“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində hazırlanmış maarifləndirici videoçarxın təqdimatı keçirilib.
Təqdimat Yaradıcı Media Məktəbində baş tutub.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Rəşad Cəfərov layihə haqqında məlumat verərək onun əsas məqsəd və vəzifələrindən, həyata keçirilən maarifləndirmə tədbirlərindən, eləcə də mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılmasının əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan, çalışan və həmin ərazilərə səfər etməyi və ya köçməyi planlaşdıran insanların mina və partlamamış hərbi sursat təhlükələri barədə məlumatlılığını artırmaq, təhlükəli vəziyyətlərdə düzgün davranış vərdişlərinin formalaşmasına dəstək olmaqdır.
Layihə çərçivəsində hazırlanmış maarifləndirici videoçarx mina təhlükəsinin real mahiyyətini, təhlükəli ərazilərdə diqqət edilməli məqamları və şübhəli əşya ilə qarşılaşdıqda riayət olunmalı əsas təhlükəsizlik qaydalarını əhatə edir. Videoçarxın məqsədi mürəkkəb təhlükəsizlik məlumatlarını geniş auditoriyaya anlaşıqlı və təsirli formada çatdırmaqdır.
Layihənin fərqləndirici cəhətlərindən biri də müasir rəqəmsal imkanlardan istifadə etməklə maarifləndirici materialların daha əlçatan edilməsidir. QR-kodlar vasitəsilə videoçarxa və digər faydalı məlumatlara mobil telefonlar üzərindən operativ çıxışın təmin edilməsi nəzərdə tutulur.
Layihənin əsas hədəfi mina təhlükəsi ilə bağlı məlumatlılığı artırmaqla yanaşı, insanların həyat və sağlamlığının qorunmasına xidmət edən təhlükəsiz davranış mədəniyyətinin təşviq edilməsidir.



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



























