AZ

Azərbaycan şirkətləri Feysbuk Shop-dan istifadəyə maraq göstərəcəkmi?

 

227f1205f0261bfc0076da4f7e5c6814.jpg
02.06.2020 12:21

Feysbuk istifadəçilərinə sosial şəbəkə üzərindən rəqəmsal ticarətlə məşğul olmaq imkanı yaradan “Facebook Shop” xidmətini təqdim edib. Bu xidmət Azərbaycanda istifadə olunacaqmı?

 

“Feysbuk tərəfindən istifadəyə verilən xidmət hazırda sınaq mərhələsində olduğundan yalnız Amerika Birləşmiş Ştatları üçün tam funksionaldır. Növbəti mərhələdə qərbi Avropa ölkələri üçün xidmətin bütün imkalarının təqdim olunması nəzərdə tutulub. Burada söhbət sifariş olunacaq məhsulların ödənişinin onlayn olaraq Feysbuk üzərindən həyata keçirilməsi və məhsulların ünvana çatdırılması xidmətindən gedir. “Facebook Shop” digər ölkələrdə məhsulların nümayiş olunması üçün vitrin rolunu oynayır. Mövcud vəziyyətdə xidmətin populyarlıq qazanacağını və geniş istifadə olunacağını hesab etmirəm. Lakin Amerika bazarında sınaqdan uğurla keçərsə və digər dövlətlər üzrə də tam funksionallıq təmin olunarsa, ölkəmizdə də geniş istifadə olunacağını hesab edirəm”.

 

TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov deyib.

 

O bildirib ki, hazırda “Azexport.az” internet portalı geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub: “Hazırda “Azexport.az” internet portalı “Made in Azerbaijan” məhsullarının xarici bazarlarda rəqəmsal ticarət platformaları vasitəsi ilə təşviqinin aparılması məqsədi ilə “Amazon.com”, “Alibaba.com”, “Agroserver.ru”, “All.biz”, “Go4worldbusiness.com” kimi geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub.  İnteqrasiya proseslərinin müsbət nəticəsi olaraq 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinə kimi (40 ay ərzində) dünyanın 141 ölkəsindən “Azexport.az” internet portalına 1,8 milyard ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. Portalın uğurlu fəaliyyəti nəticəsində ixrac coğrafiyamız genişlənib. Əvvəllər qida və dərman məhsullarının ixracı imkansız olan əksər Ərəb, Okeaniya və Amerika qitəsi ölkələrinə məhsul ixracı artıb. Portalın idarə olunması zamanı resursların səmərəli istifadə olunaraq minimum xərclə maksimum effektivliyə nail olunması prinsipi əsas götürülür. Bu baxımdan “Facebook Shop” Amerika Birləşmiş Ştatlarında sınaq mərhələsini bitirib və xidmətlərini tam funksional təqdim etdikdən sonra müəyyən təhlillər aparılacaq. Təhlillərin nəticəsinə əsasən portalın gələcəkdə bu xidmətlərə inteqrasiya olunması barədə qərar qəbul olunacaq”.

 

Fatimə ZÜLFİQAR

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox