AZ

Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edir - RƏY 

8c84e2cd8a6c71d116e023eb762d5546.jpg
14.11.2024 15:57

Hazırda dünyanın nəzərləri yenidən Azərbaycana dikilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Artıq konfrans çərçivəsində bir sıra mühüm tədbirlər, o cümlədən də Liderlər Sammiti böyük uğurla baş tutub. Qeyd etməliyik ki, bu, BMT-in ən böyük tədbirlərindən biridir.

 

TED.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

 

Deputat vurğulayıb ki, bir neçə gün ərzində paytaxtımızda hazırda dünyada çox aktual olan iqlim dəyişmələri ilə bağlı müzakirələr aparılacaq və önəmli qərarlar qəbul olunacaq. Ağalar Vəliyev belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsini ölkəmizin və onun Liderinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan bir qayda olaraq beynəlxalq təhdidlərə qarşı qlobal həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir, ümumi məqsədlərə çatılması naminə fəallıq göstərir və bu işə özünün sanballı töhfələrini verir. Bu da beynəlxalq səviyyədə təqdir olunur. “Azərbaycan COP29-a ev sahibliyi hüququnu ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində qazanıb. Təxminən 200 ölkənin yekdil qərarı ilə respublikamıza COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”, - deyə o qeyd edib.

 

Deputatın sözlərinə görə, tədbirə hazırlaşmaq üçün ölkəmizin bir ildən də az vaxtı var idi. Ancaq indiyədək mühüm beynəlxalq tədbirlərin təşkilində yaxşı təcrübə qazanmış Azərbaycan qısa müddət ərzində məsuliyyətli hazırlıq həyata keçirib və hazırda da COP29-a yüksək səviyyədə ev sahibliyi edir.

 

A.Vəliyev bildirib ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq. Milli Məclisin deputatının sözlərinə görə, hazırda qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənir. Ancaq bu, kiçik ada dövlətləri üçün bir mövcudluq məsələsidir. Buna görə də Azərbaycan o mövqedən çıxış edir ki, artıq müzakirələrdən işə keçilməli, kiçik ada dövlətlərinə real kömək göstərilməli, xüsusilə də maliyyələşmə məsələləri həllini tapmalıdır.

 

Azərbaycanın enerji transformasiyasına çox həssas yanaşdığına diqqət çəkən deputat vurğulayıb ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə sanballı töhfələr verməklə yanaşı, bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasını da özünün prioritet hədəflərindən biri kimi müəyyənləşdirib. “Abşeron yarımadası, işğaldan azad olunmuş ərazilərimiz, Naxçıvan bərpaolunan enerji mənbələri ilə zəngindir. Bu potensialdan səmərəli istifadə etməklə qeyd olunan mənbələrdən getdikcə daha çox həcmlərdə ekoloji cəhətdən təmiz enerji alacağıq. Ölkəmizin yeni ixrac potensialı yaranacaq. Yaşıl enerjinin Avropaya ixracı məqsədilə Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsinə dair razılaşma əldə olunub. Liderlər Sammitində bildirildiyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki əsaslandırma işləri yaxın vaxtlarda bitəcək. Onun imkanları kifayət qədər böyük olacaqdır. Bu, yalnız başlanğıcdır”, - deyə Ağalar Vəliyev diqqətə çatdırıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox