AZ

Pedaqoji Universitetlə Təhsilin İnkişafı Fondu arasında vahid tələbə kartına dair ilk müqavilə imzalanıb

 

327d40a19627d8ba27995e310607e3ae.jpeg
05.09.2024 11:40

Sentyabrın 4-də “TələbəPlyus” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Bu barədə TED.az-a ADPU-dan məlumat verilib.

 

Təhsilin İnkişafı Fondunun “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur.

 

İmzalanma mərasimində çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov vahid tələbə kartı yanaşmasının müsbət tərəflərindən bəhs edib. Rektor layihə üzrə ilk olaraq ADPU ilə müqavilə imzalanmasını yüksək qiymətləndirib və tələbələr üçün faydalı olacaq bu təşəbbüsə görə Fonda minnətdarlığını bildirib. Qeyd olunub ki, yeni tədris ilindən tələbələr bu kartlardan giriş-çıxış, debet, ödəniş kartı kimi istifadə etməklə yanaşı, onlara həmin kartlar əsasında endirim, güzəşt və keşbək imkanları təklif ediləcək.

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən faydalanmalarını təmin etmək, eyni zamanda, onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün Fond öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.

 

Layihə çərçivəsində ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox