AZ

Yeni “İnformatika” tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub

f078e05b3817c2d3cea0f1a6b30b3027.png
07.07.2022 12:40

Ali təhsil müəssisələrinə qəbulda informatika fənninə yeni status verilməsi abituriyentlər, bu fənni tədris edən müəllimlər üçün yeni tədris vəsaitlərinə zərurət yaradıb. Bu məqsədlə Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi İsmayıl Sadıqovun həmmüəllifi olduqları tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub.

 

Bu barədə TED.az-a İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.

 

On yeddi bölmədən ibarət olan kitab materialın həcmi nəzərə alınaraq 2 hissəyə ayrılıb. Hər bölmə bir neçə mövzudan ibarətdir. Hər mövzuya uyğun verilmiş nəzəri materiallar çoxsaylı nümunələrlə (testlərlə) müşayiət olunub. Məsələ həlli tələb edən mövzularda müvafiq həcmdə nümunələr təqdim edilib. Mövzunun sonunda mənimsəməni dərinləşdirmək, möhkəmləndirmək və dəyərləndirmək üçün “Müstəqil qiymətləndirmə tapşırıqları”, hər bölmənin sonunda isə “Ümumiləşdirici tapşırıqlar” verilib.

 

“Bakı” nəşriyyatı tərəfindən yüksək səviyyədə dizayn edilərək nəşr olunmuş dərs vəsaiti, ilk növbədə, 2023-2024-cü tədris ilində “İnformatika” fənnindən qəbul imtahanı verəcək məktəblilərin (abituriyentlərin) həmin imtahana sistemli şəkildə hazırlaşmaları üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında qəbul imtahanının proqramı və imtahan modeli, eləcə də hazırda istifadədə olan V-XI siniflər üçün “İnformatika” dərslikləri əsas götürülüb. Sadə və anlaşıqlı dildə yazılmış kitabda mənimsəməni asanlaşdıracaq sxem, şəkil və illüstrasiyalar təsvir edilib. Bu da müxtəlif səviyyəli məktəblilərin imtahana səmərəli hazırlaşmalarına yardım edəcək.

 

Kitab ümumtəhsil məktəblərinin V-XI siniflərində informatika fənnini tədris edən müəllimlər üçün də əvəzsiz tədris vəsaiti olacaq. Belə ki, eyni bölməyə aid olan, lakin kurrikuluma uyğun olaraq, “İnformatika” dərsliklərinin ümumi təhsil pilləsinin fərqli səviyyələrinə (siniflərinə) paylanmış bir sıra mövzular burada sistemli şəkildə verilib və daha ətraflı izah edilib.

 

Bundan başqa, bu tədris vəsaitindən yuxarı sinif şagirdləri və ali təhsil müəssisələrində informasiya texnologiyalarının əsasları fənnini öyrənən tələbələr də yararlana biləcəklər. Kitab informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə maraqlanan geniş oxucu kütləsi üçün də faydalı olacaq.

Elm bölməsindən digər xəbərlər

Daha çox