AZ

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

 

9173ee609aed03f04dfc57e03e0d3744.jpg
19.04.2024 16:57

ABŞ-a səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda keçirilən BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 23-cü sessiyasında iştirak edib.

 

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, Dövlət Agentliyinin sədri CEPA-nın “16-cı və 17-ci Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün Könüllü Milli Hesabat Ölkələri və Könüllü Yerli Hesabat Şəhərləri arasında perspektivli təcrübələrin mübadiləsi” sessiyasında çıxış edib. Çıxış zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, eləcə də 16-cı və 17-ci DİM-lərə nail olunması istiqamətində Dövlət Agentliyinin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda, “ASAN xidmət”in beynəlxalq arenada əldə etdiyi nailiyyətlər, həmçinin “ASAN İnnovativ İnkişaf Mərkəzi” tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən təlimlərin əhəmiyyəti diqqətə çatdırılıb.

 

Səfər çərçivəsində Ülvi Mehdiyev BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb. Görüşdə 2013-cü ildən etibarən Dövlət Agentliyi ilə BMT-nin müvafiq departamenti arasında həyata keçirilən uğurlu əməkdaşlığa toxunulub. Qarşı tərəf “ASAN xidmət”in BMT tərəfindən iki dəfə yüksək mükafata layiq görüldüyünü diqqətə çatdıraraq, müvafiq modelin digər ölkələrdə də tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

 

Görüşdə “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqi istiqamətində Dövlət Agentliyi ilə BMT arasında yeni əməkdaşlıq layihəsinin həyata keçirilməsi barədə razılığa gəlinib.

 

Bundan əlavə, BMT İnkişaf Proqramının Regional Bürosunun direktoru İvana Zivkoviç ilə görüş keçirilib. Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə geniş təqdimat edilib. İ.Zivkoviç ötən dövrdə Dövlət Agentliyi ilə BMT-nin İnkişaf Proqramı arasında icra edilmiş layihələri xatırladaraq bundan sonra da müvafiq istiqamətlər üzrə əməkdaşlığa hazır olduğunu bildirib.

 

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri gənclər və idman naziri Fərid Qayıbovun dəvəti əsasında Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimizlə görüşüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox