AZ

Əbülfəs Qarayev Feysbuk vasitəsilə ictimaiyyətə MÜRACİƏT ETDİ 

 

6821a2b7f30db0e87baf1f3f3888e1f8.jpg
24.03.2020 11:21

"İş prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı da, fəaliyyətimizi də müəyyən məcrada davam etdirməyə imkan verir. O cümlədən sosial media, elektron poçt və digər onlayn vasitələrdən istifadə edərək bir-birimizlə ünsiyyəti davam etdirə bilirik. Odur ki, bizi evlərimizdə sosial izolyasiyaya vadar edən bu şəraitin doğurduğu zamanı da səmərəli dəyərləndirməyə çalışmalıyıq".

 

TED.az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev Feysbuk vasitəsilə ictimaiyyətə müraciətində qeyd edib. 

 

Nazir vurğulayıb ki, son illər mədəniyyətin inkişafı ilə bağlı görülən işlərin başlıca hədəflərindən biri də bütün sahələrdə müasir texnologiyalardan istifadənin genişləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və ölkə əhalisinin mədəniyyətlə bağlılığının daha da gücləndirilməsidir. 

 

Ə.Qarayev əhalini dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, çağdaş texnoloji imkanlar – televiziya, internet, mövcud elektron resurslar vasitəsilə mədəniyyətimizlə sıx təmas qurmağa çağırıb: "Son illər mədəni irsimizin müasir informasiya texnologiyaları vasitəsilə yayılması, hər kəs üçün əlçatan olması üçün çoxlu layihələr həyata keçirilib. Heydər Əliyev Fondu tərəfindən musiqi sənəti incilərimizin, muğamlarımızın elektron vasitələrlə geniş yayılmasına imkan yaradan layihələr buna bariz nümunədir. Eləcə də Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsimiz, incəsənətimiz və ədəbiyyatımızla elektron formatda, virtual şəkildə tanış olmaq üçün bir sıra layihələr reallaşdırılıb. Yaranmış vəziyyətdə bu istiqamətdə yeni layihələr də hazırlanmaqdadır.

 

O bildirib ki, tətbiq edilən zəruri sosial izolyasiyanı diqqətə alaraq "Evdə qal, evdə yarat" təşəbbüsünə start verilib: "Mədəniyyət Nazirliyi və "Kreativ Azərbaycan" portalı tərəfindən irəli sürülən təşəbbüsdə vətəndaşlar evdə keçirdikləri vaxt ərzində yaradıcılıqlarını işə salaraq dəyərli hədiyyələr qazana bilərlər. Hər bir vətəndaşımız öz yaradıcılığını "Kreativ Azərbaycan" Feysbuk səhifəsində paylaşa bilər. Bütün yaradıcı insanları bu hərəkatı təşviq etməyə çağırıram".

 

Nazir vurğulayıb ki, yaxın günlərdə "Mədəniyyət" kanalında, eləcə də nazirliyin YouTube, Feysbuk və Instagram səhifələrində yayımlanmaqla təlim xarakterli "#Yaradıcılığı evdə öyrən" verilişi təqdim ediləcək. Bu layihə həm böyüklərə özlərinin yaradıcı imkanları kəşf etməyə, bacarıqlarını inkişaf etdirməyə imkan verəcək, həm də uşaq və yeniyetmələr üçün maraqlı olacaq. Bundan əlavə, nazirliyin tabeliyindəki uşaq musiqi və incəsənət məktəbləri üçün teledərslərin nümayişi başlanacaq".

 

Nazirliyin Uşaq musiqi və incəsənət məktəbləri tədris portalında (http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi ustad dərslərinin video-dərsləri yerləşdirilmişdir və bunların sayı artırılacaq. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən elektron vasitələrlə sosial layihələr həyata keçirməyə başlanıb. Bu çətin günlərdə birlik nümayiş etdirmək məqsədilə həmvətənlərimizi və sənətçilərimizi evlərindən "Yallı gedək" axınına qoşulmağa çağıran təşəbbüs "Ölkəmizi tanıyaq" layihəsinə dəstək olaraq reallaşdırılan "Vətənimizə virtual səyahət" layihəsi və s. bu qəbildəndir", – deyə Ə.Qarayev bildirib. 

 

Onun sözlərinə görə, nazirliyin rəsmi internet saytında (mct.gov.az), eləcə də Feysbuk, Instagram səhifələrində mədəniyyətimizin bütün spektri ilə yaxından tanış olmaq üçün elektron resurslar, bununla bağlı bir çox faydalı mənbələrə keçidlər mövcuddur: "Bu gün hər kəs Azərbaycan Milli Kitabxanasının (anl.az) və Respublika Uşaq Kitabxanasının (clb.az) saytlarına müraciət etməklə mütaliə üçün elektron kitabları öz elektron poçtları vasitəsilə əldə edə bilər. Eləcə də şəhər və rayonlarımızın mərkəzləşdirilmiş kitabxana sistemlərinin saytlarında elektron kitabxanalar mövcuddur. Mədəniyyət Nazirliyinin "Radio Antenn" 101 FM-lə birgə həyata keçirdiyi "Canlı kitab" layihəsində həftə içi hər gün saat 10:00-dan 12:00-dək dünya və Azərbaycan ədəbiyyatının nümunələri canlı efirdə səsləndirilir, eləcə də nazirliyin kitabxanalarının elektron resurslarından mütaliə imkanları barədə məlumat verilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə onlayn rejimdə fəaliyyət göstərən audio-kitabxanadan da hər kəs istifadə edə bilər. 1541 nömrəsinə zəng etməklə stansionar telefon xətti vasitəsilə də ödənişsiz seçdiyiniz əsərləri dinləyə bilərsiniz. Muzeylərimiz də yaranmış şəraitə uyğun olaraq öz fəaliyyətlərini elektron vasitələrlə onlayn rejimdə davam etdirirlər. Bu gün hər bir internet istifadəçisi evində oturaraq ayrı-ayrı muzeylərimizin zəngin kolleksiyası ilə (“Virtual muzey” layihəsi) tanış ola bilər. Bu sahədə elektron imkanların geniş tətbiqi sayəsində “Muzey kolleksiyasının inciləri”, “Muzey hamı üçün”, “Bir eksponatın tarixi” kimi virtual layihələr də artıq hər kəs üçün əlçatandır".


"Azərbaycan Milli İncəsənət Muzeyi (http://nationalartmuseum.az/), Azərbaycan Milli Xalça Muzeyi (http://azcarpetmuseum.az/), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi (www.musicmuseum.az/az/index.php), Azərbaycan Dövlət Teatr Muzeyi (http://teatrmuzeyi.musigi-dunya.az) və s. muzeylər öz internet saytları, YouTube, Feysbuk, Instagram və s. sosial şəbəkələr vasitəsilə ekspozisiya və sərgilərin virtual tur və ekskursiyalarını, dərs və mühazirələri izləyicilərə təqdim edirlər. Müxtəlif TV kanalların ayrı-ayrı muzeylərə həsr etdiyi proqramlarının videolinkləri də həmin muzeylərin Feysbuk səhifəsində, “YouTube” kanalında istifadə üçün açıqdır. Bizim bir çox filmlərimizi, həmçinin teatr və televiziya tamaşalarının, konsert proqramlarının lent yazılarını “YouTube” və digər internet resursları vasitəsilə izləmək imkanlarınız var", – nazir sonda qeyd edib. 


 

Cavid QƏDİR

 

TED + bölməsindən digər xəbərlər

Daha çox