AZ

Rəisi missiyasının gizli qəhrəmanı: PEYK RABİTƏSİ - FOTOLAR

9a1f63605d9fbb6de32404f5bef47175.jpg
19.06.2024 14:57

İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxsləri daşıyan helikopterin qalıqlarının tapılmasında “Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatının (PUA) rolunun əks-sədaları davam edir.

 

Türkiyənin peyk rabitəsi ilə idarə olunan milli platformaları dünyanın dörd tərəfinə fasiləsiz uça bilir. SATCOM-un inteqrasiya edildiyi Türkiyə istehsalı insansız vasitələrin yaxın illərdə adından söz etdirməsi gözlənilir. İbrahim Rəisi, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin cümə imamı Ayətullah Əli Haşim və Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhmətinin içərisində olduğu helikopterin qəzaya uğraması hələ də gündəmin ilk mövzularından biridir.
İran öz imkanları ilə tapa bilmədiyi qəza yerini Türkiyədən istənilən yardımdan sonra bölgəyə uçan “Akıncı” aşkar etdi. “Akıncı”nın bu prosesdə gördüyü işlər Türkiyə müdafiə sənayesinin imkan və qabiliyyətlərinin mühüm göstəricisi idi. “Akıncı” bir platforma olaraq önə çıxsa da, arxa planda türkiyəli mühəndislər tərəfindən hazırlanmış sistemlər, yerli/milli imkanlarla istehsal edilən sensorlar və daha çox şey var.

 
Bu məqamda qeyd edək ki, əməliyyatın gizli qəhrəmanlarından biri də SATCOM adlı peyk rabitə sistemi olub. Bəs, SATCOM nədir, peyk rabitəsi niyə vacibdir, bu sistemin inteqrasiya olunduğu insansız platformalar hansı üstünlükləri qazanır? Gəlin bütün bu sualların cavablarına daha yaxından nəzər salaq...

 
SATCOM nə üçün vacibdir?

 
Ümumiyyətlə, PUA-ların iki ayrı rabitə tezliyi var. Onlardan biri uçuş zamanı platformaya nəzarəti təmin edir, digəri isə kameradan alınan görüntülərin mərkəzə ötürülməsində rol oynayır. “Akıncı”nın Rəisi missiyasında bütün dünyanın diqqətini çəkən iki mühüm detal da burada gündəmə gəlir. Birincisi “Akıncı”nın mərkəzə ötürdüyü görüntülərin keyfiyyəti, digəri isə çox çətin hava şəraitinə baxmayaraq, zərrə qədər donma olmamasıdır.

 
Buna nail olmaq üçün çoxlu sayda sensor və sistemlərin inteqrasiyası vacibdir. Bununla belə, SATCOM əldə edilən məlumatların heç bir fasilə və itki olmadan mərkəzə ötürülməsində aparıcı rol oynayır. Türkiyə istehsalı PUA-ların peyk rabitəsində önə çıxan həm dövlət, həm də özəl sektordan önəmli şirkətlər var. “Akıncı”da quraşdırılan SATCOM-un ASELSAN imzalı olduğunu bilirik.
 
 
Türkiyə istehsalı zərbə PUA-ları məhdudiyyətlərin önünə keçir

 
Bu məqamda nəzərdən qaçırılmaması lazım olan məsələlərdən biri də Türkiyənin bütün bu prosesi öz peyki vasitəsilə qura bilməsidir. İstənilən yerdə fəaliyyət göstərə bilən peyk rabitəsi qabiliyyətinə malik PUA-lar “Türksat 4B” peykinin əhatə dairəsi daxilində fasiləsiz fəaliyyət göstərə bilir. “Türksat 4B” peyki Avropadan Orta Asiyaya və hətta Afrikaya qədər çox geniş əhatə dairəsinə malikdir. Beləliklə, operator bütün bu xətt boyunca insansız platformanı fasiləsiz şəkildə uçura bilər. Bu vəziyyət özü ilə çox kritik üstünlüklər gətirir.

Əvvəla, Türkiyə istehsalı zərbə PUA-ları çox uzaq məsafədə uçmaq və fəaliyyət göstərmək bacarığı qazanıb. Bundan əlavə, yerüstü antenalar tərəfindən təmin edilən idarəetmələrdə mümkün fasilələrin qarşısı alınır. Digər tərəfdən əməliyyatın aparılacağı əraziyə yaxın yerləşmə zərurəti də aradan qaldırılır. Normalda belə hallarda həmin ölkədə və ya qonşu ölkədə dislokasiya olunmaq və yerüstü idarəetmə bölməsini ora köçürmək lazımdır. SATCOM-un inteqrasiya edildiyi platformalarda bunlara ehtiyac olmur.
 
 
Sikkənin Radioelektron Mübarizə (REM) tərəfi də var. Məlum olduğu kimi, belə sistemlərin fəaliyyət göstərdiyi ərazilərdə çox ciddi REM həyata keçirilir. Peyklə idarə olunan Türkiyə PUA-ları bu cür təhlükələrə qarşı böyük müqavimət qazanıb. Nəticədə əməliyyat uğurla başa çatdırılır və platforma itkisinin qarşısı alınır. Məsələni PUA-lar vasitəsilə müzakirə etsək də, Ankaranın da bu mövzuda çox fərqli araşdırmaları var. Məsələn, İnsansız Dəniz Platformaları (İDP) üçün də peyklə idarə olunan platformalar istehsal olunur.
 

İctimaiyyətə əks olunmayan bir detalla konkretləşdirək... Bu yaxınlarda ilk dəfə rəsmi təlimdə görünən “Marlin” Silahlı İnsansız Dəniz Platforması (SİDP) da peyk vasitəsilə idarə olunur. Egey dənizində bir missiyanı üzərinə götürən “Marlin” SİDP həmin gün çox uzaqdakı bir idarəetmə stansiyasından idarə olundu.
 
 
Arxa planda işin ixrac tərəfi də var

 
Peyk vasitəsilə əlaqə quran bir PUA-nın nə edə biləcəyini ən sadə şəkildə izah etdik. Bunlar əməliyyatlar tərəfində ön plana çıxsa da, arxa planda başqa bir mühüm məsələ diqqət çəkir. Məlum olduğu kimi, Türkiyə dünyanın PUA məsələsinə diqqət yetirilən mərkəzlərindən biridir. Bənzər bir uğur hekayəsinin İDP-lərdə də yazıla biləcəyinə böyük inam var. Satılan hər bir PUA/zərbə PUA-sı və ya İDP/SİDP üçün, əgər müvafiq ölkə tələb edərsə, SATCOM inteqrasiyası da həyata keçirilir. Başqa sözlə, Ankara platforma ilə birlikdə belə qabaqcıl sistemləri də ixrac edir.

 
Bütün bunları bir araya gətirdiyimiz zaman “Akıncı”nın Rəisi missiyasında əldə etdiyi uğur onu göstərir ki, işin mətbəx hissəsində çox dəyərli bir ekosistem yaranıb və hazırda çox yaxşı işləyir.
 

Dünya bölməsindən digər xəbərlər

Daha çox