AZ

Jurnalistika və Media sahəsində çalışan qadınlar üçün sağlamlıq mentorluğu görüşü keçirilib

861c687ed542d3f77071e5925099da6b.jpeg
06.10.2025 14:34

Jurnalistika və media sahəsində fəaliyyət göstərən qadınlar üçün “Sağlamlıq və psixoloji rifah” mövzusunda mentorluq görüşü baş tutub. Görüşün məqsədi qadın media nümayəndələrinin sağlamlıq və psixoloji balansla bağlı biliklərini artırmaq, həmçinin bu istiqamətdə açıq dialoq və dəstək mühiti yaratmaq olub.

 

Tədbirdə spiker qismində uzman ginekoloq Zivər Eldarova və klinik psixoloq, Ph.D.(c), PSYCH-K® fasilitator Mirşahin Əlizadə çıxış ediblər.

 

Zivər Eldarova qadın sağlamlığında profilaktikanın əhəmiyyətindən, ginekoloji problemlərin erkən diaqnostikasının həyat keyfiyyətinə təsirindən və hər bir qadının öz bədənini tanımasının vacibliyindən danışıb. O, həmçinin gündəlik qayğı və mütəmadi həkim müayinələrinin qadınların həm fiziki, həm də emosional rifahını qorumaqda mühüm rol oynadığını vurğulayıb.

 

Mirşahin Əlizadə isə çıxışında psixoloji dayanıqlılığın işgüzar qadınların həyatında rolu, stres və narahatlığın bədənə təsiri, eləcə də zehni rahatlığın bərpası üçün effektiv metodlardan söz açıb. O, PSYCH-K® texnikasının insanın şüuraltı düşüncələrini dəyişdirərək daha pozitiv və balanslı həyat tərzinə yönəlməyə kömək etdiyini qeyd edib. Psixoloq media mühitində çalışan qadınların tez-tez peşə stressi və informasiya yüklənməsi ilə üzləşdiyini vurğulayaraq, bununla mübarizə üçün praktik nəfəs və diqqət yönəltmə üsulları təqdim edib.

 

Tədbirin açılışını PR Point Baku şirkətinin təsisçisi və direktoru Aida Ramiz edib. O, çıxışında bu görüşlərin təkcə maarifləndirici deyil, həm də peşəkar qadınlar arasında şəbəkələşməni gücləndirən mühüm platforma olduğunu vurğulayıb:

 

“Bu kimi tədbirlər silsilə xarakter daşıyır. Media və jurnalistika sahəsində çalışan qadınların mütəmadi olaraq bir araya gəlməsi, həm təcrübə, həm də dəstək mühiti baxımından çox vacibdir,” – deyə Aida Ramiz bildirib.

 

Görüş Zəhra Klinika və PR Point Baku şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Tədbirin sonunda çıxış edən həkimlər və spikerlər qadın sağlamlığının cəmiyyət üçün əhəmiyyətinə verdikləri töhfəyə görə sertifikatlarla təltif olunublar.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox