniz GIF-i telefonunuza da yükləyə bilərsiniz.
Beləcə, təlimatını hazırladığımız metodlardan ən yaxşısını seçərək artıq özünüz GIF yarada bilərsiniz. İnternetə yükləsəniz, hazırladığınız GIF sənədləri digər istifadəçilər üçün də əlçatan olacaq.
Günel QURBANOVA