AZ

Nəqliyyatda üzük, saat və digər əşyalarla ödəniş etmək mümkün oldu - Ağıllı şəhərə gedən yol

120ddaec63b5b755201661d3c01aa24d.jpg
22.09.2020 09:12

Ölkəmizdə ictimai nəqliyyat ödənişini mobil telefon, smart saat vasitəsilə etmək mümkün oldu. Kart almaq, balans artırmaq kimi məcburiyyətlər yoxdur. Necə deyərlər, "Ağıllı şəhər"ə gedən yol təmassız texnologiyalardan keçir. 

 

Bütün bunlar Dövlət bankı Azər Türk Bank, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və MasterCard beynəlxalq ödəniş sisteminin Şamaxıda tətbiq etdiyi ortaq pilot layihə çərçivəsində mümkün oldu. 

 

 

 

 

Pilot layihə gələcəyə nə vəd edir? 

 

Layihə çərçivəsində ictimai nəqliyyatda istifadə üçün prepaid tipli «İNKART» təmassız ödəniş kartı buraxılıb. Onun əsas üstünlüyü kartı banka getmədən, hər hansı sənədləşmə işi aparılmadan əldə etməyin mümkünlüyüdür. Bu kartın digər üstün cəhətləri isə balansın terminallar və onlayn kanallar vasitəsilə artırılması, kart sahibinin öz telefonuna mobil əlavə yükləməklə kartını idarə etmək imkanının olmasıdır. Avtobuslarda yeni nəsil ödənişləri qəbul edən cihaz – validatorlar quraşdırılıb. Validatorlarda, ödəniş kartlarından əlavə NFC texnologiyanı dəstəkləyən avadanlıqlar — smartfon, ağıllı saat və s. ilə ödəməni mümkün edir.

 

Maraqlıdır, yaxın gələcəkdə innovativ nəqliyyat ekosistemi istiqamətində pilot layihənin daha hansı üstünlüklərini görəcəyik? 

 

Mövzu ilə bağlı TED.az-a danışan Azexport portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş 2018-2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramında qarşıya qoyulan istiqamətlərdən biri də smart ödəniş vasitələri ilə ictimai nəqliyyat xərclərinin ödənilməsi üçün müvafiq infrastrukturun yaradılmasıdır: "Pilot layihə olaraq Şamaxı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda və Bakı - Sumqayıt qatarlarında bu sistemin tətbiqi onun sınaqdan keçirilməsi və yarana biləcək uyğunsuzluqların aradan qaldırılması üçün uğurlu seçimdir. Hazırda dünya praktikasında bank kartı ilə yanaşı mobil telefon, ağıllı üzük, bilərzik və s. bu kimi gündəlik istifadə olunan əşyalar vasitəilə də ödəniş mümükündür. Ötən ilin sonlarında Minsk və Kiev metrostansiyalarında bu sistemin iş prinsipini şəxsi təcrübəmdə sınaqdan keçirdim. Müşahidəmə görə, hər 10 nəfərdən 6-7-i ödəniş vasitəsi kimi plastik bank kartından istifadə edir. Bu isə ölkəmizdə də bu sistemin uğurlu ola biləcəyini deməyimizə əsas verir".

 

 

"Plastik bank kartlarından nəqliyyat sistemində ödəniş vasitəsi kimi istifadə vətandaşların nağdsız ödənişlərə marağı və etibarının artırılması istiqamətində atılan böyük addımlardan biridir".

 

A.Qədəşovun sözlərinə görə, smart şəhər layihəsinin inkişafı üçün bu tip ödəniş texnologiyalarının müxtəlif sahələrdə daha geniş tətbiqi mütləqdir: "İnfrastrukturun mövcud olması ilə yanaşı, vətandaşların da bu imkanlardan istifadəyə maraqlı olması mütləqdir. Hesab edirəm ki, plastik bank kartlarından nəqliyyat sistemində ödəniş vasitəsi kimi istifadə vətandaşların nağdsız ödənişlərə marağı və etibarının artırılması istiqamətində atılan böyük addımlardan biridir".

 

"Niyə mütləq avtobus dayanacağında BakıKartın öz terminalına yaxınlaşmalıyıq?" - EKSPERT

 

Nəqliyyat eksperti Elməddin Muradlı isə xatırladıb ki, Bakıda nəqliyyat ödənişi artıq kart vasitəsilə həyata keçirilir. Bu proses şəhəri tam əhatə etməsə də, hələlik BakıKart sistemi işlək vəziyyətdədir: "Amma karantin müddətində metro fəaliyyətini dayandırdığı üçün insanlar balans artırmağın yollarını tapa bilmədilər. Çox ciddi narazılıq yarandı. Bunları nəzərə alsaq, Şamaxıda bu pilot layihənin tətbiqi stimulverici mühit yaradır. Bakıda BakıKartın tam tətbiqinə nail olmamış belə layihənin ortaya çıxması çox yaxşı haldır. İnformasiya texnologiyaları əsrində yaşayırıq. Hər kəs düşünür ki, niyə bir mobil tətbiq və ya terminal vasitəsilə BakıKartın balansını artıra bilməyək? Niyə mütləq avtobus dayanacağında BakıKartın öz terminalına yaxınlaşmalıyıq? Yaxınlaşanda da ya terminal işlək vəziyyətdə olmur, ya da növbə yaranır. Şamaxıdakı layihə bunu göstərir ki, istəsək, informasiya texnologiyalarının imkanlarından yararlana bilərik. Təmassız ödənişlərə xidmət edən bank kartı həm ictimai nəqliyyatda ödəniş, həm alış-veriş, həm də kommunal xərclər üçündür. Bu, çox yaxşı layihədir".

 

 

Ekspert vurğulayıb ki, pilot layihə uğurlu nəticə versə, gələcəkdə bütün respublikada tətbiq edilə bilər: "Əsas maraq insanların rahatlığı üçün vahid kart sistemidir. Şamaxıda təmassız ödəniş pilot layihəsinin imkanlarından yararlanan şəxs paytaxta gələndə BakıKart almağa məcburdur. Belə kreativ layihələrdən çox istifadə etmək lazımdır ki, ümumiyyətlə, insanlar kart daşımasın və təmassız ödənişlərə üz tutsunlar. Bu pilot layihəni vahid kart sisteminə inteqrasiya etmək olar. İT-nin imkanlarından səmərəli istifadə etməliyik. İnanıram ki, Şamaxı pilot layihəsi yaxşı effekt verəcək. Bu, ilk dəfədir, tətbiq olunur. Ortaya çıxan qüsurlar digər şəhərlərdə tətbiq zamanı aradan qaldırılacaq. Bir qədər əvvəl İsmayıllıda ağıllı dayanacaq layihəsi tətbiq olundu. Bu layihə də əhalinin marağına səbəb oldu. Şəhər rəhbərlərinin özləri bu tip layihələrə maraq göstərməlidirlər. Düşünməlidirlər ki, Şamaxıda varsa, niyə də bizdə olmasın? Belə olsa, Bakı ilə yanaşı, rayonlarda da İT inkişaf edəcək".

 

"Bu addım dəstəklənməli və nəinki Şamaxı, eləcə də paytaxt Bakı daxil olmaqla bütün ölkədə tətbiq olunmalıdır".

 

Bakı sakini Cavid Şükürovun fikrincə isə ümumiyyətlə, istənilən sahədə elmi yenilik və yüksək texnologiyaların tətbiqinə müsbət yanaşmaq lazımdır: "Sözügedən sistem inkişaf etmiş ölkələrdə geniş vüsət alıb, artıq bir növ rutinə çevrilib. Ona görə də bu addım dəstəklənməli və nəinki Şamaxı, eləcə də paytaxt Bakı daxil olmaqla bütün ölkədə tətbiq olunmalıdır. Vətəndaşların işini asanlaşdırmaq üçün rəqəmli həllə tam keçid edənədək, belə demək mümkünsə, "hibrid sistem"dən də yararlanmaq olar. Məsələn, qonşu Gürcüstandakı marşrut avtobuslarda həm kartla, həm də nağd ödəniş sistemi aktivdir. Quraşdırılan terminala təyin olunmuş məbləği daxil etməklə sərnişin gediş bileti əldə edir. Bu da kartı olmayan, yaxud kartının balansını artırmağa macal tapmayanlar üçün lazım olan həldir. Şamaxıda tətbiq olunan sitem tam avtomatlaşdırılmış, rəqəmli texnologiyaya əsaslanan kompleks sistemdir. Ölkədə tətbiqi yəqin bir qədər vaxt tələb edir. Buna rəğmən düşünürəm ki, koronavirusun tüğyan etdiyi bir vaxtda fiziki təmasın minimuma endirilməsi baxımından lazımi və eyni zamanda, "ağıllı" şəhər istiqamətində atılmış inamlı addımdır".

 

 

"Sizin ən yaxın bələdçiniz mobil tətbiqiniz olacaq".

 

Məlumat Hesablama Mərkəzinin nümayəndəsi Ruhəngiz Qarayeva bildirib ki, bu sistemin mobil tətbiqi digər sahələr üçün də faydalıdır: "Sistemin mobil tətbiqi böyük turizm potensialı olan ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Mobil tətbiqi telefona yazdıqdan sonra kameranı Azər Türk Bankın təqdim etdiyi təmassız ödəniş kartı olan «İNKART»a yaxınlaşdırmaq kifayətdir ki, bir turistdə Şamaxı haqqında müfəssəl təəssürat yaransın. Tətbiq anında xəritə vasitəsilə Şamaxının turizm potensialını interaktiv şəkildə əks etdirir. Həmçinin istənilən turizm obyektini ziyarət etmək üçün marşurut xəttini də göstərir. Bu da özlüyündə turizm sektorumuza fayda verməklə yanaşı həm vətəndaşlarımız, həm də ölkəmizə səyahət edən əcnəbilər üçün xüsusi imkan deməkdir.

 

Onu da qeyd edim ki, bu kartlarla təkcə ictimai nəqliyyatda gedişhaqqını deyil, digər ödənişlər də etmək mümkündür. Bura kommunal xərclər, mağazada alış-veriş və s. kimi xərclər də daxildir".

 

 

R.Qarayeva hesab edir ki, yeni sistem məktəblilər üçün də xüsusi əhəmiyyət kəsb edir: "Hamımıza məlumdur ki, məktəbə gedərkən uşaqlara yol pulu və "cib xərci" verilir. Yeni sistem vasitəsi ilə biz bu məsələyə də asanlıqla nəzarət edə bilərik. Məsələn, gündəlik və aylıq olaraq övladımız üçün aldığımız karta məbləğ yükləyə bilərik. Bu yolla onun nəyə, nə qədər pul xərclədiyini öyrənə, həmçinin pul itirməsi, oğurlanması kimi xoşagəlməz halların qarşısını ala bilərik. Bundan əlavə, bu yolla biz onları kiçik yaşlarından elektronlaşan Azərbaycanın bir hissəsinə çevirmiş oluruq". 

 

Lamiyə SÜLEYMANLI

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox