AZ

Elektromobildə dron batareyasından istifadə edilə bilərmi? - EKSPERT

49e5482bd7d236cf6c5263c2088d7297.jpg
30.10.2020 18:31

Dron, pilotsuz uçuş aparatları bir sıra müharibələrdə uğurlu performans göstərərək, ölkələrin müqəddəratını həll edir. Son vaxtlar Azərbaycanın işğal altındakı torpaqlarında həyata keçirdiyi antiterror əməliyyatları gedişində də mediada dronların təyinatı, gücü barədə məlumatlar verilir.

 

Maraqlıdır, dronların batareyası elektromobillər üçün nə dərəcədə keçərlidir? Bu batareyalardan istifadə etməklə elektromobillərin göstəricilərini artırmaq mümkündür?

 

 

Mövzu ilə bağlı TED.az-a danışan bu sahə üzrə mütəxəssis Şahin Göyləroğlu bildirib ki, elektromobil istehsalçılarının qoyduğu maksimum hədd 500-600 kilometrdir. Real həyatda isə istifadəçilər 400-500 kilometr yola ehtiyac duyurlar: "Bu, avtomobilin çəkisi, eksplotasiya şərtləri, yüklənməsi və akkumulyatorun böyüklüyündən asılıdır. Bunlara əsasən, elektromobil çox məsafə qət edə bilir. Amma akkumulyatoru qaldırdıqca çəki artır. Çəki artdıqca isə kilometr düşür. Hansısa istehsalçı 50 kilovatlıq akkumulyatorla modelin 150 kilometr yol gedəcəyini deyirsə, bu o demək deyil ki, 100 kilovatlıq akkumulyator 300 kilometr məsafə qət edəcək. Çünki akkumulyator öz bərabərində şiddətli ağırlıq gətirir, onu həddən artıq yükləmək olmaz. Akkumulyatorun yerləşdiyi yer də avtomobili böyüdür. Böyüdükcə çəki artır. Avtomobilin öz çəkisindən əlavə, sərnişinlər və yük hissəsi də nəzərə alınır. Daxili yanma mühərriki ilə işləyən avtomobillərin yük yeri çox böyük olsa da, elektromobillərdə bu, əksinədir. Yəni yüklənməni mümkün qədər aşağı salmağa çalışdıqları üçün elektromobillərin maksimum kilometrajı bu qədərdir".

 

 

O qeyd edib ki, hava və yerüstü nəqliyyat arasında ciddi fərq var: "Bu fərqlər aviasiyada istifadə edilən batareyanın elektromobillərdə işlədilməsinə mane olur. Xeyli səbəblər var. Ən əsası isə qiymət elektromobilləri aviasiya vasitələrinin hissələrindən istifadə etməyə qoymur. Çox şirkət böyük akkumulyator qoyaraq elektromobilin çox kilometraj qət etməsinə razı olmur. Məsələn, Hummer şirkəti 2022-ci ildə elektromobil istehsal etmək istəyir. Artıq ilk görüntü və sifariş qaydası açıqlanıb. Elektromobilin böyük akkumulyatoru var, geniş imkanlara sahibdir, amma alıcısı olmayacağı deyilir. Çünki qiyməti 90-120 min dollardır. Bu, alıcının haqlı narazılığına səbəb olur. Ona bənzər, daxili yanma mühərrikli avtomobil 40-45 min dollardır. Belə çıxır, elektromobil sürmək üçün 3 dəfə artıq pul vermək lazımdır. Elektromobildə hərbi aviasiyanın ən güclü akkumulyatorlarından istifadə etsələr, qiymət kəskin artacaq. Hərbi aviasiyada nəticəyə köklənirlər. Bunun üçün dövlət büdcəsindən külli miqdarda pul ayrılır. Amma avtomobil ciddi rəqabətdədir və xalqla işləyir. Bu halda həmin texnologiyanı avtomobilə köçürmək olmaz.  Amerikanın istehsal etdiyi Global hauk adlı dronun qiyməti 100 milyon dollardan çoxdur. Hətta təyyarələrdən də bahadır. Bu cür texnologiyanı kütləvi xalqa açmaq şirkəti müflis edər".

 

 

Ş.Göyləroğlunun sözlərinə görə,  aviasiyadakı texnologiyalar köhnəldikcə və qiyməti ucuzlaşdıqca avtomobildə istifadə olunur: "1970-1980-ci illərin aviasiyasında işlədilən texnologiya bu gün avtomobildə istifadə edilir. 10 il sonra dronlarda istifadə edilən akkumulyatorların qiyməti kütləvi düşsə, texnologiya inkişaf etsə, o daha ucuz başa gələr və elektromobillər üçün də keçərli olar. Akkumulyatoru bahalı edən isə ömrü, gücü, bir anlıq verdiyi güc, istifadə edilən materialların bahalığıdır. Müasir maşınların qiyməti tərkibindəki kimyəvi maddələrə görə fərqlənir. Məsələn, litium ion, yaxud litium qrafit batareyaları var. Bu, həm texnoloji, həm də qiymət, həmçinin ciddi performans fərqi yaradır".

 

 

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox