Naxçıvanda elektrik enerjisinin 52 faizi alternativ və bərpaolunan enerji mənbələrindən əldə edilib
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının cari ilin yanvar-oktyabr aylarında texniki-iqtisadi göstəriciləri açıqlanıb.
Energetika Xidmətinin mətbuat xidmətindən TED.az-a bildirilib ki, müvafiq dövrdə istehsal edilən ümumi elektrik enerjisinin 52 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb. Cari ilin yanvar-oktyabr ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin 48 faizi istilik, 39 faizi su, 13 faizi isə Günəş elektrik stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 18 faiz artıb. Belə ki, bu rəqəm 2023-cü ildə 34 faiz olduğu halda, cari ildə bu göstərici 52 faizə yüksəlib.