AZ

P.Həşimov adına PUA-nın müəllifi: "5 il sonra döyüş meydanlarında uçan tanklar görəcəyik"

044b0d576dad772319e1a18532bafc7e.jpg
27.07.2020 15:31

Öz evi olmasa da, dövlətin ona verdiyi mənzili şəhid ailəsinə bağışlayan general... O general ki, Aprel döyüşlərində misilsiz xidməti ilə fərqlənmişdi, İyul döyüşlərində şəhidlik zirvəsinə ucaldı. Onu əhaliyə tanıdan isə, qəhrəmanlığı ilə yanaşı, insanlığı, mənəviyyatı oldu...

 

Ölkənin dörd bir yanından bir vaxtlar tabeliyində olan əsgərləri onunla bağlı xatirələrini bölüşdülər. Səngər generalının xatirəsini yaşatmaq üçün fərqli ideyalar səsləndi. Onlardan birinin müəllifi də şəhid generalın adının əbədiləşdirilməsi üçün Pilotsuz Uçuş Aparatı hazırlamağı təklif edən Tural İsmayılzadə oldu.

 

Kimdir Tural İsmayılzadə?

 

Onu qısaca bu cür ifadə etmək olar: Həmvətənlərimizin sosial sahədə üzləşdiyi problemlərin yeni texnologiyalar vasitəsilə həllinə çalışır.

 

Daha ətraflı desək, Techno Rout (www.technorout.com) startapının təsisçisi və rəhbəridir. Komandası Azərbaycanda sosial innovasiyaların inkişafı  və texnloji məhsullar üzərində işləyir. Ölkəmizdə bir sıra beynəlxalq layihələrin tətbiqinə çalışır. 

 

 

TED.az Polad Həşimov adına PUA ideyasının müəllifi T.İsmayılzadə ilə müsahibəni təqdim edir:

 

Şəhid Polad Həşimovun adı verilən pilotsuz uçuş aparatı... Bu ideya necə yarandı?

 

-Son bir həftədə işğalçı Ermənistan yenidən ordumuza qarşı təxribat törətdi. Təbii, layiqli cavablarını aldılar. Şəhid olan həmvətənlərimizin xatirəsi isə bizim üçün əzizdir. Bundan öncəki  bir çox layihələrimizə də şəhidlərimizin adını vermişik. Tovuz şəhəri mənim doğulduğum, böyüdüyüm əziz məkandır, orada o qədər xatirələrim var ki... Bu cür dəyərli oğlumuz orada şəhid oldu, qərar verdik ki, adını əbədiləşdirək. Torpaqlarımızı azad etmək başlıca vəzifəmizdir. Hərbi əməliyyatlarda əsas məsələlərdən biri isə əks-kəşfiyyat və hava sahəsinin müdafiəsidir. Ən son döyüşlərdə bu aparatlardan geniş istifadəni görürük. Cənab Prezident bir neçə gün öncə şəhid ailələri və əlillərlə görüşdə bu məsələni xüsusi vurğuladı. Bunlar kifayət qədər bahalı silahlardır və kənardan alırıq. Ölkəmizdə yetərincə güclü silahlar olsa da, düşünürük ki, məhz milli istehsal olan pilotsuz aparatlar gücümüzə güc qatar.

 

"Öz enerjisinin bir qismini alternativ enerji hesabına ödəyəcək"

 

 

Layihənin texniki detallarından danışaq... Yeni PUA hansı üstünlüklərinə görə digərlərindən fərqlənəcək?

 

 

-Açığı, layihə həm hərbi təyinatlı olduğu üçün, həm də müəlliflik hüququna görə geniş məlumat verə bilməyəcəyik. Layihəni tam ərsəyə gətirib, sınaqdan keçirdikdən sonra, bütün üstünlüklərini ortaya qoyacağıq. Bircə onu deyə bilərəm ki, bu PUA-lar bir çox imkanlara sahib olacaq. Daha uzunmüddətli uçuş həyata keçirəcək, daha çox informasiya ötürə biləcək, öz enerjisinin bir qismini alternativ enerji hesabına ödəyəcək və s.

 

Yeni PUA hazırlanarkən hansı ölkələrin təcrübəsi əsas götürülüb?

 

 

-Fəaliyyətimizdə Türkiyənin Bayraktar, İsrailin Harop təcrübələrini tətbiq etməyə üstünlük veririk. Hər iki ölkənin məhsullarının döyüşlərdə verdiyi effektivlik göz qabağındadır. Bayraktarın Suriyadakı döyüşlərdə, Haropun isə 2016-cı ildə elə Qarabağ döyüşlərində məharətini özümüz üçün hədəf seçmişik.

 

"Şəhid vermədən döyüşməyin vaxtı çatıb"

 

Azərbaycan ordusunun PUA-larında hansı xüsusiyyətlərin tətbiqinə ehtiyac görürsünüz?

 

-Fikrimcə, əsas məsələ düşmənin növbəti addımını öncədən bilmək və qarşısını almaqdır. Düşmən hərəkətlərini izləmək, prosesi analiz etmək, ola biləcək diversiyaları aşkarlamaq və düşməni yuvasından çıxmamış vurmaq ən çox ehtiyac duyulan xüsusiyyətlərdən biridir. Digər tərəfdən şəhid vermədən döyüşməyin vaxtı çatıb. Artıq dünya dəyişib və tezliklə texnologiyaların savaşı baş verəcək. Biz bu savaşda Ermənistana qalib gəlsək, tezliklə torpaqlarımızı azad edərik.

 

 

"Cəmi 5 il sonra döyüş meydanlarında uçan tanklar görəcəyik"

 

Ölkəmizdə bu tip istehsalla bağlı vəziyyət sizi qane edir?

 

-Bugünki vəziyyətin məni qane etdiyini deyə bilməyəcəm. Bu gün bizim kimi 10 nəfərlik komanda bu işləri düşünürsə, təsəvvür edin, əlinin altında milyardlarla dollarlıq texnologiyaları olanlar nələr hədəfləyirlər. Dünyada ulduz savaşları kimi tanınan futuroloji layihələrin olduğu artıq kimsəyə sirr deyil. Bəlkə də, cəmi 5 ildən sonra döyüş meydanlarında uçan tanklar görəcəyik. Ona görə daim yeni ideyalar üzərində işləmək və təkmilləşmiş yeni döyüş alətləri hazırlamaq lazımdır.

 

 

Bu layihəni gerçəkləşdirmək üçün ən əsası maliyyə lazımdır. İnvestor tapmısız, yoxsa hələ axtarışdasınız?

 

-Doğrusu, ciddi maliyyə problemimiz var... Ancaq inanıram ki, xalq birliyindən yararlanaraq bu problemi də həll edəcəyik. Bu günə kimi heç bir investoru yanımızda görmədik, ona görə, heç kəsə müraciət etmədik. Bu işi hamılıqla görəcəyik.

 

 

Hesablamısınızmı, bu layihəni gerçəkləşdirmək üçün nə qədər vəsait lazımdır?

 

-Biz 1 PUA-nın hazırlanmasına çalışmırıq. Burada kütləvi istehsal və daimi inkişafdan söhbət gedirsə, reallıq milyardlarla dollarlıq yatırımdan ibarət ola bilər. Ona görə konkret məbləğ söyləmək düzgün olmaz. Azərbaycan kimi güclü dövlətin əlbəttə ki, milyardlarla dollarlıq silah arsenalı olmalıdır. Biz bu arsenalı zənginləşdirməkdə maraqlıyıq.

 

Hər layihənin dəyərini hesablamaq, prototipi düzəltmək və sınaqdan keçirmək üçün ilkin kapital lazımdır. Biz hələlik bu məbləği hesablamışıq. Yalnız bundan sonra istehsala hazırlıq və təkmilləşdirmə üçün gərəkli investisiyanı deyə bilərik.

 

Bir qədər düşündükdən sonra əlavə edir:

 

-300 min... Hə... İlkin mərhələ üçün 300 min Manat investisiya kifayət edər. Bu, komandaya iş imkanlarının yaradılması, zəruri avadanlıqların alınması, prototipin hazırlanması və sınağı üçün lazımdır. Ondan sonra artıq silsilə istehsal başlayır.

 

 

İnvestor tapılsa, layihəni tam hazırlayıb təhvil vermək nə qədər müddətə başa gələcək?

 

-Müddətlə bağlı dəqiq cavab verə bilmərəm. Çünki pandemiya ilə əlaqədar, komandanın tam şəkildə çalışması, lazımi qurğuların alınması və ölkəyə gətirilməsi kimi problemlərə görə müddət uzana bilər. Təqribi hesablasaq, ilkin mərhələ üçün 2 ay, istehsala hazırlıq və təkmilləşmə üçün isə 7 ay müddət sərf olunacaq.

 

Ümumiyyətlə, belə bir layihəni hazırlamaq təcrübə tələb edir. Bundan əvvəl buna bənzər bir ideyanız olub? 

 

-Bu günə kimi hərbi sahədə ekipajsız sualtı qayıq hazırlamışıq. Alternativ enerji sahəsində bir çox uğurlarımız var, fiziki-məhdud imkanlara sahib olan dostlarımız üçün qurğular düzəltmişik.

 

Bu layihələrin aqibəti necə olub?

 

-Pandemiya ilə əlaqədar fəaliyyətimiz məhdudlaşsa da, hər şey bitdikdən sonra hazırladığımız bütün layihələrin təqdimatını həyata keçirəcəyik.

 

 

P.Həşimov adına PUA-nın ərsəyə gəlməsində əsas ehtiyacınız olan nədir? Aidiyyəti qurumların hansı sözlərinizi etdirməsini istərdiniz?

 

-İlkin mərhələdə sahib olduğumuz imkanlardan istifadə edəcəyik, olmayanları da dostlarımızın dəstəyi ilə əldə edirik. Amma növbəti mərhələdə layihəmizin uğuru üçün dövlətimizin dəstəyini istərdik. Layihəni uğurla tamamladıqdan sonra onu dövlətimizə təqdim edəcəyik.

 

Dövlətimizi yanımızda görsək, həm daha ürəkli çalışarıq, həm də maddi-texniki imkanlardan istifadə edərək daha güclü işlər ərsəyə gətirərik.

 

Bu gün maddi çətinlik qədər önümüzdə duran ən böyük əngəllərdən biri də bürokratik maneələrdir. Məsələn, 2018-ci ilin iyul ayından hüquqi şəxskimi qeydiyyatdan keçmişik və mən təsisçi kimi komandanın bir sıra problemlərini həll edə bilirdim. Koronavirus pandemiyasına görə xüsusi karantin rejimi dövründə İcazə Portalı vasitəsilə iş icazəsinin alınması üçün fəaliyyət sahəmizin və kodumuzun dəqiqləşdirilməsi tələb olunurdu. Bununla bağlı aidiyyəti üzrə müraciət edib təsdiq aldıq. Bizim bugünkü fəaliyyət sahəmiz və kodumuz Nazirlər Kabinetinin iş icazəsi ilə bağlı təsdiq etdiyi siyahıya tam uyğundur. Lakin dəqiqləşdirilmiş və yenilənmiş fəaliyyət sahəsi və kodumuzla İcazələr Portalına düz 10 gündür ki, daxil oluruq, lakin hələ də sistem bizə iş icazəsi vermir. 

 

 

Əvəzində isə belə bir avtomatik cavab görürük: “Sizin fəaliyyət sahəniz Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun deyildir. Lütfən 195 Çağrı Mərkəzi ilə əlaqə saxlayın”. Çağrı Mərkəzinə müraciət edirik, ordakı əməkdaşlar yoxlayıb bizə bildirirlər ki, “bəli, sizin fəaliyyət sahəniz təsdiqlənmiş siyahıya tam uyğundur”.

 

Amma biz hələ də iş icazəsi əldə edə bilmirik. Bu problemin həlli ilə bağlı etdiyimiz rəsmi müraciət isə cavabsız qalıb. Mən bu məsələni ya İcazələr Portalındakı texniki problem və o problemi həll etməli olanların səriştəsizliyi, yaxud da önümüzdə yaradılan süni əngəl kimi dəyərləndirirəm. Məsələ ilə bağlı artıq cənab Prezidentə müraciət etməyə hazırlaşıram. Hər zaman haqsızlığa uğrayanda şəxsinə müraciət etmişəm və məsələ xeyrimə həll olunub. Bu gün də dövlət başçımızın mənə və bizim fəaliyyətimizə sahib çıxacağına əminəm. Bu problem tezliklə həll olunmalıdır ki, bizim sərbəst hərəkət imkanımız olsun, layihələrimizi gerçəkləşdirək və mən onu ən yüksək səviyyədə dövlət qurumlarına, o cümlədən cənab Prezidentə təqdim edə bilim.

 

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox