AZ

“SQL Proqramçı” istiqaməti üzrə təlimdə iştirak üçün ərizə qəbul olunur

 

30f6ca4ba48c4359b33a63cfce98248b.png
30.07.2021 21:15

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “SQL Proqramçı” istiqaməti üzrə qısamüddətli təlim təşkil ediləcək.

 

Agentlikdən TED.az-a bildirilib ki, əsasən praktiki biliklərin verilməsinə yönələn təlim çərçivəsində iştirakçılar 2 ay yarım ərzində “SQL” dilində (Structured Query Language – əlaqəli verilənlər bazasının idarə sistemlərini idarə etmək üçün istifadə olunan sorğu dili) proqramlaşdırma, məlumat bazasının düzgün strukturlaşdırılması, sorğuların və funksiyaların tətbiqi, mürəkkəb məlumat modellərinin və hesabatların qurulmasını öyrənəcəklər. Həmçinin layihələrlə işləyərək müxtəlif bizneslər üçün data baza həlləri tapacaq və onları tətbiq edəcəklər.

 

Təlimdə iştirak etmək üçün elektron ərizə qəbulu avqustun 1-dək davam edəcək. Təlimə minimum orta ixtisas və ya ali təhsil səviyyəsini uğurla tamamlamış, kompüterdə işləmək təcrübəsi və proqramlaşdırmaya dair baza bilikləri olan şəxslər müraciət edə bilərlər.

 

Xatırladaq ki, 2021-ci ilin mart ayından etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə müxtəlif peşə təhsil mərkəzlərinin nəzdində qısamüddətli təlimlər keçirilir. Əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanan qısamüddətli təlimlərin əksəriyyətinin informasiya texnologiyaları sahəsini əhatə etməsinə baxmayaraq, digər sahələr üzrə də müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox